Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8683/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)-4305/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş xx xxxxxxx 2006-cı il təvəllüdlü X9 oğlu və xx xxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə xx xxxx 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxxx 2006-cı il tarixdə Məhəmməd, xx xxx 2009-cu il tarixdə Səadət adlı uşaqları doğulmuşdur. Göyçay Rayon Məhkəməsinin 07 iyun 2011-ci il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, uşaqların onun yanında qalması qərara alınmışdır. Həmin vaxt o, cavabdehdən aliment tələb etməmişdir. Sonradan o, uşaqlarının atasız böyüməmələri üçün cavabdehlə münasibətlərini bərpa etmiş və onlar birlikdə yaşamağa davam etmişlər. Lakin aralarında daim mübahisələr olduğundan 2017-ci ildən yenidən faktiki olaraq ayrılmışlar. Həmin ərəfədə cavabdeh uşaqlarla vaxt keçirmək adı ilə onları özü ilə aparmış, geri qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, uşaqlar Göyçay rayonunda cavabdehin evindədirlər. O, uşaqların ona qaytarılması üçün Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, lakin məhkəmənin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Bundan sonra uşaqlar öz istəkləri ilə onun yanına gəlmiş, onunla yaşamışlar. Nikahın pozulması barədə məhkəmə qətnaməsində uşaqların onun yanında qalmaları qərara alınmışdır. O, səhhətindəki problemlərlə bağlı müalicə aldığından uşaqları saxlamağa maddi imkanı çatmır, buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 4305/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək xx xxx 2009-cu il təvəllüdlü Əliyeva Səadət Ayaz qızının 18 yaşa çatanadək saxlanması üçün Əliyev Ayaz Məhəmmədismayıl oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birgə nikahlarından doğulmuş hər iki uşaq faktiki olaraq onun himayəsində və yanında olduğu halda, ondan iddiaçının xeyrinə uşağın saxlanılması üçün aliment tutulması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili Meybulla Məcidov məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. İddiaçı izahatına əlavə olaraq bildirdi ki, onun belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi dövlət tərəfindən sosial müavinət almaqdır. Çünki səhhətində problemlər olduğuna görə müalicəyə ehtiyacı var. Uşaqları isə hal-hazırda onunla deyil, atalarının yanında qalırlar. Əgər məhkəmə tərəfindən ona aliment tutulması barədə qətnamə qəbul olunarsa, dövlət tərəfindən ona sosial müavinət təyin oluna bilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 4305/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmalıdır. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 07 iyun 2011-ci il tarixli 2(046)- 302/11 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxxx 2006-cı il təvəllüdlü X2 və 13 may 2009-cu il təvəllüdlü X3 analarının yanında saxlanması qət olunmuşdur. Həmin işə baxılarkən İddiaçı cavabdehdən aliment tələbi olmamışdır. Göyçay Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə həmin məhkəməyə müraciət edərək uşaqların Cavabdeh alınaraq ona verilməsini xahiş etmiş, iddia təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qətnamə mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, tərəflərin birgə nikahlarından olan Məhəmməd adlı uşaq faktiki olaraq atasının yanında yaşadığından iddia yalnız xx xxx 2009-cu il təvəllüdlü X5 münasibətdə təmin edilərək onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. İşin faktiki hallarından görünür ki, X7 və X6 hal-hazırda Göyçay rayonunun Çərəkə kəndində cavabdehin yanında qalırlar. Onların bütün maddi ehtiyacları ataları Cavabdeh tərəfindən ödənilir. Eyni zamanda cavabdeh uşaqların anaları ilə görüşməsinə də şərait yaradır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından doğulan uşaqların hər ikisi cavabdehin yanında olduğu və onların bütün ehtiyacları ataları tərəfindən qarşılandığı halda, iddiaçının onların saxlanılması üçün aliment tələb etməsi əsassızdır və həmin tələbin hər hansı hüquqi əsası yoxdur. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli olduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarını ətraflı araşdırmadan iddianı qismən təmin etmiş, işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir, yəni məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385.1.4 və 390-cı maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. İddia rədd edildiyindən və apellyasiya şikayəti təmin edildiyindən, apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(001)- 4305/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8683/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8683/2020
08.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver