Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8688/2020 27.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(001)-5642/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətə, iddiaçının vəkili (nümayəndəsi) X3 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 2.500.000 manat məbləğində pulun həmin MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, MMC-nin işçisi olmuş X1 MMC-yə məxsus nəqliyyat vasitəsini xx.xx.2013-cü il tarixdə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun bir neçə tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, idarə etdiyi nəqliyyat vasitəsi ilə piyadanı – iddiaçının arvadı X2 vurmuş, aldığı xəsarətlərdən sonuncu vəfat etmişdir. Bununla da, iddiaçıya mənəvi zərər dəymişdir. Movlaqulu Quliyevin təqsiri qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilmişdir. Buna görə də, iddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərər cavabdeh MMC tərəfindən ona ödənilməlidir. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş iddiaçı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödəməli olduğu halda bunu etməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsi və iddia ərizələrinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” qanunun 9.1.3-cü maddəsinə əsasən, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddır. Lakin Rayon Məhkəməsi bunu və formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardad ilə şikayətın təmin edilməməsini və şikayətin, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 108.1.1-ci maddəsinə görə, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. MPM-nin 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. MPM-nin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsi MPM-nin 152.1.5-ci maddəsinin tələblərinə cavab vermir. İddiaçı “Dövlət rüsumu haqqında” qanunun 9.1.3-cü maddəsinə istinad edərək, hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır. Həmin maddənin tələblərinə görə şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barədə iddialar üzrə dövlət rüsumu ödənilmir. Qeyd edilən maddənin mənasından görünür ki, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə görə məhkəmədə iddia qaldıran şəxs məhz şikəst olmuş və ya xəsarət almış şəxs olduqda o, dövlət rüsumunun ödəməkdən azaddır. İkincisi, xəsarət almış şəxs öldükdə və o, ailəni dolandıran olduqda, onun ailə üzvü bununla əlaqədar məhkəmədə iddia qaldıranda dövlət rüsumunun ödəməkdən azaddır. Bu mənada müzakirə edilən məsələnin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı bədbəxt hadisə nəticəsində arvadının ölümü nəticəsində ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etsə də, mərhumun, sağlığında ailəni dolandıran şəxs olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qəbul etdiyi qərardad əsaslı və qanunidir; şikayətin dəlilləri əsassızdır; qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8688/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8688/2020
27.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver