Məhkəmə qərarları › İş №2(103)-8697/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8697/2020

10.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8697/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X3 nümayəndəsi X6 iştirakı ilə X3 Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 Samid Vahid oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahlarından xx xxxxxx 2020-ci il tarixdə Milay adını verdikləri uşaqlarının dünyaya gəldiyini, münasibətləri pozulduğundan cavabdehin ailənin ehtiyaclarına köməklik etmədiyini bildirmiş, buna görə də cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat alimentin, həmçinin uşaq 3 yaşına çatanadək özünün saxlanılması üçün hər ay 170 manatın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından doğulmuş xx xxxxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi, xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il təvəllüdlü X5 üç yaşına çatanadək Cavabdeh iddiaçı X3 xeyrinə hər ay 50 (əlli) manat alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini 454 manat əmək haqqı aldığı və qazancının ¼ hissəsi miqdarında aliment ödəməli olduğu, sabit pul məbləğində 170 manat aliment ödəməyə etiraz etməsə də, uşağın 3 yaşına çatmasınadək ondan aliment tutulmasının qanunsuz olduğu arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında toplanmış sübutları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi “uşaq üç yaşına çatana kimi hər ay 50 (əlli) manatın tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, tərəflər xx xxxxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından xx xxxxxx 2020-ci il tarixdə Milay adını verdikləri uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin faktiki olaraq ailə münasibətləri kəsilmişdir və “xxxx” ASC-nin Bakı Sukanal İdarəsində təmirçi çilingər vəzifəsində işləməklə 454 manat əmək haqqı alan cavabdeh ailənin təminatında iştirak etmir. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə isə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını, həmçinin cavabdehin özünün sabit pul məbləğində 200 manat aliment ödəmək istədiyini bildirməsini nəzərə alan birinci instansiya məhkəməsi uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində 170 manat aliment tutmaqda haqlı olmuşdur. Çünkü cavabdehin ayda 454 manat təşkil edən maaşının ¼ hissəsi 113 manat olmaqla uşağın minimum təminat səviyyəsi baxımından onun mənafelərinə uyğun deyildir. Bununla belə kollegiyanın qənaətinə görə məhkəmə, “uşaq 3 yaşına çatanadək hər ay 50 (əlli) manatın cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” nəticəsinə gələrkən, tərəflərin maddi və ailə vəziyyəti ilə bağlı qanunvericiliyin müəyyənləşdirdiyi prinsipləri nəzərə almamışdır: Belə ki, Ailə Məcəlləsinin 84.2-ci maddəsinə görə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 86-cı maddəsinə görə isə, ər-arvad arasında saziş olmadıqda, ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – xüsusilə keçmiş ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı işin hallarından aydın olur ki, iddiaçı baxımından həmin şərtlər mövcuddur; o, işləmədiyi və azyaşlı uşağa baxdığı üçün məhkəmə onun müvafiq tələbini qismən əsaslı hesab etmişdir. Bununla belə kollegiya hesab edir ki, cavabdehin aylıq qazancının 454 manat təşkil etdiyi və uşağın saxlanılması üçün 170 manat aliment ödəməli olduğu nəzərə alınadığında, ondan arvadının saxlanılması üçün əlavə 30 manat tutulması ədalətli hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz; həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5344/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi “xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il təvəllüdlü X5 üç yaşına çatanadək Cavabdeh iddiaçı X3 xeyrinə hər ay 50 (əlli) manat alimentin tutulması” hissəsində dəyişdirilsin. xx xxxxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2020-ci il təvəllüdlü X5 üç yaşına çatanadək Cavabdeh iddiaçı X3 xeyrinə hər ay 30 (otuz) manat aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar