Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-87/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsindən İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC və maraqlı şəxs “xxxx” ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)- 283/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, dəymiş ziyanın əvəzi olaraq 119956.25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən alınması və İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq, dövlət büdcəsinə köçürülməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin “xxxx” ASC-dən alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsizdir. Belə ki, məhkəmə mənəvi ziyanın ödənilməsi hissəsində, eləcə də əlavə xərclərlə bağlı hissədə əsassız olaraq onun iddia tələbini təmin etməmişdir. Eləcə də həmin qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin baş vermə səbəblərini əks etdirən, bir-birini təkzib edən iki mühüm rəy vardır. Belə ki, “xxxx” MMC tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mənzildə yaranan çatların səbəbi su təchizatı xəttində baş vermiş qəza deyil, fərdi yaşayış evinin tikinti normalarına uyğun olaraq inşa edilməməsidir. Yəni, fərdi yaşayış evi həmin nasazlıq baş verməmişdən əvvəl qəzalı vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentli “Azkommunlayihə” KLİ tərəfindən verilmiş rəyə əsasən, yaşayış evində yaranmış çatlar əsasən 02.04.2017-ci tarixində su təchizat xəttində baş vermiş qəzadan sonra yaranmışdır. Belə ki, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki mexaniki xüsusiyyətini dəyişmişdir. Bunun nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözügedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Məhkəmə bu iki rəy arasında ziddiyyətli məqamların aradan qaldırılması üçün heç bir addım atmamış, həmçinin maraqlarına toxunulan üçüncü şəxsin təkrar ekspertiza ilə bağlı vəsatətini rədd etmiş, qətnamədə bu barədə qeyd aparılmamışdır. Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentli “Azkommunlayihə" KLİ tərəfindən verilmiş rəydə həmçinin qeyd edilir ki, su təchizat xəttində baş vermiş qəza nəticəsində su “binanın” kürsü hissəsinə dolaraq qruntun fiziki mexaniki xüsusiyyətlərini dəyişir. Binanın kürsü hissəsinə dolan suyun binadan xeyli uzaq məsafədə yerləşən fərdi yaşayış sahəsi olan daşınmaz əmlakın yükdaşıyan divarlarında çatlar yaratması nə dərəcədə mümkündür? Əgər, mümkündürsə, qeyd olunan daşınmaz əmlakla eyni yerdə yerləşən digər əmlaklarda çatlar niyə yaranmamışdır? Bu qədər açıq və cavabsız sualların mövcudluğu belə məhkəmənin gəldiyi nəticəyə təsir göstərməmişdir. Bundan əlavə, dəymiş ziyanın əvəzinin cavabdehdən (sığortaçıdan) tutulması Mülki Məcəllənin sığorta və mülki hüquq pozuntuları fəslinin normalarına ziddir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə maraqlı şəxs “xxxx” ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X8 öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kolegiyasi hesab edir ki, apelyasiya sikayətləri qətnamənin ləğvinə yönəldildiyindən, qətnamə tam yoxlanılmalıdir. Kollegiya apelyasiya şikayətlərinin dəlillərini, tərəflərin apelyasiya icraatındakı izahatlarını, iş materiallarındakı sübutları əlaqəli təhlil edib hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC ilə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş əlavə zərərə görə 116548 manat məbləğinin, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğinin, əlavə xərclərin (qiymətləndirmə ekspertizaları, dövlət orqanlarına müraciət və s.) əvəzi olaraq 3000 manat məbləğinin onun xeyrinə, habelə ödənilmiş 31 manat dövlət rüsumunun ASC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20 iyul 2016-cı il tarixində “xxxx” ASC və onun arasında 1 (bir) il müddətinə BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi” bağlanmışdır. Bu Müqavilə üzrə ona məxsus olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdeh tərəfindən sığortalanmışdır.2017-ci ilin yanvar ayının sonunda evin daxili divarlarından suyun sızdığını görüb, dərhal usta gətirmişdir. Usta suyun təzyiqi nəticəsində partlayışın baş verdiyini bildirdi və suyun axmasının qarşısını almışlar. Fevral ayının əvvəlində isə küçədən suyun qaynadığını görüb, dərhal “xxxx” ASC-nin 955 qaynar xəttinə məlumat vermişdir. 2017- ci ilin aprel ayında evin divarlarında çatların əmələ gəldiyini görmüş və bu barədə dərhal cavabdehə məlumat vermişdir. 29 aprel tarixində hadisə qeydə alınmışdır. Cavabdeh tərəfindən baxış keçirildikdən sonra ona sığorta müqaviləsinin ancaq yanğın hadisələrini əhatə etdiyi və istilik sistemi kimi istifadə olunan samovarın düzgün yerdə yerləşmədiyinə görə su sızması olduğunu və bunun sığorta hadisəsi hesab olunmadığı bildirilmişdir.“xxxx” ASC-nin ona ünvanlanan 19 iyun 2017-ci il tarixli 07/03-3/1/10034 saylı cavab məktubunda qeyd olunmuşdur ki, həqiqətən tərəfindən “xxxx” ASC- yə evin yaxınlığında yerləşən boru ilə əlaqəli müraciət edilmiş və su təchizatı xəttində baş vermiş qəza dərhal aradan qaldırılmışdır. Bundan sonra cavabdeh şifahi qaydada 6250 manat məbləğində sığorta ödənişi edə biləcəyini ona bildirmişdir. X6 Palatasının məsləhəti ilə 08 iyun 2017-ci il tarixində evə dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət etmiş və həmin qiymətləndirmə şirkəti evə dəymiş zərərin 31100manat olmasını müəyyən etdi. Lakin cavabdeh ekspertizanın rəyi ilə razılaşmadı və ona evi özlərinin təmir edəcəklərini bildirdilər. O, bu təklif ilə razılaşmış, lakin təmirin hansı məbləğdə ediləcəyi ona bildirilmədi.2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq, həmin evi sığortalanması ilə bağlı cavabdeh ilə həm könüllü, həm də icbari sığorta müqavilələri imzalamışlar. Sonra cavabdeh tərəfindən “xxxx” LLC Azerbaijan şirkəti evdə əmələ gələn çatların hansı səbəbdən yaranması ilə bağlı müraciət edilmiş və bu şirkətin rəyində çatların yaranma səbəbi kimi evin düzgün inşa edilməməsi göstərilmişdir. Cavabdeh tərəfindən sığorta ödənişin vaxtında edilməməsi və evin təmir edilməməsi səbəbindən, 2017-ci avqust ayında həmin çatlar böyüməyə başladı, evin qapı və pəncərələri sıxıldı və evə dəymiş zərər artmağa başladı.Çatların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ-nin 15.12.2017-ci il tarixli rəyində göstərilmişdir ki, araşdırma aparılan zaman fərdi yaşayış evi qəzalı vəziyyətdədir və bunun səbəbi su borusunnan sızan su və evin vaxtında təmir edilməməsidir. Çatların əmələ gəlməsindən sonra bərpa gücləndirmə işləri aparılmadığından evin qəzalı vəziyyətə düşdüyü bildirilmişdir.22.12.2017-ci il tarixində həmin rəyi cavabdehə təqdim etmiş və 7 iş günüərzində sığorta ödənişinin verilməsini tələb etmişdir. Lakin cavabdeh yenə öhdəliyini yerinə yetirmədi və o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmişdir. Qiymətqoyma mərkəzi öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141548.38 manat məbləğində olduğunu qeyd etmişdir. O, həmin zərər aktını cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin məbləğlə razılaşmayaraq yenidən 29.03.2018-ci il tarixində 6260 manat məbləğ ödəyə biləcəklərini bildirdilər. Bu məbləğin isə faktiki dəymiş zərərdən dəfələrlə az olduğundan 30.03.2018-ci il tarixində yenə onlara həmin məbləğlə razilaşmadığını bildirdi.Ona və “xxxx” ASC-yə ünvanlanmış 13.04.2018-ci il tarixli məktublarında hər üç tərəfin iştirakı ilə evə dəymiş zərərin yenidən qiymətləndirilməsinin keçirilməsini tələb etmişdir. Lakin həmin məktubda cavabdeh qeyd etmişdir ki, qiymətləndirmə ilə razılaşmaya bilər. Göründüyü kimi sığorta hadisəsi baş verən andan 1 (bir) ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona sığorta ödənişi edilməmiş, işin araşdırılması və digər müxtəlif bəhanələr ilə sığorta ödənişinin edilməsi yubadılmış və bunun nəticəsində ona həm maddi həm də mənəvi zərər dəymişdir. İddiaçı birinci instansiya məhkəməsində və apelyasiya icraatında iddia tələbinə uyğun izahatlar vermiş, apelyasiya şikayətinin dəlillərini də iddia tələbinə uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi iddianı qismən qəbul etmələrini bildirsə də, iddianı hansı hissədə, hansı məbləğdə qəbul etməsini əsaslandırmamışdır. Apelyasiya icraatında iştirak edən cavbdehin nümayəndəsi izahatında apelyasiya şikayətində göstərdiklərini müdafiə etdiklərini bildirərək, həmçinin qeyd etdi ki, iddiaçı ilə 20 iyul 2016-cı il tarixdə “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi” bağlanmış və həmin sığorta müqaviləsinin qüvvədə olduğu vaxt ərzində sığorta hadisəsi baş verdiyindən, həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə sığorta ödənişini ödəməyə razı olduqlarını və buna görə də iddia tələbinin qismən təmin edilməsinə etiraz etmədiklərini bildirdi. İş materiallarında olan «Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsindən» görünür ki, X4 məxsus ünvan 2 ev «xxxx»ASC tərəfindən 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək 25000 manat məbləğində sığortalanmış, azad olma məbləği 250 manat təşkil etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 07/03- 3/1/10034 saylı məktubundan görünür ki, iddiaçının ASC-yə müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanının yaxınlığında su təchizatı xəttində baş vermiş qəza ilə bağlı 04.02.2017-ci il, saat 11:14-də Qaynar xətt (955) mərkəzinə edilmiş müraciət əməkdaşlar tərəfindən qeydiyyata alınmış və tədbir görülməsi məqsədilə aidiyyəti üzrə tapşırıq verilmişdir. Tapşırıq əsasında Xətai rayon Sukanal idarəsinin Su və Kanalizasiya şəbəkələri istismarı sahəsinin nümayəndələri tərəfindən su təchizatı xəttində baş vermiş qəza dərhal aradan qaldırılmışdır. İş materiallarında olan, 08.06.2017-ci iltarixli «zərər aktından» aydın olur ki, X4 məxsus ünvan 2 evə dəymiş zərərin məbləği 31100 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” K.L institutu ilə İddiaçı arasında bağlanmış 29.11.2017-ci il tarixli 3776 saylı müqaviləyə əsasən “Azkommunlayihə” K.L institutunun mühəndisləri Madər Nəbiyev, Elçin Abdullayev və Asiman Muradovun iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanda yerləşən İddiaçı qızma məxsus 2 mərtəbəli fərdi yaşayış evinə texniki baxış keçirilmişdir. Fərdi yaşayış evi 1996-cı ildə, sərt yamacda, mürəkkəb şəkilli, planda kənar oxlar üzrə ölçüləri 20,0x11,15m olmaqla 1 və 2 mərtəbəli inşa edilmişdir. Belə ki, bina А-Е-1-2 oxları arasında 1 mərtəbəli digər oxlar arasında isə 2 mərtəbəli inşa edilmişdir. Binanın bünövrəsi lentvari olmaqla en kəsik ölçüləri 400x400(h)mm monolit dəmir betondan, yük daşıyan divarlar isə 20sm qalınlığında mişarlanmış əhəng daşından inşa edilmişdir. 1 və 2-ci mərtəbənin örtüyü monolit olmaqla daxilini armatur, metal boru və bucaqlıqlar təşkil edir. Baxış zamanı 1 və 2-ci mərtəbələrin əsas yükdaşıyan divarlarında çox saylı keçici çatlar müşahidə olunmuşdur. Keçici çatlar qapı və pəncərə boşluqlarında olduğundan həmçinin divar deformasiyaya uğradığından qapı və pəncərələrin açılıb bağlanması çətinləşmişdir. Bünövrənin qeyri bərabər çökməsi nəticəsində yükdaşıyan divarların üzərində yerləşən monolit dəmir beton kəmərlərdə çatlar müşahidə olundu. Tərəflərindən çatlara mayaklar qoyulmuş və mütəmadi olaraq yoxlamalar aparılan zamanı mayaklarda dəyişikliklər müşahidə olunmuşdur. Fərdi yaşayış evində yaranmış çatlar əsasən 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində “xxxx” ASC-nin 07/03-3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmışdır. Belə ki, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon MKTB 85 saylı MKİS tərəfindən verilmiş 09.06.2017-ci il tarixli, 731№-li arayışdan görünür ki, İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evinə 26.01.2017-ci il tarixdə Xətai rayon 85 saylı MKİS-də tərtib edilmiş akta əsasən onun evində su xəttində baş vermiş qəza nəticəsində mənzilə su axaraq ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon MKTB və 85 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 06.09.2017-ci il tarixli Aktdan görünür ki, İddiaçı məxsus ünvan 2 fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin fasadında, birinci mərtəbəsində, dəhlizdə, hamamda, mətbəxdə çatlar olduğu, hamamın döşəməsinin yataraq çatladığı, mətbəxdən həyətə çıxan qapının çökmə nəticəsində açılıbbağlanmadığı, ikinci mərtəbədə dəhlizdə, mətbəxdə çatlar olduğu, ikinci mərtəbədə olan giriş qapısının çökmə nəticəsində açılıb-bağlanmadığı, evdə olan çatların gündəlik genişlənməsi müşahidə olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən verilmiş 29.08.2017-ci il tarixli arayışına əsasən, ünvan 2 ünvan maili yamacın aşağı hissəsində, 40°21'34", 49°57'43" koordinatlarında və 2014-cü ildə hazırlanmış “Abşeron yarımadasında sürüşmə sahələri” albomuna daxil edilmiş sürüşmə sahələrinin konturlarından kənarda yerləşir. Mövsüm ərzində əraziyə düşən atmosfer yağıntıları və texnogen mənşəli suların yamac boyu süzülərək həmin ünvanın yerləşdiyi ərazidə toplanması səbəbindən və texnogen amillərin təsirindən torpaq qatında kiçik çatlar və deformasiyalar müşahidə olunmuşdur. Təbii və texnogen amiilərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılır. İş materiallarında olan “xxxx” ASC-nin 13 aprel 2018-ci il tarixli məktubundan, görünür ki, iddiaçının ASC-yə müraciətinə cavab olaraq bildirilmişdir ki, əmlaka dəymiş zərər tərəflərindən 6260 (altı min iki yüz altmış) manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 20368 saylı “məhkəmə mühəndis-texniki ekspertizasının” keçirilməsinə dair rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 29.08.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində “xxxx” ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. İş materiallarında olan ekspert Ş.Hüseynov, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi O.Qurbanov və İddiaçı tərəfindən tərtib edilmiş 09.10.2018-ci il tarixli Aktdan görünür ki, tədqiq olunan ünvan 2 fərdi yaşayış evinə baxış keçirilən zaman fərdi yaşayış evinin ümumi sahəsi 214,5 kv.m olmaqla, 1-ci mərtəbənin 2 saylı otağının giriş qapısına əks olan divarda 4,5 kv.m hissədə çatlar və döşəmədə çökmələr müşahidə olunur. Fərdi yaşayış evi monolit beton konstruksiyalı örtüklü olub, mişar daşından inşa edilmişdir. Evin birinci mərtəbsinin bütün otaqlarında çatlar aşkar edildi. Bununla yanaşı eyni sahəsi olan 2-ci mərtəbədə də yerləşən otaqlarda çatların olduğu müəyyən edildi. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş 30.05.2017-ci il tarixli hesabatdan görünür ki, əmlaka dəymiş zərər tərəflərindən 6260 (altı min iki yüz altmış) manat müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 18 avqust 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçının ASC-yə müraciətinə cavab olaraq bildirilmişdir ki, yaşayış evinin divarlarında əmələ gəlmiş çatların səbəbi tikilidə yol verilən ciddi tikinti qayda və texnologiya pozuntuları olmuş və subasma hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Beləliklə, yaşadığınız evin divarlarında əmələ gəlmiş çatlar sığorta hadisəsi nəticəsində meydana gəlmədiyindən, “xxxx” ASC bu zərər üzrə heç bir məsuliyyət daşımır. Lakin evinizdə baş vermiş subasma hadisəsi nəticəsində divarlarda yaranmış nəmişlik sığorta hadisəsi hesab edilmiş və bu sığorta hadisəsi üzrə əmlaka dəymiş zərər “xxxx” MMC tərəfindən 563 manat müəyyən edilmişdir. Qüvvədə olan sığorta müqaviləsinin şərtlərinə əsasən 250 manat məbləğində azadolma tətbiq edildiyindən, sizə 313 manat məbləğində sığorta ödənişi təyin edilmişdir. İş materiallarında olan «Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsindən» görünür ki, X4 məxsus ünvan 2 ev «xxxx»ASC tərəfindən 20 iyul 2017-ci il tarixdən 19 iyul 2018-ci il tarixədək 25000 manat məbləğində sığortalanmış, azad olma məbləği 250 manat təşkil etmişdir. İş materiallarında olan “xxxx” ASC-nin 12 sentyabr 2017-ci il tarixli məktubundan görünür ki, iddiaçının ASC-yə müraciətinə cavab olaraq bildirilmişdir ki, baş vermiş hadisə əmlakınızın sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Belə ki, sığorta hadisəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya sığorta olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən “xxxx” ASC bu hadisə ilə əlaqədar ortaya çıxmış zərərə görə məsuliyyət daşımır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 10/3610 saylı “əlavə məhkəmə tikinti-texniki ekspertizasının” keçirilməsinə dair rəyindən müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bünövrəsində çökmələr, yükdaşıyan divarlarında iki tərəfli (keçici) çatların olduğu müəyyən edilir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 04.02.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində “xxxx” ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin sığorta məbləğinin ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçının “xxxx” ASC ilə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 saylı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması” tələbinə dair iddiası həmin hissədə təmin edilə bilməz. Belə ki, 20 iyul 2017-ci il tarixində iddiaçı ilə “xxxx” ASC arasında əmlak sığortası üzrə sığorta müqaviləsi bağlanmışdır. 28 avqust 2017-ci il tarixində iddiaçı ASC-yə müraciət edərək sığortalanmış yaşayış evinə zərər dəyməsi barəsində məlumat vermişdir. Lakin 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş subasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən iddiaçının yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Sığorta hadisəsi Azərbaycan Respublikası MM-nin 922.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarına və yasığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin dəymiş zərərin ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, iddiaçı həmin tələbinin təmin edilməsi üçün məhkəmə baxışı zamanı təyin edilmiş “məhkəmə mühəndis-texniki ekspertizasının” 26 noyabr 2018-ci il tarixli 20368 saylı rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş 15.12.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş 29.08.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar 04.02.2017ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində “xxxx” ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin 22.02.2018-ci il tarixli 37/36-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Bu səbəbdən məhkəmə 26 noyabr 2018-ci il tarixli 20368 saylı rəyini MPM-nin 101.3-cü maddəsinə əsasən sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən vurulmuş zərərin məbləği məhz 119956.25 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, iddiaçının həmin tələbinin təmin edilə bilməsi üçün mötəbər sübutlar təqdim etmədiyindən, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 1114, 925, 21.1 və 23-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri və qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmayan hesab edir və qeyd edir ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş (MPM-nin 384, 385, 390), bununla da maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmədiyindən, qətnamə qanuni və əsaslı hesab edilmir. Belə ki, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi baş vermiş hadisəni sığorta hadisəsi kimi qəbul etməmiş, lakin zərərin tutulmalı olması barədə nəticəyə gəlmiş, bununla da sığorta təminatı ərzində baş verməyən hadisəyə görə zərərin tutulmalı olması barədə gəldiyi nəticə əsaslı olmamışdır. Kollegiya ilk növbədə sığorta ödənişinin və dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 886-cı maddəsinə əsasən sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda nəzərdə tutulmuş cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. Həmin Məcəllənin 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. Həmin Məcəllənin 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Həmin Məcəllənin 899.1.1-ci maddəsinə əsasən sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 923-cü maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Məcəllənin 924.1-ci maddəsinə əsasən sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 925.4-cü maddəsinə əsasən sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Həmin Məcəllənin 925.5.1-ci maddəsinə əsasən zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; Həmin Məcəllənin 925.5.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə; Həmin Məcəllənin 925.5.3-cü maddəsinə əsasən digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda. Həmin Məcəllənin 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Kollegiya işin materiallarında olan sübutları, tərəflərin izahatlarındakı dəlillərini, qeyd edilən maddi hüquq normalarının tələblərinə uyğun qiymətləndirib, müəyyən edir ki, iddiaçı X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən yaşayış evi (daşınmaz əmlak) BA648444 saylı, 20.07.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə 25000 manat sığorta haqqı müqabilində “xxxx” ASC tərəfindən sığortalanmışdır. İddiaçı qeyd edilən ünvanda ümumi su xəttində baş vermiş partlayış nəticəsində daşınmaz əmlaka dəymiş ziyana görə sığorta ödənişinin edilməsi üçün cavabdehə sığorta tələbilə müraciət etmişdir (işin bu halını cavabdeh mübahisələndirmir). Lakin sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu üçün sığorta ödənişi həyata keçirilməmişdir.Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apelyasiya məhkəməsində verdiyi izahatlarda sığorta hadisəsinin baş verdiyini qəbul edərək, iddianı qismən qəbul etmişdir. Kollegiya işin müəyyən edilmiş göstərilən hallarına əsaslanaraq hesab edir ki, sığorta hadisəsi baş vermiş və cavabdeh sığorta hadisəsinə görə 20.07.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta müqaviləsinə görə süğorta ödənişi üçün məsuliyyət daşıyır. Kollegiya iddia tələbinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı hesab edir ki, həmin tələb də əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1114-cü maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan kollegiya hesab edir ki. iddia tələbi həmin hissədə əsaslıdır. Ona görə də cavabdeh sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərəri ekspertiza rəyləri ilə müəyyən edilmiş həddə , yəni, 119956,25 manat məbləğində iddiaçıya ödəməlidir. Kollegiya iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir.Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Həmçinin, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında deyilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya hesab edir ki, iddiaçı 2017-ci ilin fevral ayından pozulmuş hüquqlarının bərpası üçün müraciət etsə də, hüququ bərpa olunmamış, qəzalı vəziyyətdə olan yaşayış sahəsindən istifadə edə bilməmiş və bunun nəticəsində də mənəvi iztirab və sarsıntı keçirmişdir. Bu da cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermişdir. İddiaçının mənəvi zərərin əvəzi kimi 10000 manat tələb etməsini kollegiya ağlabatan hesab etmir. Kollegiya işin hallarını nəzərə alaraq, mənəvi zərərin 2000 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir və eyni zamanda hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin əlavə xərclərin (dövlət orqanlarına müraciət, qiymətləndirmə ekspertizası və s.) əvəzi olaraq 3000 (üç min) manat məbləğinin ödənilməsi hissəsini də kollegiya əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə tələb olunan məbləğin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124-cü maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd edilən prosessual qanunvericiliyin tələblərinə əsasən kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi qəbzlər əsasında iddia tələbində tələb etdiyi əlavə xərclərə görə 3000 (üç min) manat cavabdehdən tutulub, iddiaçıya ödənilməlidir. Həmçinin kollegiya hesab edir ki, 26.11.2018-ci il tarixli ekspertiza tədqiqatına görə 50 manat, 12 mart 2021-ci il tarixli ekspertiza tədqiqatına görə 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Ekspertiza Mərkəzinə ödənilməlidir. İddiaçının apelyasiya məhkəməsinə təqdim etdiyi ərizədə göstərdiyi 12000 manat kirayə haqqı, 5436,20 manat əlavə xərclərlə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının iddia tələbində kirayə haqqı və ərizədə göstərdiyi əlavə xərclər tələb edilmədiyindən, həmin ərizənin təmin edilməsi üçün əsaslar yoxdur. Kollegiya eləcə də qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat məbləğində pul Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı və cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 yanvar 2019-cu il tarixli, 2(006)-283/2016 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “xxxx” ASC və maraqlı şəxs “xxxx” ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və s. barədə iddiası qismən təmin edilsin. Dəymiş ziyanın əvəzi olaraq 119956.25 (bir yüz on doqquz min doqquz yüz əlli altı manat iyirmi beş qəpik) manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat, əlavə xərclərə görə ödənilmiş 3000 (üç min) manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 125006,25 (yüz iyirmi beş min altı manat iyirmi beş qəpik) məbləğində pul vəsaiti cavabdeh “xxxx” ASC-dən alınaraq iddiaçı X4 verilsin. Cavabdeh “xxxx” ASC-dən 150 (yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-87/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-87/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver