Məhkəmə qərarları › İş №2(103)-8708/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8708/2021

13.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8708/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci tarixli 2(001)-1120/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaşadığı evdə ona məxsus olan cehiz və şəxsi əşyalarının, qızıl-zinət əşyalarının və həmin əmlaklar olmadıqda, onların dəyərinin, 30 manat ödənilmiş dövlət rüsumunun və əşyaların daşınması üçün tələb olunan xərcin yarısının, yəni 150 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə münasibətləri qayınanasına görə pisləşmişdir. Cavabdehin evində yaşadığı son gün qayınanası onu və ailə üzvlərini təhqir etmiş, sonra üstünə cumaraq onu boğmağa çalışmışdır, birtəhər qardaşına zəng vuraraq yaşadığı ünvana çağırmış, qayınanası qardaşının yanında da ona hücum etmiş, o da məcbur qalaraq evdən əynində olan ev paltarları ilə çıxıb getmişdir. O gündən ailəsinin evində yaşayır. Qax Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Bundan sonra ona məxsus əşyaları cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh tərəf onları verməkdən qərəzli şəkildə imtina etmiş, hətta cavabdeh telefon danışığında etiraf etmişdir ki, ona məxsus qızıl-zinət əşyalarını ona qaytarmamaq üçün anası Məryəm Şamxalovaya vermiş, eyni zamanda ona məxsus xəzi də otağından götürüb satmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçı ona məxsus olan və mövcudluğu cavabdeh tərəfindən etiraf edilən bir sıra əmlakları cavabdehdən götürmüş və mübahisəli olaraq yalnız qızıl-zinət əşyaları (üzük-çəkisi 5.3 qram, 750 əyar, üzərində olan belgiya brilyantı 1,05 karat, hazırki bazar qiyməti-1460 manat; boyunbağı-çəkisi 3,05 qram, 750 əyar, üzərində olan belgiya brilyantı 0,60 karat, qiyməti 1260 manat; sırğa-çəkisi 5 qram, 750 əyar, üzərində olan belgiya brilyantı 1,20 karat, qiyməti 1650 manat; komplekt-çəkisi 29,61 qram, 750 əyar, üzərində olan belgiya brilyantı 6,30 karat, qiyməti 8000 manat), “Femina” markalı xəz palto və “ADL” markalı palto qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci tarixli 2(001)-1120/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh dəyəri 503,50 manat olan 750 əyarlı brilyant qaşlı üzük, dəyəri 289,75 manat olan 750 əyarlı brilyant qaşlı boyunbağı, dəyəri 475 manat olan 750 əyarlı brilyant qaşlı sırğa, dəyəri 2812,95 manat olan 750 əyarlı brilyant qaşlı komplekt, dəyəri 4000 manat olan “Femina” markalı xəz, dəyəri 150 manat olan “Adl” markalı palto və ya onlar olmadığı təqdirdə dəyəri, ödənilmiş 30 manat dövlət rüsumu və daşınma xərcinin 200 manat hissəsinin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, iddiaçı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırda apelyasiya baxışının predmetini qətnamənin qismən yoxlanılması təşkil edir. Belə ki, iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş edərək, iddianın təmin edilmiş hissəsində qətnaməni mübahisələndirmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı qızıl-zinət əşyalarını və şəxsi əşyalarını tələb edir. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət və digər əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası nəzərə alır ki, tələb olunan qızıl-zinət, şəxsi geyim əşyalarının mövcudluğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə isə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, tərəflər arasında tələb olunan qızıl-zinət və şəxsi geyim əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması mübahisə doğurmamışdır. Cavabdeh tərəf iddiaçının əl çantasında saxladığı qızıl-zinət əşyalarını da götürərək getdiyini bildirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, “11.11.2019-cu il tarixdə iddiaçı evdə dava saldı, onu təhqir etdi, qızı Gülnarə Şamxalovanı isə itələyib yerə yıxdı. Qızı yıxılanda huşunu itirdi, onlar təcili yardım çağıdrdılar, iddiaçı isə bundan istifadə edərək əl çantasında olan qızılzinət əşyalarını da götürərək çıxıb getdi. Qızıl komplektin dəyəri 2200 manat, həri üzüyünün 450 manat, qızıl sepin kulonu ilə birlikdə 200 manat, qızıl sırğa isə 300 manat dəyərində olub. Onların heç biri brilyant qaşlı olmamış, qaşların hamısı xrustal idi. Həmin qızılları dükandan almamış, zərgərə düzəltdirmişlər. Xəzə qalanda isə, həmin xəz təzə olmayıb, ikinci əldən dəyəri altı ay müddətində ödənilməsi şərtilə 700 manata alınmışdır. Lakin sonradan malın sahibi pulun hissə-hissə ödənilməsinə razı olmadığından, iddiaçının razılığı ilə xəz geri qaytarılmışdır. Bundan əlavə iddiaçı iddia ərizəsində blender tələb etməsinə baxmayaraq, cehiz əmlakları sırasında blender olmamış, heç onun özündə də blender yoxdur. İddiaçı cəmi bir ayın gəlini olub. Evdən gedəndə əynində üst geyimi, əlində isə əl çantası olmuşdur.” Şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, “iddia ərizəsində bütün qiymətlər şişirdilmiş formada qeyd olunub. İddiaçı qızıl-zinət əşyalarını həmişə əl çantasında gəzdirirdi. İstənilən yerə gedəndə həmişə qızıl-zinət əşyalarını özü ilə götürürdü. Evdə mübahisə düşən gün də qızıl-zinət əşyalarını əl çantasında götürüb aparmışdır. İş materiallarına əlavə edilmiş şəkillərdə olan qızıllar onların iddiaçıya hədiyyə etdiyi qızıllar deyil, oxşar qızıllardır. Onların evində qızıl-zinət əşyalarının saxlanılması üçün hər hansı xüsusi yer yoxdur. Hərə öz qızıllarını özündə saxlayır.” Şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, “o, iddiaçının bibisi qızıdır. Xınayaxdı mərasimində iştirak etmişdir. Həmin gün cavabdeh tərəf xonçalarını gətirmişdir. Xonçalar bir-bir açıldı və xonçaların içində olanlar hamıya göstərilmişdir. Oğlan evinin gətirdiyi qızıl-zinət əşyaları və xəzi də digər əşyalarla yanaşı görmüşdür. Xəzin etiketi üzərində idi. Firması “Femina” idi, qiymətinin isə 7000-7500 manat civarında olması deyildi. Qızıl komplekt ağ qızıldan idi, qiyməti isə 6800 manat deyilmişdir. Kompletdə bir cüt sırğa, üzük, qolbaq və sep daxil idi. Qaşlarının brilyant olması da, digər əşyaların qiymətləri kimi oğlan evi tərəfindən deyilmişdir. Qız özü qızılların alınmasında iştirak etməmiş, qızıllar onsuz alınmışdır.” Göründüyü kimi, tərəflərin toyu 10.08.2019-cu il tarixdə olmuş, 11.11.2019-cu il tarixdə isə iddiaçı mübahisəli şəkildə gecəynən evdən çıxıb getmişdir. Bu şəkildə evi tərk edərkən iddiaçının qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hesab edilmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının brilyant daşlarla bəzədilən komlepkt dəsti daimi üzərində gəzdirməsi və ya saxlaması inandırıcı görünmür. Belə olan halda isə onun qeyd edilən qızıl-zinət əşyalarını götürməsi və hazırda həmin əşyaların onda olması ağlabatan mühakimə əsasında inandırıcı deyildir. “Femina” markalı xəzlə əlaqədar Məhkəmə qeyd etmişdir ki, hər iki tərəfin də bildirdiyinə görə, həmin xəz iddiaçıya toy ərəfəsində hədiyyə olunsa da, sonradan onun sahibliyindən çıxmış və alınan yerə geri qaytarılmışdır. Bu iddiaçının ər evində olduğu cəmi 3 ay müddətində baş vermiş və iddiaçının iradəsinə uyğun və onun icazəsi ilə baş verməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh həmçinin, iddiaçının evdən gedərkən “Adl” markalı paltonu özü ilə aparmasını qeyd etsə də, bu hal da sübuta yetirilməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, tələb edilən həmin əşyaların mülkiyyətçisi iddiaçıdır. Kollegiya məhkəmənin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələbinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassızdır. Tələb edilən əşyaların dəyərinə münasibətdə isə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilmiş və 29.04.2021-ci il tarixli, 9/1543 nömrəli ekspert rəyində göstərilmişdir ki, 750 əyarlı brilyant qaşlı üzüyün dəyəri 503,50 manat, 750 əyarlı brilyant qaşlı boyunbağının dəyəri 289,75 manat, 750 əyarlı brilyant qaşlı sırğanın dəyəri 475 manat, 750 əyarlı brilyant qaşlı komplentin dəyəri 2812,95 manat, “Femina” markalı xəzin dəyəri 4000, “Adl” markalı paltonun dəyəri isə 150 manatdır. Məhkəmə də haqlı olaraq qiymətləri ekspert rəyinə uyğun müəyyən etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə doğru qənaətə gəlmişdir; apelyasiya şikayətində göstərilənlər qətnaməni qanunsuz və əsassız saymaq, habelə onu ləğv etmək üçün əsas deyil. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli 2(001)- 1120/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar