Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8712/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-464/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı və Cavabdeh arasında bağlanmış 13.10.2014-cü il tarixli 1 saylı Bakı Asan xidmət mərkəzi şöbəsində 2410 № li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 25.11.2015-ci il təvəllüdlü X4 və 05.12.2018-ci il təvəllüdlü X5 İddiaçı yanında qalması, 25.11.2015-ci il təvəllüdlü X4 və 05.12.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək cavabdeh X1 qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin alınaraq İddiaçı qızma verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 13.10.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan, 25.11.2015-ci il təvəllüdlü X6 və 05.12.2018-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Cavabdehlə münasibətləri pisləşdiyindən, xasiyyəti düz gəlmədiyindən, ailələrinə müdaxilələrin çox olması səbəbindən faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh ilə barışmaq onların gələcək ailə həyatlar və ailənin qorunub saxlanılması mümkün deyil. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-464/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 13.10.2014-cü il tarixdə 1 saylı Bakı “Asan xidmət” X2 tərəfindən 2410 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 25.11.2015-ci il təvəllüdlü X4 və 05.12.2018-ci il təvəllüdlü X5 İddiaçı yanında saxlanması, 25.11.2015-ci il təvəllüdlü X4 və 05.12.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh əmək haqqının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin 16 sentyabr 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-464/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsinin aliment hissəsində dəyişdirilib, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat müəyyən edilməsi və alimentin tutulma müddətinin 14 iyun 2021-ci ildən hesablanması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə əməkhaqqının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutulması hissəsi ilə razı deyil. Çünki jurnalist olaraq fəaliyyət göstərdiyi üçün əməkhaqqı məbləği sabit deyil və tez-tez dəyişməyə məruz qalır. Məsələn, may ayınadək aylıq maaşı 350 manat olub. May ayında isə artmasına baxmayaraq, əməkhaqqının azalması ehtimalı yüksəkdir. Belə olan halda, qətnamədə qeyd edilən qaydada alimentin tutulmasında problemlər yarana və qətnamənin icrasını mümkünsüz ola bilər. 2021-ci ilin yaşayış minimumu uşaqlar üçün 175 manat olduğunu və iki uşaq üçün 350 manat təşkil etdiyini nəzərə alsaq, o, bu məbləğdən də artıq - aylıq hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat aliment tutulmasına razıdır. Hesab edirəm ki, bu, həm qətnamənin icrasının mümkünlüyü baxımından vacibdir. Həmçinin İddiaçı məhkəməyə nikahın pozulması üçün 16 sentyabr 2020- ci ildə tarixində müraciət etsə də, onlar nikah pozulan tarixədək ailə olaraq birlikdə eyni mənzildə yaşamış və uşaqlar da daxil olmaqla evin bütün xərcləri hər zamankı kimi ailə başçısı kimi onun üzərimdə olmuşdur. Buna görə də, alimentin tutulması müddətinni dəyişdirilərək nikahın pozulması tarixindən - 14 iyun 2021-ci tarixindən hesablanması doğrudur. Çünki alimentin təyinatı uşaqların maddi xərclərinin ödənilməsi üçündür və 2020-ci ilin 16 sentyabr ayından 2021ci ilin 14 iyun tarixinədək olan müvafiq dövrdə uşaqların bütün xərcini ödəmiş və bunu iddiaçı da təsdiq edə bilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin alimentintəmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız qeyd edilən hissədə Cavabdeh mübahisələndirməklə, həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-464/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 25.11.2015-ci il tarixdə, X7 05.12.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar. Ataları Cavabdeh, anaları isə İddiaçıdır. İş materiallarında olan 14.01.2021-ci il tarixli Yasamal Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının rəyindən görünür ki, 25.11.2015-ci il təvəllüdlü X4 və 05.12.2018-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları məqsədəuyğun hesab edilmişdir. Belə ki, məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilməsinə baxmayaraq onlar arasında barışıq əldə edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində göstərdiyi dəlillərlə bağlı heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməməklə yanaşı, niyə alimentin sabit pul məbləğində tutulmalı olduğunu əsaslandırmamışdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Belələliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədəiş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri qeyd edilənlərə əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-464/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-464/2021 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8712/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8712/2021
08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver