Məhkəmə qərarları › İş №2(103)-8730/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8730/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8730/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5310/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialından 3 000 000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5310/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5310/2020 saylı qərardadından verilmiş şikayət, həmin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, iddia tələbindən də göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində valideynlərinin səhhətinə yetirilən xəsarətlər nəticəsində onların ölümünə görə mənəvi ziyan tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Kifayət qədər məhkəmə təcrübəsi vardır ki, mənəvi ziyan tələb edən şəxslər dövlət rüsumu ödəməkdən azad edilmişlər. Yasamal rayon Məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməməklə, səhv nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5310/2020 saylı qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X2 şikayətin məzmununda göstərilənlərə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh Çexiyanın “Sintex EU S.R.O” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-5310/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətin təminindən imtina edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsaslanaraq, dövlət rüsumunun ödənilməsindən azad olunduğunu bildirsə də, hazırki tələb üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməli idi. Belə ki, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununun 9.1.3-cü maddəsinə əsasən, şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə-iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun mənasına görə cavabdehin təqsiri hərəkətləri nəticəsində birbaşa öz (iddiaçının) səhhətinə xəsarətlər yetirilmiş və bunun nəticəsində şikəst qalmış, səxlər tərəfindən iddalar, eləcə də, ailəni dolandıranın (ailə başçının) ölümü nəticəsində dəyən ziyanın ödənilməsi ilə baglı qaldırılan iddialar üzrə, iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı şəxsi səhhətinə yetirilmiş ziyanlarla baglı deyil, valideyinlərinin ölümü nəticəsində ona vurulmuş mənəvi ziyanla bağlı iddia qaldırmışdır. Bundan başqa, iddiaçı yetkinlik yaşına çatmış şəxsdir (1966-cı il təvəllüdlü) və belə olan halda, tərəfindən qaldırılmış iddia tələbi, qanunun nəzərdə tutduğu ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi üzrə iddia tələblərinə də şamil edilə bilinməz. Məhkəmə qeyd etmişdir ki, mənəvi zərər özündə insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçmirməsini ifadə edir. Ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1121.1-ci maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmuddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)- 5310/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar