Məhkəmə qərarları › İş №2(103)-874/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-874/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-874/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: . İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4000 manat miqdarında pulun və eyni zamanda dəymiş mənəvi zərərə görə 2000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, yaxın tanışı X3 əlilliklə bağlı pensiya işində problem yaranmışdır. Qeyd edilən problemin müzakirəsi zamanı cavabdeh onların yanında olduğundan bildirmişdir ki, X4 bu barədə köməklik edə bilər. Eyni zamanda bildirmişdir ki, tanışları vasitəsilə X1 göstərəcək, lakin bunun üçün 3000 manat pul ödəməlidir. Həmin günün sabahı X7 pulu cavabdehə vermiş, pul verildikdən təqribən 5-6 gün sonra X7 müayinə üçün tibbi komissiyaya çağrılmışdır. Lakin komissiya günü Cavabdeh komissiyada olan tanışı X4 bildirmişdir ki, əlavə olaraq 1000 manat da gətirməlidir. X2 Hicran Qənahət oğluna zəng vurmuş və deyilənlərin doğru olub-olmadığını aydınlaşdırmağa çalışmışdır. Cavabdeh isə X4 bildirmişdir ki, bizlikdir, narahat olmayın, həll ediləcək. Bir müddət sonra bəlli olmuşdur ki, Cavabdeh X3 pulunu aldatma yolu ilə mənimsəmiş və işi də düzəlməmişdir. Belə olduğu halda X2 Hicran Qənahət oğluna verilən 4000 manat pulunu geri tələb etmiş, pulunu qaytarmasa, evinə gedəcəyini, ailəsinə bildirəcəyini demişdir. Bunu eşidən cavabdeh ona yalvar-yaxarla xahiş etmişdir ki, “pul tap, mənə zamin dur, X3 pulunu qaytarım. Hara gedirəmsə borc veriləcək pulun faizi çox deyilir, bu səbəbdən faizə pul götürə bilmirəm ki, Məhəmmədin pulunu qaytarım”. O, tanışından 4000 manat borc pul götürmüş, pulu cavabdehə verən zaman onun da razılığı ilə pulun verilməsi videoya yazılmışdır. Beləliklə 4000 manat pul X4 qaytarılması məqsədilə Cavabdeh verilmişdir. Cavabdeh ondan aldığı borc pulla X4 olan borcunun bağlamış, eyni zamanda ona bildirmişdir ki, yaxın vaxtlarda nəyin bahasına olursa olsun borcunu qaytaracaq, çünki onun belə çətin vəziyyətində o, ona kömək etmiş, o da X4 olan borcunu bağlamışdır. Lakin bır müddət sonra cavabdehin hərəkətlərindən də bəlli olmuşdur ki, ondan aldığı pulu geri qaytarmaq fikri yoxdur. Pulla bağlı çoxsaylı bəhanələr gətirərək, bunu maddi vəziyyəti ilə əlaqələndirmiş, artıq bir ildən çox müddətdir ki, ona borc olaraq verdiyi pulu geri qaytarmır. O, cavabdehlə görüşərək, eyni zamanda dəfələrlə telefon vasitəsilə əlaqə saxlamış, ondan borclu olduğu pulu qaytarmasını xahiş etmiş, lakin cavabdeh bugün-sabah deyərək, ona qaytarmalı olduğu borcu qaytarmamışdır. Halhazırda cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azından bu qədər uzun müddət ərzində pulu tam qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir. Cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq, eyni zamanda onda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. O, mənəvi stress və əsəb keçirmişdir. Mənəvi zərərin vurulması maddi sübut, sənədlə sübut oluna bilən bir kateqoriya deyildir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3480/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia qismən təmin olunmaqla, Cavabdeh 3750 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və iddia tələbinin mənəvi zərərərin tutulması hissəsində təmin olunmaması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunmasını, həmin hissədə təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırlmaması, faktiki olaraq iddiaçıdan pul almaması, onun iddiaçı qarşısında hər hansı öhdəliyinin olmaması, iş materiallarında olan video görüntünün düzgün şərh olunmaması, həmin görüntüdə iddiaçı tərəfindən ona borc verilməsinin müəyyən olunmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, teleqramla müraciət edərək ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bunun üzrlü səbəbləri barədə hər hansı sübut əlavə etməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan DVD-R diskə baxış keçirilən zaman tərəflər arasında pul məsələsi ilə əlaqədar müəyyən danışıqların aparıldığı müəyyən edilmiş və aydın olmuşdur ki, cavabdeh Nazimə ünvanladığı səs yazısında hazırda işləmədiyini, iş olan kimi işləyib ona pulu qaytaracağını bildirmişdir. Eyni zamanda, həmin diskdə olan cavabdehin Nazimə ünvanladığı digər səs yazılarında da borcun qaytarılacağı məzmununda danışıqlar apardığını, bundan başqa Hicranın özü tərəfindən avtomobildə çəkiliş aparılarkən Nazimin 4000 manat pulu əlində tutması və Hicranın da həmin pulu götrüb borclu olduğu şəxsə verəcəyini deməsini əks etdirən video material öz əksini tapmışdır. Eyni zamanda, məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirmişdir ki, nəzərdə tutulan iş alınmayandan sonra Hicran onun pulunu qaytarmışdır. Pulu qaytarmaq üçün Nazimlə Hicran onun iş otağına gəlmişlər, pulu ona Nazim təqdim etmişdir. Tərəflər arasında pul məsələsi ilə bağlı nə olduğunu isə o bilmir, həmin məsələ onların öz aralarında olmuşdur. Məhkəmə şahid ifadəsi ilə bağlı qeyd etmişdir ki, ifadə ziddiyətli deyil, işin hallarını detallı təsvir edir, şahidin tərəflərdən hər hansı birinə münasibətdə təəsübkeşliyi və ya qərəzi müəyyən edilmir. Tərəflər də şahid ifadəsinin hər hansı hissəsinə etiraz bildirməmişlər. Ona görə də, məhkəmə şahid ifadəsinə tənqidi yanaşılması üçün əsas görmür. Beləliklə, tərəflər arasında borc pul vəsaitinin verilməsi ilə bağlı münasibət olmuş və cavabdehin digər şəxsə (hazırki iş üzrə dindirilən şahid X4) qaytardığı 4000 manat pul vəsaiti elə məhz iddiaçı tərəfindən verilmişdir. İddiaçı tərəfindən cavabdehə verilən pul məbləğinin cavabdehdə qalmasını şərtləndirən hüquqi əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən cəmi 250 manat alınmış puldan geri qaytarıldığını bildirmişdir. Belə olan halda, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməli, Cavabdeh 3750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli Qərardadındakı hüquqi mövqeyə görə, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Göründüyü kimi, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir (Mülki Məcəllə, maddə 337.4) Qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc (kredit) müqaviləsidir. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. MM-nin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Hazırda işin araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasındakı mübahisənin obyekti 4000 manatdır, lakin tərəflər arasında yazılı qaydada borc müqaviləsi imzalanmamışdır. Halbuki, qanunvericliyə əsasən tərəflər arasında yaranmış borc münasibətləri zamanı borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa qeyd olunan müqavilə yazılı formada bağlanmalıdır. MM-nin 329.1-ci maddəsinin tələbinə görə, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məjəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Göründüyü kimi, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Hazırkı halda isə, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından qeyd olunanlara əsasən tərəflər arasındakı mübahisəyə borc münasibətlərini tənzimləyən maddi hüquq normaları tətbiq edilə bilməz. Belə olan halda, hazırda iddiaçı tərəfindən cavabdehə verilmiş pul məbləğinin cavabdehdən tələb olunması əsaslarına əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən mülki qanunvericilik normaları əsasında baxılmalıdır. MM-nin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmçinin qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. MM-nin 386.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurma və əsassız varlanmadır. MM-nin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-nin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-nin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. - 1092.2. əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Birinci instansiya məhkəməsi də əsasən yuxarıda qeyd edilənlərə istinad etməklə iddianı qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan pul almamasını qeyd etsə də, bu hal işdə olan sübutlarla (səs yazıları, video görüntü, şahid ifadəsi) tam təkzib olunur. Xüsusilə, işdə olan səs yazılarından (cavabdehin iddiaçıya votsapp üzərindən göndərdiyi) açıq-aşkar müəyyən edilir ki, cavabdeh bir neçə dəfə iddiaçıya olan borcunu ödəyəcəyini, lakin maddi vəziyyətinin buna imkan verməməsini və s. göstərmişdir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində işdə olan cinayət işinin başlanmasının rədd olunması barədə qərara istinad etsə də, həmin qərardan görünür ki, orada əks olunan hallar hazırki işlə bağlı deyildir. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən olunmuş həqiqi halları fonunda cavabdehin hərəkətləri hüquqdan sui-istifadəyə yönəlməklə, vicdanlılıq prinsipi ilə də uzlaşmır. Beləliklə, işin faktiki halları, tədqiq olunmuş sübutlar və qanunvericiliyin qeyd edilən normalarının tələbləri nəzərə alınmaqla, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə əsaslı və qanunidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsaslandıra, həmçinin etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəmə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh tərəfin özünün izahatı isə iddianın əsassız olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin yoxlanılan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı halda isə, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan azdır (3750 manat). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülk iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3480/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar