Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8783/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(008)-1066/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 3 uşağın saxlanılması üçün məhkəmə tərəfindən tutulması müəyyən edilən alimentlərin miqdarının qazancının (başqa gəlirlərinin) yarısı miqdarınadək azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, məhkəmə qətnamələri ilə Cavabdeh1 bir uşağa görə 160 manat məbləğində alimentin, Cavabdeh2 iki uşağa görə aylıq qazancının 1/3 hissəsi qədər alimentin tutulması qət edilmişdir. Bu alimentlər ödəniləndən sonra onun özünə 149,94 manat pul qalır. Cavabdeh1 anası ilə qalır və anasının adına Bakı şəhərində bir neçə mənzil vardır. Hər iki cavabdeh əmək qabilliyətlidilər və uşaqlarının yaşı onlara işləməyə imkan verir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(008)- 1066/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6724/2019 saylı 27.11.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, 30.07.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması, Masallı Rayon Məhkəməsinin 2(050)-182/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsi ilə 01.07.2015-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun aylıq qazancının 1/3 hissəsi qədər aliment və 60 manat sabit pul məbləği, ümumilikdə 213,16 manatın tutulması qət edilmişdir. O, "xxxx" ASC-də tornaçı peşəsində işləyir və vergilər tutulduqdan sonra əmək haqqı 459,48 təşkil edir. Hazırda ondan bir uşağın saxlanmasına görə Cavabdeh1 160 manat aliment tutulur, iki uşağın saxlanmasına görə Cavabdeh2 ümumilikdə 213,16 manat aliment tutulur. Cavabdehlərə 459,48 manat məbləğində aliment ödənişi nəticəsində onun özünə yaşayışı üçün cəmi 86,32 manat pul qalır. Bu məbləğ yaşayış minimumundan xeyli aşağıdır. "xxxx" ASC-nin Bakı şəhəri, Sabunçu rayon İcra və probasiya şöbəsinə cavabından görünür ki, “Əmək haqqından tutulmalar onun aylıq əmək haqqının 70%-dən çox hissəsini təşkil edir. “İcra haqqında” Qanunun 65.3 maddəsinə əsasən əmək haqqından tutulmalar əmək haqqının 70%-dən çox ola bilməz. Hər iki cavabdeh əmək qabiliyyətlidirlər və uşaqların yaşı onların işləməsinə imkan verir. İddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayətinə yazılı etiraz göndərərək, şikayətin təmin olunmamasını xahiş etmişlər. Qeyd olunanlar nəzərə alınmaqla işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, Masallı Rayon Məhkəməsinin 02.03.2020-ci il 2(050)-182/2020 saylı qətnaməsi ilə 01.07.2015-ci il təvəllüdlü X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün İddiaçı aylıq qazancının 1/3 hissəsi qədər alimentin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 1967/2020 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sabunçu Rayon Məhkəməsinin 27.11.2019-cu il tarixli 2(008)-6724/2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq, 30.07.2011-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay sabit pul məbləğində 160 manat alimentin tutulması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3711/2020 saylı 18.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli qətnaməsində İddiaçı aylıq əmək haqqının 466 manat, vergilər və sığorta ayırmaları çıxıldıqdan sonra 407,79 manat olması müəyyən edilmişdir. Cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi arayışdan görünür ki, o, "xxxx" ASCdə tornaçı vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən əmək haqqı 536 manatdır, vergi və sosial ayırmalar tutulduqdan sonra ödəniləcək məbləğ 459,48 manat təşkil edir. Hazırda iddiaçı 3 uşağın saxlanılması üçün məhkəmələr tərəfindən tutulması müəyyən edilən alimentlərin miqdarının qazancının (başqa gəlirlərinin) yarısı miqdarınadək azaldılmasını tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Göründüyü kimi, iddiaçının Cavabdeh1 ilə birgə nikahından bir uşağı doğulmuş, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 manat sabit pul məbləğində aliment müəyyən edilmiş, digər nikahdan isə iki uşağı doğulmuş, iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün onun aylıq qazancının 1/3 hissəsi qədər alimentin tutulması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ölkədə ilbəil yaşayış minimumu artıdığından, uşaqlar üçün yaşayış minimumu 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə isə 175 manat müəyyən olunmuşdur. Göründüyü kimi, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunu getdikcə artır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən istənilən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan uşağını saxlamaq üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. Onun bu dəlilləri azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Hazırki işdə iddiaçının az da olsa qazancı (əmək haqqı) artırılmış, eyni zamanda ölkə üzrə uşaqlar üçün yaşayış minumumu da artmışdır. Yəni, alimentlərin azaldılması üçün hər hansı əsas yaranmamışdır. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-182/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsi ilə 01.07.2015-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun aylıq qazancının 1/3 hissəsi qədər aliment və 60 manat sabit pul məbləği, ümumilikdə 213,16 manat tutulur. Halbuki, Masallı Rayon Məhkəməsinin 2(050)-182/2020 saylı 02.03.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının aylıq qazancının 1/3 hissəsi miqdarında alimentni tutulması qət edilmişdir. Kollegiya qeyd edir ki, əlavə tutulan 60 manat yığılmış aliment borcuna görə aparılan tutulmalıdır. Apelyasiya şikayətinin digər bir dəlili isə əmək haqqından tutulmaların onun aylıq əmək haqqının 70%-dən çox hissəsini təşkil etməsi ilə bağlıdır ki, bu hal da alimentin azaldılmasına əsas verən hal deyil, icra sənədinin icrası mərhələsinə aid olan məsələdir və iddiaçı bununla bağlı icra məmurunun hərəkətini mübahisələndirə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1066/2021 saylı iş üzrə 22 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8783/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8783/2021
20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver