Məhkəmə qərarları › İş №2(103)-881/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-881/2021

29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-881/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızının Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “əlavə xərclərə cəlb olunma tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin arasında olmuş nikahdan doğulmuş 1 övladının - xx.xx.2015-ci il təvəllüdlü Qəhrəmanın müalicəsi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi və bu məqsəd ilə cavabdehdən onun xeyrinə sabit pul məbləğində hər ay 200 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin nikahından 1 övladları var. Uşağın olmasına baxmayaraq onların münasibətləri pozulmuş və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuş, uşaq ananın (hazırki iş üzrə iddiaçının) yanında saxlanılmış və uşağın yetkinlik yaşana çatana kimi cavabdehdən iddiaçının xeyrinə hər ay aliment tutulması qət edilmişdir. Həmin vaxtdan müəyyən edilmiş aliment ona ödənilsə də, cavabdeh yenə də uşağın tərbiyəsində iştirak etmir. Uşağın səhhətində problemlər olduğu üçün uşağın müalicəsi ilə bağlı iddiaçı mütəmadi olaraq həkimlərə müraciət etməli olur. Uşaq doğulduğu vaxtdan həkim nəzarətindədir. Uşaq xəstə olduğundan iddiaçı özü işləyə bilmir, maddi vəziyyəti çətindir, iddiaçı uşağın müalicəsi ilə bağlı xərcləri təkbaşına qarşılaya bilmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşağın müalicəsi ilə əlaqədar cavabdehdən əlavə xərc olaraq hər ay 100 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, uşaqda xroniki xəstəlik yoxdur. Uşaq ildə bir dəfə müayinə olunursa, bu hal cavabdehin aylıq əlavə xərclərin ödənilməsi üçün əsas ola bilməz; cavabdeh ildə bir dəfə həyata keçirilən tibbi müayinələrin xərclərini ödəməyə hazərdər. Hesab edir ki, əlavə xərclərə cəlb etməsi üçün əsaslar yoxdur. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da, iş üzrə iddiaçı Rayon Məhkəməsinin iddia tələbinin bir qisminin təmin edilməməsi barədə nəticəni mübahisələndirməmiş, qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayəti vermiş cavabdeh isə iddianın bir qisminin təmin olunması ilə bağlı Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirir. Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmeti olan hissədə iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə tərəflərin arasında olmuş nikahdan bir uşaq doğulmuşdur – xx.xx.2015-ci il təvəllüdlü Qəhrəman. Nikahdan uşağın olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri korlanmış, onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışılar. Nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, uşaq ananın (hazırki iş üzrə iddiaçının) yanında saxlanılmış və uşağın yetkinlik yaşana çatana kimi cavabdehdən iddiaçının xeyrinə hər ay aliment tutulması qət edilmişdir. İşin mübahisəli halı aşağıdakılardan ibarətdir: İddiaçı bildirir ki, uşağın səhhətində problemlər var. Uşaq doğulduğu vaxtdan həkim nəzarətindədir. Uşağın müalicəsi ilə bağlı iddiaçı mütəmadi olaraq həkimlərə müraciət etməli olur. Uşaq xəstə olduğundan iddiaçı özü işləyə bilmir, maddi vəziyyəti çətindir, iddiaçı uşağın müalicəsi ilə bağlı xərcləri təkbaşına qarşılaya bilmir. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, uşaq müxtəlif tarixlərdə stasionar müalicədə olmuşdur. Müalicədən sonra ildə bir dəfə uşağın EXO müayinəsindən keçirilməsi məsləhət görülmüşdür. Qanın ümumi analizi zamanı insulin normadan aşağıdır, ildə bir dəfə qanda şəkər və insulin səviyyəsinə diqqət edilməlidir. Uşaqda yuxarı tənəffüs yollarının kəskin infeksiya əlamətləri-rinit, burun tutqunluğu var. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və “Ödəniş qəbzlərindən” görünür ki, uşağa görə “Referans” Klinik laboratoriya Mərkəzinə və Poliklinikaya müxtəlif tarixlərdə iddiaçı tərəfdən müvafiq olaraq 2 manat, 87 manat, 35 manat, 174 manat, 50 manat, 107 manat məbləğində ödənişlər etmişdir. İddiaçı göstərilən sənədlərə əsaslanaraq cavabdehdən onun xeyrinə hər ay pulun tutulmasını xahiş edir. Cavabdeh isə bildirir ki, onun əlavə xərcə cəlb edilməsi üçün əsas yoxdur, çünki uşaqda xroniki xəstəlik yoxdur. Göründüyü kimi, uşağın müalicəsi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi məsələsi iş üzrə tərəflər arasında mübahisə doğurur. Mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda (hazırkı iş üzrə tərəflərin arasında da alimentin tutulması barədə saziş mövcud deyil) və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3.). Yuxarıda qeyd edildiyi kimi, Məhkəmə valideynləri hər ay ödənilməli olan sabit pul məbləğində və ya artıq çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İddiaçı sabit pul məbləğində hər ay ödənilməli olan əlavə xərc tələb edir. Məhkəmə qeyd edir ki, 81-ci maddənin tələbinə görə qeyd olunan müstəsna hallar mövcud olduqda valideynlər hər ay ödənilməli olan sabit pul məbləğində əlavə xərclərə cəlb olunurlar. Bu hallar elə hallardır ki, uşağın xəstəliyi xroniki hal almış olsun və bu səbəbdən uşağın müalicəsi üçün müntəzəm olaraq tibbi xidmətin və ya başqa kənar xidmətin göstərilməsi zəruri olsun. Lakin iddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş tibb sənədlərdən qeyd edilən halların mövcud olması görünmür. Həmin sənədlərdən müəyyən edilir ki, uşağın ildə bir dəfə müayinələrdən keçməsi məsləhət görülmüşdür. Bu hal isə cavabdeh olan atanın hər ay əlavə xərclərə cəlb edilməsinə əsas ola bilməz. İddiaçı uşaqda hər ay müntəzəm olaraq müayinə və müalicənin zəruri olması ilə bağlı xəstəliyin olmasına dair sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPMnin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, sübuta yetməyən tələb əsaslı hesab edilə və təmin oluna bilməz. Bundan başqa, Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarından görünür ki, iddiaçı uşağa görə bir sıra əlavə xərclər çəkmişdir. İddiaçı bu halı təsdiq edən ödəniş qəbzlərini təqdim edib. Lakin iddiaçı tərəfdən bu xərclərin, yəni artıq çəkilmiş xərclərin ödənilməsi ilə bağlı cavabdehə qarşı iddia irəli sürməmişdir. MPM-nin 218.3-cü maddəsinə görə isə, hakim (məhkəmə) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göründüyü kimi, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Rayon Məhkəməsi həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. MPM-nin 385.1-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və “uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən əlavə xərcə cəlb edilməsi barədə” tələbin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Eyni zamanda Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, hazırki qətnamə iddiaçıya gələcəkdə onun tərəfindən uşağın müalicəsi üçün artıq çəkilmiş və ya çəkilməli olan xərclərin əvəzinin ödənilməsi ilə bağlı müvafiq iddianın irəli sürülməsinin qarşısını almır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “uşağın müalicəsi ilə əlaqədar cavabdehdən əlavə xərc olaraq hər ay 100 manat məbləğində pulun tutulması barədə” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Qədimova (Orucova) Nuranə Firdovsi qızının Cavabdeh qarşı “əlavə xərclərə cəlb olunma” tələbi barədə iddiası apellyasiya baxışının predmeti olan hissədə də təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar