Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8812/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ilə 26 iyun 2007-ci il tarixdə nikaha daxil olduğunu və bu evlilikdən 2 azyaşlı övladının dünyaya gəldiyini, həyat yoldaşının 13 dekabr 2020-ci il tarixdə vəfat etdiyini, “ölüm haqqında şəhadətnamə”də ölüm səbəbi kimi “Törədicisi müəyyən olunmamış pnevmoniya” göstərildiyini, Fövqəladə Hallar Nazirliyinin X6 Hospitalı tərəfindən təqdim edilən epikrizdə ölüm səbəbinin “kəskin ağciyər və ürək çatışmazlığı” olduğunun qeyd edildiyini, mərhum həyat yoldaşının eyni zamanda xərçəng xəstəliyindən də əziyyət çəkdiyini, sığorta ödənişinin həyata keçirilməsi üçün 27.01.2021-ci il tarixdə cavabdeh şirkətə etdiyi müraciətə 03 mart 2021-ci il tarixdə imtina cavabı verildiyini, imtina məktubunda XLİ-00005/20 nömrəli 05 oktyabr 2020-ci il tarixli sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Qaydaların 6.1.3-cü bəndinə istinad olunaraq mərhum həyat yoldaşının koronavirus (COVİD-19) səbəbilə vəfat etdiyinin, pandemiya səbəbilə ölümün isə sığorta təminatında olmadığının göstərildiyini, imtinanı qanunsuz hesab etdiyini, çünkü həyat yoldaşının kəskin ağciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyini bildirmiş, mərhum həyat yoldaşının həyat sığortasının cavabdeh şirkətdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçının nümayəndəsi onun ləğv və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, İlkin Qurbanovun ölüm səbəbinin kəskin ağciyər və ürək çatışmazlığı olduğunu nəzərə almadığını irəli sürmüşdür. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh şirkətin nümayəndəsi isə mərhum İlkin Qurbanovun koronavirus səbəbilə vəfat etdiyini, müqavilə şərtlərinə görə bu halın sığorta təminatına aid olmadığını, buna görə də iddianın təmin olunmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçının mərhum həyat yoldaşı İlkin Qurbanov "xxxx" MMC-nin işçisi olmuş, həmin MMC ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında bağlanmış XGLİ 00005/20 saylı 05.10.2020-ci il tarixli "xxxx"nə əsasən MMC-nin 147 nəfər işçinin həyatı sığortalanmış, müqavilədə, onun ayrılmaz hissəsi olaraq göstərilən “Həyat sığortası” və “Sağalmaz xəstəliklərdən sığorta” Qaydalarının 6.1.3-cü bəndində isə, sığorta olunan ionlaşdırılmış radiasiyaya, yaxud radioaktiv şüalanmaya, zəhərlənməyə, elan edilmiş epidemiyalara məruz qalmasının sığorta hadisəsi hesab edilməyəcəyi müəyyənləşdirilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Fövqəladə Hallar Nazirliyinin X6 Hospitalında müalicə olunan İlkin Qurbanova “Covid 19” pozitiv və 25 faizi əhatə edən viral pnevmoniya diaqnozu qoyulmuş, 13.12.2020-ci il tarixdə o, törədicisi müəyyən olunmamış digər pnevmoniyadan həmin hospitalda vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Kollegiya hesab edir ki, iddiaçının iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Çünkü onun istinad etdiyi sığorta müqaviləsinin tərəfləri sığorta olunanın (konkret halda İlkin Qurbanovun) pandemiyaya məruz qalacağı halın sığorta hadisəsi hesab edilməyəcəyi barəsində razılığa gəlmiş, İlkin Qurbanov isə X2 tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus infeksiyası səbəbilə vəfat etmişdir. Qeyd olunmalıdır ki, X1 rəsmi internet saytında və digər internet resurslarında (Vikipedia və s.) yer alan məlumata görə, pandemiya – böyük ərazidə, məsələn bir neçə qitədə yayılıb böyük sayıda insanlara təsir edən epidemiyadır. İddiaçı, mərhum həyat yoldaşının ölüm səbəbinin kəskin ağciyər və ürək çatışmazlığı olduğunu irəli sürsə də, işin hallarından görünür ki, İlkin Qurbanovun ölüm səbəbi kimi göstərilən həmin hallar məhz Covid 19 virusunun yaratdığı fəsadlar nəticəsində ortaya çıxmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3357/2021 saylı iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8812/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8812/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver