Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8813/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 624/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən maddi zərərin əvəzi olaraq 4061 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20%-i, yəni 6 manatı İddiaçı2 aid edilməsi, qalan 80%-i, yəni 24 manatı isə cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı2 xeyrinə ödənilməsi, iş üzrə məhkəmə məsrəfi olan 150 manat ekspertiza xərcinin 20%-i, yəni 30 manat İddiaçı2, digər 80%-i, yəni 120 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, **-LK-*** dövlət qeydiyyat nişanlı, Hyundai Avtobus markalı, 1998-ci il buraxılışlı avtomobil İddiaçı2 mülkiyyətindədir. Həmin avtomobil sürücülük hüququna dair etibarnamə əsasında Heybət Həsən oğlu tərəfindən idarə olunur. 25.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində sürücü X1 idarə etdiyi VAZ 2107 markalı, **-LF-*** dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək, dayanmış vəziyyətdə olan avtomobilinə çırpılmış, onlara məxsus **-LK-*** dövlət qeydiyyat nişanlı, Hyundai Avtobus markalı, 1998-ci il buraxılışlı avtomobilə 5611 manat məbləğində ziyan vurmuşdur. Qeyd edək ki, X1 idarə etdiyi VAZ 2107 markalı, **-LF-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-də icbari sığortalanmış nəqliyyat vasitəsidir. Baş vermiş hadisədən dərhal sonra "xxxx" ASC-nin əməkdaşlarının təkidi ilə avtomaşını öz hesabına "xxxx" MMC-də qiymətləndirilməsini həyata keçirtmiş və dəymiş zərər 5611 manat müəyyən edilmişdir. Lakin "xxxx" ASC bu məbləğlə razılaşmamış, əvəzində dəymiş zərərin əvəzi olaraq 1500 manat siğorta ödənişi təklif olunmuşdur. Sığorta ödənişi məbləğindən (qiymətləndirmədən) verdikləri şikayətə reaksiya olaraq, 17.07.2020-ci il tarixdə onu "xxxx" ASC-yə dəvət etdilər. Qiymətləndirmə məbləğindən narazı olduğunu nəzərə alaraq ondan ərizə yazmağı tələb edilmişdir. O, qeyd etmək istəyir ki, müstəqil ekspertin (qiymətləndiricinin) seçilməsində onun da razılığının nəzərə alınmalı olmasına baxmayaraq, ona qiymətləndirmənin aparılması üçün özlərinin əməkdaşlıq etdikləri və dolayısı ilə aidiyyatı şəxsləri hesab olunan "X5" MMC və "xxxx" MMC şirkətlərini təqdim etmişlər. Ondan ərizədə yuxarıda qeyd olunan şirkətlərdən birini seçərək qiymətləndirmənin aparılmasına razılıq verməyini tələb etmişdirlər. Bununla yanaşı o, bildirmək istəyir ki, digər müstəqil ekspertlərin (qiymətləndiricilərin) seçilməsi imkanları ona təklif edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına etdiyi müraciətə cavab olaraq ona 14 sentyabr, 26-14696-2020 saylı məktub göndərilmişdir. Məktubda "İcbari sığortalar haqqında’’ Qanunun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilməsi, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında" Qanunun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı olduğu qeyd olunmuşdur. Eləcə də məktubda göstərilmişdir ki, "xxxx" ASC (sığortaçı) tərəfindən təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, həmin sığortaçıda sahibinin mülki məsuliyyəti icbari qaydada sığortalanmış avtomobilin iştirakı ilə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində idarə etdiyiniz "Hyundai” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymiş, Qanunun 16.2-ci maddəsinə əsasən əmlakına dəymiş maddi zərərin müstəqil ekspert vasitəsilə sığortaçı tərəfindən yenidən qiymətləndirilməsi üçün "xxxx" ASC-yə müraciət etməyi tövsiyyə olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, müəyyən edilmiş zərər məbləği ilə bağlı, həmçinin müstəqil ekspertin təyin olunmasına dair onunla sığortaçı arasında əldə olunmadığı təqdirdə məhkəməyə müraciət etməyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh "xxxx" ASC-dən 5000 manat məbləğində icbari sığorta ödənişinin və 30 manat dövlət rüsumunun tutulub iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qismində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh "xxxx" ASC-nin nümayəndəsi-vəkili Qətnamədən "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiaçıya dəymiş zərərin 1580 manat müəyyənləşdirilməsini, ekspertiza xərclərinin iddiaçıya aid edilməsini xahiş etmiş, şikayətini məhkəmənin maddi hüquq normalarını pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, mötəbər olmayan olmayan ekspert rəylərinə istinad etdiyi arqumentləri ilə əsaslandırmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi xahiş etdi. İddiaçılar İddiaçı2 və İddiaçı1 qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddianın qismən təmin edilməsini mülki iş üzrə tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Yasamal Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. AD seriyalı, 302757 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı2dur. “Hyundai” markalı avtomobillərin rəsmi servisi olan "xxxx" şirkəti tərəfindən verilmiş AA040359 saylı, 03.06.2020-ci il tarixli aktdan görünür ki, X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 5611.50 manat məbləğində müəyyən edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzinin 22.10.2020-ci il tarixli qüsur aktından görünür ki, X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 1580 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/5478 nömrəli, 15.02.2021-ci il tarixli rəyindən görünür ki, X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 4061 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/1949 nömrəli, 05.05.2021-ci il tarixli təkrar rəyindən görünür ki, X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 4061 manat müəyyən edilmişdir "xxxx" ASC, hadisəni törətmiş şəxsin mülki məsuliyyətinin "xxxx" ASC tərəfindən sığortalanmış olduğunu və 25.05.2020-ci il tarixdə sığorta hadisəsinin baş verərək həmin sürücünün təqsirindən iddiaçının avtomobilinə ziyan dəydiyini mübahisələndirmir; mübahisəli olan, sığorta hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlıdır ki, bununla əlaqədar "xxxx" ASC-nin irəli sürdüyü arqumentə görə ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmamalıdır. Başqa sözlə "xxxx" ASC, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində iddiaçının əmlakına ziyan dəydiyini, ziyanın onun sığortalısının törətdiyi hadisədən qaynaqlandığını ümumiyyətlə mübahisələndirməməkdədir və işin hallarından göründüyü kimi yaranmış mübahisə yalnız bu ziyanın məbləği ilə əlaqədardır. Bu səbəblə kollegiya, tərəflərin mübahisələndirmədikləri hallarla əlaqədar əlavə əsaslandırma aparmayaraq və birinci instansiya məhkəməsinin məhz "xxxx" ASC-dən iddiaçının xeyrinə sığorta ödənişinin tutulmalı olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə izah edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Adı çəkilən Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 15.1-ci maddəsinə görə icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Həmin Qanunun 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Həmin Qanunun 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir İş materiallarında olan sübutların tədqiqi zamanı müəyyən edilir ki, 25.05.2020-ci il tarixdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində sürücü X2 idarə etdiyi VAZ 2107 markalı, **-LF-*** dövlət nömrə nişanlı avtomobillə idarəetməni itirərək, yol nəqliyyat hadisəsi törətmiş və nəticədə İddiaçı2 məxsus X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyləri ilə İddiaçı2 X3 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci üçün təxminən 4061 manat tələb olunduğunun müəyyən edildiyini və bu xüsusatı şübhə altına alan heç bir mötəbər sübutun təqdim olunmadığını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin müvafiq hissədə dəyişdirilməsi üçün əsas təşkil etmir. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, “Hyundai” markalı avtomobillərin rəsmi servisi olan "xxxx" şirkəti həmin məbləği 5611,50 manat müəyyənləşdirmişdir və bu baxımdan ekspert rəyləri işin hallarına uyğun hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-624/2021 saylı 16 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8813/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8813/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver