Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8818/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” 2(011)-4925/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 11.06.2008-ci il təvəllüdlü X3 və 02.11.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləği miqdarında alimentin, həmçinin əlavə olaraq azyaşlı övladları 11.06.2008-ci il təvəllüdlü X3 tibbi müayinə və müalicəsi üçün çəkilən 2085 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə qeyri-rəsmi nikahından 11.06.2008-ci il təvəllüdlü X5 və 02.11.2009-cu il təvəllüdlü X4 adlı 2 övladları doğulmuşdur. Uşaqları təkbaşına saxlamaq ona çox çətindir. Cavabdeh öz uşaqlarının saxlanması üçün ona heç bir maddi və mənəvi yardım göstərmir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 11 iyun 2008-ci il təvəllüdlü X3 və 02 noyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 27 may 2021-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, 11 iyun 2008-ci il təvəllüdlü X3 müalicəsi ilə əlaqədar çəkilən xərclərdə iştirak etməsi üçün qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh 2085 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamənin dərhal icra edilməsi barədə göstəriş verilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, 11 iyun 2008-ci il təvəllüdlü X3 və 02 noyabr 2009-cu il təvəllüdlü X1 üçün 25 iyun 2021-ci il tarixdən ondan hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçının həqiqətə uyğun olmayan iddia ərizəsinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarılmışdır. Belə ki, o, milliyyətcə azərbaycanlı olsa da, Rusiya Federasiyasının vətəndaşıdır və 40 ilə yaxındır ki, Rusiyada yaşadığı üçün daimi olaraq Azərbaycan Respublikasında yaşamır. İddiaçı ilə 2006-cı ildə faktiki olaraq ailə həyatı qurmuşlar, ailə həyatı qurduqdan sonra iddiaçını da özü ilə birlikdə Rusiya Federasiyasına aparmışdır. Faktiki nikahlarından Rəsul və Aysel adlı iki uşaqları doğulmuşdur. Bir neçə il Rusiya Federasiyasında yaşadıqdan sonra Təhminə ondan xahiş etmişdir ki, başqa dövlətdə yaşamaqda çətinlik çəkir, vətəndə yaşamaq istəyir. O da uşaqlarının xatirinə Təhminənin Azərbaycanda yaşamasına razılıq vermişdir. Lakin buna baxmayaraq mütəmadi olaraq o da vətənə gələrək ailəsini, uşaqlarını görmüşdür. Həmçinin, hər ay qazandığı pulu «Zolotaya korona» və digər ödəniş sistemləri vasitəsi ilə Təhminəyə göndərmişdir ki, sonuncu həm dolanışığını təmin etsin, həm də artıq qalan pulu da dar günləri üçün yığsın. Özü Azərbaycanda olarkən verdiyi 15000-20000 manat puldan başqa, 48.000 manat məbləğində müxtəlif ödəniş sistemləri vasitəsi ilə pul göndərmişdir. Bundan başqa, 2021-ci ilin əvvəllərində təxminən 3 ay müddətində Bakı şəhərində olmuşdur və uşaqları ilə mütəmadi olaraq maraqlanıb qayğılarına qalmışdır. İddiaçı 27 may 2021-ci il tarixdə aliment tələbinə dair məhkəməyə iddia ərizəsi verdikdən sonra onunla telefon vasitəsi ilə danışaraq, pul və Bakı şəhərinə gəlməsini istəmişdir. O da, 07 may 2021-ci il tarixdə Bakı şəhərinə gəldikdə uşaqları və Təhminə ilə birlikdə yaşamışlar. Sonra ona məlum olmuşdur ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 25 iyun 2021-ci il tarixli qanunsuz qətnamə çıxarılmış və alimentin ödənilmə tarixi 27 may 2021-ci il tarixdən qeyd edilmişdir. Bundan başqa, məhkəmə əsassız və qanunsuz olaraq guya oğlu Rəsulun müalicə xərcləri ilə bağlı iddiaçının xərclədiyi pula görə ondan 2085 manat məbləğində pulun tutulmasını qət etmişdir. Halbuki, 02 iyun 2020-ci il tarixdə «Zolotaya korona» ödəniş sistemi vasitəsi ilə oğlu Rəsulun müalicəsi üçün 144.432,95 rubl (3351 manat) məbləğində pul göndərmişdir. Göstərilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakını təmin etmədən yalnız iddiaçının yalan məzmunlu iddia ərizəsinə əsaslanaraq qətnamə çıxarmışdır. Bundan başqa, pandemiya səbəbi ilə Rusiya Federasiyasının da, iqtisadiyyatına ciddi zərər dəymişdir. Ona görə də, müflis olmuşdur. İndiyə qədər qazandığı pulları iddiaçıya göndərmişdir ki, ömür-gün yoldaşıdır, yığıb saxlasın, gələcəkdə gəliri olmasa bu pulu xərcləsinlər. Hazırda Rusiyada ayrı-ayrı şəxslərə xeyli miqdarda borcu var. İddiaçı isə onun göndərdiyi pullarla öz adına «Mercedes» və «Sprinter» markalı avtomobillər almışdır. Müflis olduğu üçün Təhminədən saxlamaq üçün verdiyi pulları istədikdə isə onunla əlaqəni kəsmək üçün aliment tələbinə dair məhkəməyə iddia ərizəsi vermişdir. Hazırda Rusiya Federasiyası tərəfindən verilən əlilliyə görə (Azərbaycan manatı ilə 350 manat edir) pensiya ilə dolanışığını təmin edir. Hər ay hər uşağa görə 175 manat olmaqla, 350 manat məbləğində aliment ödəmək iqtidarında deyil. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətində göstərilənlərin həqiqətə uyğun olmadığını bildirdi və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, tərəflərin 11.06.2008-ci il təvəllüdlü X5 və 02.11.2009-cu il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşaqları var. Hazırda uşaqlar analarının yanında qalırlar. "xxxx" MMC-nin 20.07.2017-ci il tarixli, 225508 nömrəli, 18.08.2017-ci il tarixli, 225727 nömrəli, 18.08.2017-ci il tarixli, 225728 nömrəli, 26.06.2018-ci il tarixli, 428118 nömrəli və 27.09.2018-ci il tarixli, 692352 nömrəli kassa mədaxil orderlərinə əsasən 11.06.2008-ci il təvəllüdlü X3 müayinə və əməliyyatı üçün "xxxx" MMC-yə cəmi 4250 manat vəsait ödənilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.1, 78.2-ci maddələrinə istinad etməklə düzgün olaraq qeyd etmişdir ki, yetkinlik yaşına çatmamış uşaqların saxlanması üçün üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyi, əvvəlki təminat səviyyəsinin mümkün qədər saxlanması imkanları, eyni zamanda tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla düzgün olaraq belə nəticəyə gəlinmişdir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 175 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» 29.12.2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28.03.2016cı il tarixli qərarının 8.2-ci bəndində qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Birinci instansiya məhkəməsi həmçinin iddia tələbinin “cavabdehdən əlavə olaraq azyaşlı övladları 11.06.2008-ci il təvəllüdlü X3 tibbi müayinəsi və müalicəsi üçün çəkilən 2085 manat məbləğində pulun tutulmasına dair” hissəsini araşdıraraq, haqlı olaraq qeyd etmişdir ki, iddianın həmin hissəsi əsaslıdır. Belə ki, mübahisənin həll edilməsi üçün tətbiq edilməli olan maddi hüquq normasının (Ailə Məcəlləsinin 81.1-ci maddəsi) tələbinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Valideynin əlavə xərclərə cəlb olunması dedikdə, bütün müalicə xərclərinin əlavə xərclərə cəlb olunmalı olan valideyndən tutulması deyil, həmin valideyndən əlavə xərcin müəyyən hissəsinin tutulması nəzərdə tutulur. İddiaçı uşağı Rəsul Heydərovun gözünün müayinəsi və əməliyyatı ilə əlaqədar 4250 manat pul vəsaiti xərcləməsinə dair mötəbər sübutu birinci instansiya məhkəməsinə təqdim etmişdir. Ona görə də, tərəflərin övlad olan Rəsul Heydərovun tibbi müayinəsi və müalicəsi ilə əlaqədar çəkilmiş xərclərin yarısı - iddiaçının tələbi həcmində 2085 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi alimentin tutulma müddətini müəyyən edərkən, qanunvericiliyin tələbinə riayət etmiş və Ailə Məcəlləsinin 100.2-ci maddəsinə istinadən alimentin tutulmasına iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – 27.05.2021-ci il tarixdən başlamasına dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı qismən təmin etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi 02 iyun 2020-ci il tarixdə «Zolotaya korona» ödəniş sistemi vasitəsi ilə 144.432,95 rubl məbləğində pul göndərilməsi barədə qəbz kserosurət olmaqla, həmin qəbzdən qeyd edilən pul məbləğinin kim tərəfindən, hansı məqsədlə və kimə ödənilməsi müəyyən olunmur. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(011)-4925/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8818/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8818/2021
21.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver