Məhkəmə qərarları › İş №2(103)-8822/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8822/2020

09.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8822/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Herayeva Gültəkin Şaməddinqızının iştirakı ilə, İddiaçı Herayeva Gültəkin Şaməddinqızının cavabdeh Herayev Məhəmməd Qurbamahama oğluna qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2090/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Herayeva Gültəkin Şaməddin qızı cavabdeh Herayev Məhəmməd Qurbamahama oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Herayev Məhəmməd Qurbamahama oğlu ilə birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü Herayeva Mədinə Məhəmməd qızının və xx.xx.2019-cu il təvəllüdlü Herayeva Fatimə Məhəmməd qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin, xx.xx.2019-cu il təvəllüdlü Herayeva Fatimə Məhəmməd qızının üç yaşına çatanadək cavabdeh Herayev Məhəmməd Qurbamahama oğlundan hər ay əlavə olaraq 100 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ilə xx xxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatdından keçməklə evlənmişdir. Birgə nikahdan iki uşaqları xx.xx.2017-ci il təvəllüdlü Herayeva Mədinə Məhəmməd qızı və xx.xx.2019-cu il təvəllüdlü Herayeva Fatimə Məhəmməd qızı doğulmuşdur. Cavabdehlə bir neçə aydır ki, faktiki olaraq ayrılmaqla uşaqları ilə öz atası evində yaşayır. Uşaqları kiçik olduğundan özü işləmir. Cavabdeh isə bəzən aşbaz, bəzən fəhlə işləməklə daimi gəlirə malikdir. Buna baxmayaraq, cavabdeh ona maddi yardım göstərmir. Məcburiyyət qarşısında qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-2090/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək xx xxxxxxxx 2020-ci il tarixindən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü Herayeva Mədinə Məhəmməd qızının və xx.xx.2019cu il təvəllüdlü Herayeva Fatimə Məhəmməd qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Herayev Məhəmməd Qurbamahama oğlundan hər ay hər uşağa görə 170 manat olmaqla, iki uşağa görə cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Herayeva Gültəkin Şaməddin qızına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun maddi vəziyyətini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əssız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunan hissəsinin yoxlanılması təşkil edir. Çünki qətnamədən cavabdeh şikayət verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZ-İV seriyalı, 317463 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Herayeva Fatimə Məhəmməd qızı xx xxxxxx 2019- cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Herayeva Fatimənin atası Herayev Məhəmməd Qurbamahama oğlu, anası Herayeva Gültəkin Şaməddin qızıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 994383 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Herayeva Mədinə Məhəmməd qızı xx xxxxxxxx 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Herayeva Mədinənin atası Herayev Məhəmməd Qurbamahama oğlu, anası Herayeva Gültəkin Şaməddin qızıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutan birinci instansiya məhkəməsi cavabdehdən sabit pul məbləğində hər ay hər uşağa görə 170 manat məbləğində aliment tutulmasını haqlı olaraq ağlabatan hesab etmişdir. Alimentin məbləği ilə bağlı olaraq ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi aliment məbləği göstərilən halların məcmusu baxımından ədalətlidir. Belə ki, bundan daha az məbləğdə aliment tutulması uşaqların təminat səviyyəsi nəzərə alındığında iddiaçının marağının əhəmiyyətli dərəcədə pozulması hallarını yarada bilər. Cavabdehin, qazancının az olması dəlilinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hal onun uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Beləliklə, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2090/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Vahid Sadıqov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar