Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-883/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması tələbi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər, yəni İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmuş və bu nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması və onların saxlanılması üçün alimentin sabit məbləğdə tutulması ilə bağlı razılıq əldə edilmişdir.
2. Belə ki, Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli, MŞB/11/202301802 saylı barışıq sazişinə əsasən tərəflər aralarında xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları X5 yanında qalmaları və xx.xx.2023cü il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə razılığa gəlmişlər.
3. AZEMİS-dən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi “Zuğulba” İqamətgahında məsləhətçi vəzifəsində çalışır və əmək haqqı 4132 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avqust 2024-cü il tarixindən hesablanmaqla (mediasiyaya müraciət tarixi) yetkinlik yaşına çatmayan - xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X2 görə onların yetkinlik yaşına çatana qədər cavabdehin əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsində alimentin və tərəfindən ödənilmiş 60 manat mediasiya rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, nikah pozulduqdan sonra cavabdeh uşaqlarının maddi problemlərinə laqeyid yanaşır. Dəfələrlə bu barədə iradlarını və uşaqların yaşayışlarındakı çətinlikləri bildirsə də, cavabdeh uşaqlara rnaddi dəstək olmur. Yuxarıda qeyd edildiyi kimi, onlar artıq faktiki olaraq ər-arvad kimi yaşamırlar, birgə təsərrüfat aparmırlar. Bu vaxt ərzində övladları onun himayəsində qalıb, onların bütün maddi və mənəvi tələbatlarını təkbaşına ödəmişdir. Uşaqlarının ana nəvazişindən başqa, digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini o, təkbaşına edə bilməz. Hal-hazırda onların bütün maddi xərclərini valideynləri çəkir və o, uşaqları ilə onların himayəsində yaşayır. Uşaqların maddi ehtiyaclarını ödəməsi üçün həyat yoldaşının maddi imkanı və gəlirləri kifayət qədər yaxşıdır. Keçmiş həyat yoldaşı AR Prezidentinin İşlər İdarəsi Zağulba İqamətgahında çalışır və rəsmi əmək haqqı alır. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqlarının saxlanması xərclərini ödəməlidir. Başqa sözlə, cavabdehdən uşaqlarının saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Qanunun tələbi üzrə iddiaçı olaraq o, aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Bakı 11 saylı Mediasiya Təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə mediasiya sessiyası keçirildi və bu barədə müvafiq arayış aldı. Mediasiyaya ödənilən 60 manat ilkin mediasiya haqqını iddiaçı olaraq o, ödəmişdir.
6. Cavabdeh xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizəvəsatət təqdim etmiş və ərizəsində bildirmişdir ki,onun əmək haqqı kifayət qədər yüksəkdir. Onda olan məlumata görə tərəfindən uşaqların saxlanması üçün ödənilən məbləğin hamısı uşaqların ehtiyacları üçün xərclənmir, iddiaçı tərəfindən öz şəxsi ehtiyacları üçün xərclənir. Hesab edir ki, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşana çatanadək saxlanmaları üçün tutulan alimentin 50% hissəsi uşaqların adına bank hesabı açılmaqla həmin hesaba köçürülməlidir. Ona görə ki, uşaqlar yetkinlik yaşına çatdıqda, müstəqil şəxs kimi öz layiqli yaşayış şəraitinin təmin edilməsi üçün onlara kapital lazım olacaqdır. Buna görə də hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdli X9 və xx.xx.2020-ci təvəllüdlü X3 üçün ödənilməli alimentin 50 % hissəsi uşaqların kartına köçürülməlidir. Göstərilənlərə əsasən ilkin İddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdli X9 və xx.xx.2020-ci təvəllüdlü X8 yetkinlik yaşına çatanadək tərəfindən ödənilən alimentin 50% məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2(004)-4918/24 saylı qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin edilmiş, Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli MŞB/11/2023-01802 saylı barışıq sazişi ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında müəyyən olunmuşdur.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırkı işdə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 4132 manat məbləğində əmək haqqı alır və həmin məbləğin 1/3 hissəsi (1377 manat) yaşayış minimumu həddindən yüksəkdir. Məhkəmə uşaqların yüksək mənafeyini və cavabdehin hal-hazırkı gəlirini nəzərə alaraq hesab etmişdir ki, Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli, MŞB/11/2023-01802 saylı barışıq sazişi ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdehdən hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmalıdır.
9. Məhkəmə Cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X9 orta məktəbdə, xx.xx.2020-ci il təvəllüdlü X8 isə məktəbəqədər təhsil müəssisədə təhsil alır. Cavabdeh uşaqların saxlanılması üçün tutulan alimentin onların saxlanılmasına deyil, iddiaçının öz şəxsi ehtiyaclarının ödənilməsinə xərclədiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Hansı ki, bu halda sübutetmə yükü onun üzərindədir. Eyni zamanda aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ödəniləcək alimentin məbləğinin hər uşağa təxminən 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat təşkil etməsi, yəni müəyyən olunan yaşayış minimumundan yüksək olması isə özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2, 75, 76, 78, 81, 112-ci və MPM-in 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olması, bu səbəbdən ləğv edilməli olması və tutulan alimentin 50 % hissəsinin uşaqların gələcəyi nəzərə alınaraq onların bankda açılan hesablarına köçürülməli olması ilə əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi Nümayəndə isə ərizə göndərərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, bununla bağlı hər hansı sənəd (sübut) təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublkasının Ailə Məcəlləsi:
Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunu:
Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarı: Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə qərar qəbul edərkən uşaqların üstün mənafeyini əsas götürür. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
21. Hazırkı işdə iddia qismən təmin olunduğundan və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
23. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərin birgə nikahından olan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında qalması və onların saxlanılması üçün alimentin sabit məbləğdə tutulması ilə bağlı razılıq əldə edilmişdir. Hazırda isə iddiaçı xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında hər ay alimentin tutulmasını xahiş edir. Cavabdeh tərəf xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulacağı halda 50 faiz məbləğinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş edir.
24. Məhkəmə iddianı qismən əsaslı sayarkən qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
25. Məhkəmə iddia tələbinin Cavabdeh yetkinlik yaşına çatmayan övladları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2020-cü il təvəllüdlü X2 görə onların yetkinlik yaşına çatana qədər əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 4132 manat məbləğində əmək haqqı alır və həmin məbləğin 1/3 hissəsi (1377 manat) yaşayış minimumu həddindən yüksəkdir.
26. Məhkəmə iddia tələbinin alimentin avqust ayının 2024-cü il tarixindən hesablanması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
27. Məhkəmə Cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X9 orta məktəbdə, xx.xx.2020-ci il təvəllüdlü X8 isə məktəbəqədər təhsil müəssisədə təhsil alır. Cavabdeh uşaqların saxlanılması üçün tutulan alimentin onların saxlanılmasına deyil, iddiaçının öz şəxsi ehtiyaclarının ödənilməsinə xərclədiyini bildirsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, bu halda sübutetmə yükü onun üzərindədir. Eyni zamanda aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ödəniləcək alimentin məbləğinin isə hər uşağa təxminən 688,50 (altı yüz səksən səkkiz manat əlli qəpik) manat təşkil etməsi, yəni müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir.
28. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
29. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
30. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
31. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli, 08 dekabr 2023-cü il tarixli qərardadının 40, 41 və 42-ci bəndlərinə əsasən, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Həmin Qərardadın 43 və 44-cü bəndlərində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur.
33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
34. Məhkəmə iş üzrə tərəflərin izahatlarını da nəzərə alaraq, hazırkı halda, tutulacaq alimentin məbləğinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əsaslandığından, ərizəçi həmin məbləğin uşaqların saxlanılmasına yönəldilmədiyinə dair mötəbər sübutlar təqdim etmədiyindən, uşaqların yüksək mənafeyini əsas götürərək ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir.
35. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, tutulacaq alimentin avqust 2024cü il tarixindən hesablanmaqla (mediasiyaya müraciət tarixi) ödənilməsini xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 82/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
36. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı 11 saylı Mediasiya Təşkilatının 10 oktyabr 2023-cü il tarixli, MŞB/11/2023-01802 saylı barışıq sazişi ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır və eyni zamanda qeyd edir ki, apelyator apellyasiya şikayətində qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etsə də, əslində iş üzrə qarşılıqlı iddia yoxdur. İşin 43-cü vərəqində olan məhkəmə iclas protokolundan görünür ki, cavabdeh tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə olunmamış qarşılıqlı iddia ərizəsi barədə müraciət vəsatət qismində qəbul edilərək mahiyyəti üzrə qiymət verilməsi üçün iş materiallarına əlavə olunmuşdur. İş üzrə çıxarılmış qətnamənin məzmunundan göründüyü kimi, məhkəmə yekun məhkəmə aktında həmin müraciətə mahiyyəti üzrə baxmış və qiymət vermişdir.
38. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
41. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 28 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.