Məhkəmə qərarları › İş №2(103)-8843/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8843/2021

28.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8843/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qanuni nümayəndəsi) Cavabdeh1 nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması və mülkiyyət hüququnun bərpası” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Bakı şəhəri 14 saylı Dövlət notariat kontoruna və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan 2 otaqlı mənzilin X3 bağışlanmasına dair Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu X4 tərəfindən rəsmiləşdirilmiş və reyestrdə 4Ə- 388 nömrə ilə qeyd edilmiş 06 iyun 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydə alınmasına dair çıxarışın ləğv olunması və mənzilə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 56,3 kv.metrdən ibarət 2 otaqlı mənzil 27.09.2007-ci il tarixli çıxarış əsasında onun adına qeydiyyata alınmış, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli hökmü ilə CM-nin müvafiq maddələri ilə təqsirli bilinərək üzünmüddətli azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən cəza çəkdiyi Azərbaycan Respublikası Penitensiar Xidmətinin 8 saylı cəzaşəkmə müəssisəsində olarkən adına olan əmlakların idarə edilməsi barədə 24 dekabr 2015-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 Zərif qızının adına etibarnamə vermiş, etibarnaməni verdikdən sonra həyat yoldaşının adına olan əmlakları özgəninkiləşdirəcəyinə əsaslı şübhələri yarandığından etibarnamənin ləğv edilməsi üçün həmin vaxt müalicə aldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəisinin adına 11 fevral 2016-cı il tarixdə ərizə ilə müraciət etmiş, etibarnaməni ləğv etməsi barədə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərliyinin vasitəsilə 11 fevral 2016-cı il tarixdə Cavabdeh1 yazılı qaydada bildiriş göndərmiş, bildirişdə 24 dekabr 2015-ci il tarixli etibarnaməni ləğv etdiyini qeyd edərək, həmin etibarnaməni geri qaytarmasını Cavabdeh1 tələb etmişdir. Lakin sonradan, yəni 2020-ci ildə cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra bilmişdir ki, Cavabdeh1 etibarnamənin ləğv edildiyini əvvəcədən bildiyi halda, ləğv edilmiş həmin etibarnaməni 06 iyun 2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat kontoruna təqdim edərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan 2 otaqlı mənzili azyaşlı oğlu - 14.09.2007-ci il tarixdə doğulmuş X3 – bağışlamış, mənzil RX seriyalı, № ******* nömrəli, 09.06.2016-cı il tarixli çıxarışla X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzilin Nihad Quliyevin adına Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmasına əsas həmin əmlakın Bakı şəhəri 14 saylı notariat kontorunun 06 iyun 2016-cı il tarixli Daşınmaz əmlakın bağışlanması haqda qanunsuz müqaviləsi olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi ilə idda tələbləri təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, iddiaçı iddiasının əsasları kimi istinad etdiyi halları qanunvericiliyin tələblərinə uyğun qaydada sübut etmədiyi halda, məhkəmə obyektiv həqiqətə nail olmaq üçün sübutların araşdırlmasını və qiymətləndirilməsini prosessual qanunvericiliyin tələblərinə əsasən həyata keçirməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir; belə ki, İddiaçılə 29.04.2005-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından 02.08.2006-cı il tarixdə Pakizə, 14.09.2007-ci il tarixdə Nihad adını verdikləri uşaqları dünyaya gəlmişdir. İddiaçı 26.07.2008-ci il tarixdə onun razılığı və xəbəri olmadan qeyri-qanuni yolla nikahı ləğv etdirmiş, 24.04.2009-cu il tarixdə həbs edildikdən sonra ona nikahı pozduğu barədə bildirmiş və yenidən nikaha daxil olmalarını xahiş etmiş, 12.10.2010-cu ildə nikahlarını yenidən bərpa etdirmişlər. ünvan 2 ünvanında yerləşən, sahəsi 56,3 kv.metrdən ibarət 2 otaqlı mənzil onların birgə mülkiyyətləridir və həmin mənzilə dair 27.09.2007-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı adına çıxarış verilmişdir. İddiaçı həbs cəzası çəkdiyi illər ərzində onu müvafiq orqanlarda, aidiyyatı qurumlarda, idarə və təşkilatlarda, məhkəmə və icra orqanlarında səlahiyyətli nümayəndəsi kimi o təmsil etmişdir. İddiaçı 14 mart 2013-cü il tarixdə ona verdiyi etibarnamənin etibarlılıq müddəti 14 mart 2016-cı ildə bitəcəyi halda, 24 dekabr 2015-ci ildə yenidən etibarnamə təqdim etməklə etibarlılıq müddətini 24 dekabr 2018-ci il tarixi müəyyənləşdirmiş, lakin 11.02.2016-cı il tarixdə etibarnaməni ləğv etdirdiyini iddia etmişdir. Belə aydın olur ki, iki ay müddətinə etibarnaməni ləğv etdirməyə qərar verən İddiaçı öz ailəsinə qarşı da qanunsuz əməllərini icra etməyi üçün planlar hazırlayırmış və həbsxanada olduğu 12 il ərzində ailə onun üçün problemlərinin həlli və tələbatlarının ödənilməsi üçün vasitə olmuşdur. İddiaçı ona təqdim etdiyi etibarnamələrdə “bağışlamaq, hədiyyə etmək, o cümlədən almaq-satmaq” sözləri qeyd edərkən bu əməliyyatların icra olunmasına özü razılıq vermiş olur və sonra da cəza çəkdiyi müəssisələrdə müəssisə daxili dələduzluq əməlləri nəticəsində saxta sənədlər əldə etməyə nail olduğunu və etibarnaməni ləğv etdiyini iddia etmişdir. İddiaçı 18 mart 2020-ci il tarixdə həbsxanadan azadlığa buraxılmış, eyni mənzildə övladları ilə birgə yaşamalarına baxmayaraq, məhkəməyə müraciət etməsi barədə məlumat verməmişdir. ünvan 2 ünvanında yerləşən, sahəsi 56,3 kv.metrdən ibarət olan 2 otaqlı mənzilin etibarnamə əsasında oğluları X3 bağışlanmasını İddiaçı razılığı və tələbi əsasında etmişdir. Çünkü mənzil obyekt kimi fəaliyyət göstərmiş, Nazimin qardaşı əmlakı bankda girov qoyduğundan Nazim yalvarmışdır ki, əmlakı girovdan qurtarın və ondan sonra mütləq oğlumun adına keçirin. Ona etibarnamənin ləğvi ilə bağlı heç bir bildiriş gəlməmiş, 12 il həbsdə, 9 ay isə həbsdən çıxdıqdan sonra evdə iddiaçıya baxmışdır. Əgər etibarnamə əsasında iddiaçının əmlaklarını ələ keçirmək niyyəti olsaydı, bunu etibarnamənin ləğv edildiyi iddia olunan tarixdən əvvəl, hətta daha əvvəllər verilən etibarnamələr əsasında həyata keçirərdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 (o, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qanuni nümayəndəsidir) nümayəndəsi (vəkili) Əfqan Hüseynov apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, həmçinin göstərmişdir ki, mənzili oğluna bağışlamaq niyyəti olmamış, arvadı ondan xəbərsiz hərəkət etmiş, etibarnamənin ləğv edilməsindən məlumatlı olmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri 14 saylı notariat kontoru və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə İddiaçı ilə X5 29.04.2005-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmiş, nikahları 26.07.2008-ci il tarixdə pozulmuş, 12.10.2010-cu il tarixdə onlar yenidən nikaha daxil olmuş, İddiaçı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş 24 dekabr 2015-ci il tarixli etibarnaməyə əsasən ünvan 4 ünvanında qeydiyyatda olan həyat yoldaşı Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq satmaq, hədiyyə qəbul etmək, hədiyyə vermək və ya bağışlamaq, dəyişmək, əmlak ipotekası (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan o cümlədən bank orqanlarından, poçtdan teleqrafdan bütün əsaslar üzrə ona çatan əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesab üzərində sərəncam verməyi, poçt, teleqram, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ ictimai təşkilatlarda adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilməli bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ icarə vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 24 dekabr 2018-ci il tarixinədək etibar etmiş, Bakı şəhəri 14 saylı notariat kontorunda 06 iyun 2016-cı il tarixdə bağlanmış bağışlama müqaviləsinə görə isə Cavabdeh1, həmin etibarnamənin əsasında 27.09.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, sahəsi 56,3 kv.metr olan 2 otaqlı mənzili X3 bağışlamışdır. İş materiallarından görünür ki, həmin mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Nihad Quliyevin adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, ona 09.06.2016-cı il tarixli çıxarış verilmişdir. İşin müəyyən edilən digər halına görə, X6 14.09.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur və atası İddiaçı, anası Cavabdeh1dır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, 11 fevral 2016-cı il tarixdə Telman Quliyev sözügedən etibarnamənin ləğv olunması üçün zəruri tədbirlərin görülməsi xahişi ilə saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisənin rəisinə ərizə ünvanlamış, eyni zamanda həmin tarixdə etibarnaməni geri götürdüyü və onun geri qaytarılması barədə Cavabdeh1 bildiriş göndərmişdir. İddiaçı, mübahisələndirdiyi bağışlama müqaviləsinin etibarnaməni ləğv etdirmiş olmasından sonra bağlandığını və Cavabdeh1 bunu bildiyi halda öz maraqlarından çıxış etdiyini, özünün belə fikrinin və niyyətinin olmadığını irəli sürməklə müqavilənin etibarsız hesab olunmasını xahiş etmiş, birinci instansiya məhkəməsi isə həmin halı müəyyən olunmuş hesab edərək müvafiq nəticəyə gəlmişdir. Kollegiya aşağıda göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır: Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 365.1.3-cü maddəsinə görə, etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir; 366.1-ci maddəsinə görə, etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur; 366.2-ci maddəsinə görə isə, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi bağışlama müqaviləsi bağlanarkən müvafiq etibarnamə ləğv olunmuş, həmin dövrdə cəzaçəkmə müəssisəsində cəza çəkən iddiaçı bununla bağlı Cavabdeh1 bildiriş ünvanlamışdır. Etibarnamənin ləğv edilməsi barədə ərizənin sonradan tərtib edildiyinə və etibarnamənin ləğvi haqqında bildirişi almadığına dair Cavabdeh1 irəli sürdüyü arqumentləri kollegiya inandırıcı hesab etmir; çünkü birinci instansiya məhkəməsinin sorğusuna Penitensiar Xidmətdən verilən 22.02.2021-ci il və 26.04.2021-ci il tarixli məktublarda müvafiq ərizənin və bildirişin “Jurnalların, kartotekaların və bağlanmış işlərin uçotu jurnalı”nda qeydiyyatdan keçdiyi, 11.02.2016-cı il tarixli bildirişin 16.02.2016-cı il tarixdə qeydə alınaraq 6 saylı poçt filialının 29 saylı poçt şöbəsi vasitəsilə ünvana göndərildiyi göstərilmiş, 6 saylı poçt filialının iddiaçıya ünvanladığı 26.04.2021-ci il tarixli məktubda isə 19.02.2016-cı il tarixdə 29 saylı poçt şöbəsindən Cavabdeh1 adına göndərilən korrespondensiyanın şöbəyə geri qaytarılmadığı bildirilmişdir. Apellyasiya baxışı zamanı müvafiq poçt şöbələrinə ünvanlanan sorğulara konkret cavablar verilməmiş, tələb olunan sənədlərin ləğv edildiyi bildirilmişdir. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İddiaçının cavabdehə verdiyi etibarnaməni 11.02.2016-cı il tarixdə ləğv etdiyi barədə iradə ifadəsini bəyan etdiyini, bu bəyanın cavabdehə məlum olması ehtimalının mövcudluğunu və “təmsilçilikdə məhz təmsil edilənin qanuni maraqlarının təmin edilməli olduğu” prinsipini əsas götürməklə kollegiya hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, eləcə də onu bağlamış şəxslərin arasında iradə vahidliyinin olduğu qənaətinə gəlmək mümkün deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1103/2021 saylı iş üzrə qəbul etdiyi 07 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar