Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8845/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 20.12.2018-ci il tarixli, 419-LD/18 saylı lizinq müqaviləsinə əsasən ona lizinqə verilmiş damazlıq heyvanlardan tələf olmuş 1 başı üçün cəmi 2.400 manat sığorta ödənişinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla ilə "xxxx" ASC arasında 20.12.2018-ci il tarixli, 419-LD/18 saylı “damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə müqavilə bağlanmış, həmin müqavilə əsasında ümumilikdə 9.600 manat dəyərində “Simmental” cinsli 2 baş iribuynuzlu (AT ********* və AT ********* invertar nömrəli) heyvanlar ona lizinqə verilmişdir. Həmin müqaviləyə müvafiq olaraq "xxxx" ASC ilə arasında 20.12.2018-ci il tarixli “Sığorta haqqının ödənilməsi barədə” müqavilə bağlanmış və tərəfindən 816 manat sığorta haqqı ödənilmişdir. O, müqavilələr üzrə öhdəsinə götürdüyü bütün şərtlərə əməl etmiş, heyvanları Qazax rayon baytarlıq İdarəsində qeydiyyata alınmasını təmin etmiş, lazımi qaydada heyvanların qidalanmasını, onlara qulluq edilməsini, standartlara cavab verən şəraitdə (tövlədə) saxlanmasını təmin etmişdir. Lakin, buna baxmayaraq, heyvanlardan biri, yəni AT ********* invertar nömrəli, “Simmental” cinsli heyvan 22 aprel 2020-ci il tarixdə tələf olmuşdur. Heyvanın ölümünün səbəbi olaraq “şişin daxilə nüfuz etməsi, patanatomik” yelinin daxili üst hissəsinin qarın boşluğuna nüfuz etmiş irinli qanlı şişin partlaması” diaqnozu qoyulmuşdur. Heyvanın xəstələnməsi, eləcə də tələf olması barədə tərəfindən dərhal "xxxx" ASC-yə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Xidmətinin Qazax rayon Baytarlıq İdarəsinə məlumat verilmişdir. Qazax rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən heyvan yarılmış, bu barədə müvafiq akt və “Yarma Protokolu” tərtib olunmuşdur. Heyvanların Sığortası haqqında Şəhadətnamənin sığorta haqqı qrafasında 4.800 manat qeyd edilmişdir. Həmin sığorta haqqının ödənilməsi üçün "xxxx" ASC-yə və "xxxx" ASC-yə rəsmi qaydada müraciət etməsinə baxmayaraq, hazırki vaxtadək sığorta haqqı ödənilməmişdir. Əsas kimi, “Aktda heyvanın 9 aylıq boğaz olduğu bildirildiyi halda yarma protokolunda cinsiyyət orqanlarının normal göstərildiyi, obyektiv müayinə zamanı şişin lokalizasiyasının dəqiqləşdirilmədiyi, prosesin xarakterinə (iltihabi, infeksion, onkoloji və s. mənşəli olmasına) aydınlıq gətirilmədiyi, diaqnozu dəqiqləşdirmək üçün laborator müayinələr aparılmadığı, heyvan diri ikən dəqiq diaqnoz qoyulduğu, vaxtında müvafiq müalicə tədbirləri aparılmadığından heyvanın tələf olduğu, sənədlərdə heyvanın xəstəliyi barədə bir-birini təkzib edən natamam məlumatlar verildiyi, bununla da Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları”nın 3.2, 4.3-cü bəndlərinin tələblərinin pozulduğu göstərilmişdir. Sığorta ödənişinin verilməsindən imtina edilməsi tam əsassız və qanunsuzdur və həmin sığorta ödənişi ona ödənilməlidir. Belə ki, o, vaxtında heyvanın xəstələnməsi və ölməsi barədə məlumat vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi tələbinə dair” iddia ərizəsinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə sadəcə olaraq qanunun normalarını sadalamış, lakin hazırkı hala onların tətbiqini heç cür izah etməmiş və mövqeyini əsaslandırmamışdır. Qətnamə məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərə də cavab verməməklə, məhkəmə nəinki tətbiq edilməli olan hüquq normasını düzgün müəyyənləşdirməmişdir, həm də mülki mühakimə icraatının fundamental və başlanğıc prinsiplərini pozmuşdur. Belə ki, məhkəmə iddia tələbini rədd edərkən hesab etmişdir ki, o, yəni iddiaçı sığorta müqaviləsi üzrə tərəf olmadığından, eyni zamanda faydalanan şəxs qismində çıxış etmədiyindən, onun qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı sığorta müqaviləsi üzrə nə tərəf, nə də faydalanan şəxs olmadığından, onun sığorta müaviləsi üzrə sığorta ödənişinin verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Sığorta müqaviləsi sığortalı "xxxx" ASC ilə sığortaçı "xxxx" ASC arasında imzalansa da, “Sığorta haqqının ödənilməsi barədə” 419-LDS/18 saylı, 20.12.2018-ci il tarixli müqavilədən göründüyü kimi, lizinq alan olaraq sığorta haqqı onun tərəfindən ödənilmişdir. Hesab edir ki, məhkəmənin onun sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsini tələb etməyə subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı nümayəndəsi və vəkili X3 iddiaçının verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı sığorta müqaviləsi üzrə tərəf olmadığından, eyni zamanda faydalanan şəxs qismində çıxış etmədiyindən, onun qaldırdığı iddianın heç bir hüquqi əsası yoxdur. Həmçinin iddiaçı sığorta müqaviləsi üzrə nə tərəf, nə də faydalanan şəxs olmadığından, onun sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883 və 884-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi və vəkili Şahin Rəfiyevin və cavbdeh "xxxx" ASC-nin nümayəndəsi Murad Camalovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış “Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi” barədə 419-LD/18 saylı, 20 dekabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, ümumilikdə 9.600 manat dəyərində “Simmental” cinsli 2 baş iribuynuzlu (AT ********* və AT ********* invertar nömrəli) heyvanlar İddiaçı lizinqə verilmişdir.(İ.v. 7 - 9) İş materiallarında olan, C-LİV-0007/19 saylı Sığorta şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC ilə "xxxx" ASC arasında 02.04.2019-cu il tarixdə sığorta müqaviləsi bağlanmış və həmin şəhadətnamə üzrə AT ********* və AT ********* invertar nömrəli “Simmental” cinsli 2 baş iribuynuzlu heyvan 3 (üç) il müddətinə (02.04.2019-01.04.2022-ci il) sığortalanmış, sığortanın dəyəri 73.440 manat məbləğində müəyyən edilmişdir. Həmin müqavilə üzrə faydalanan şəxs kimi "xxxx" ASC göstərilmişdir.(İ.v. 12 - 13) İş materiallarında olan, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 419-LDS/18 saylı, 20 dekabr 2018-ci il tarixli “sığorta haqqının ödənilməsi” barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş Qaydalara uyğun olaraq 4 il müddətinə damazlıq heyvanlar 20 dekabr 2018-ci il tarixli, 419-LD/İ8 nömrəli lizinq müqaviləsinə əsasən sığorta haqqının ümumi məbləği 816 manat olmaqla əlavə № 1-də göstərilən kimi sığortalanaraq lizinqə verilir. Lizinq alan 816 manat məbləğdə sığorta haqqını lizinq verənə tam həcmdə ödəyir. Sığorta haqqı heç bir halda lizinq alana qaytarılmır. Sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta təşkilatı tərəfindən lizinq verənə ödənilmiş vəsaitin yarısı lizinq alana qaytarılır.(İ.v. 18) “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı maddəsinə əsasən faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən sığorta qanunvericiliyinə və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişini almaq hüququna malik olan şəxs faydalanan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Həmin Məcəllənin 884.4-cü maddəsinə əsasən sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Həmçinin, Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, “Simmental” cinsli 2 baş iribuynuzlu (AT ********* və AT ********* invertar nömrəli) heyvanların sığortalanması ilə bağlı C-LİV-0007/19 saylı, 02.04.2019 tarixli sığorta müqaviləsi "xxxx" ASC ilə "xxxx" ASC arasında imzalanmışdır. Həmin sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC faydalanan şəxs qismində çıxış etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, sığorta müqaviləsi üzrə nə tərəf, nə də faydalanan şəxs olmadığından, iddiaçının sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsini tələb etməyə subyektiv hüququnun olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" ASC tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün göstərilmiş hal iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi cavabdehin sığorta ödənişinin verilməsindən imtinasını əsaslı hesab edərək iddiaçının hüquqlarının pozulmaması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində göstərdikləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı hesab edilmir. Belə ki, İddiaçı apelyasiya şikayətində məhkəmənin onun sığorta müqaviləsi üzrə sığorta ödənişinin verilməsini tələb etməyə subyektiv hüququnun olmaması barədə gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu göstərsədə, qanun pozuntusunun nədən ibarət olması barədə sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2645/2021 saylı, 21 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8845/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8845/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver