Məhkəmə qərarları › İş №2(103)-8854/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8854/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8854/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka predmetinin ipoteka yüklülüyündən azad edilməsi və cavabdehin üzərinə öhdəlik qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(006)-4290/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə arasında bağlanmış 04.06.2015-ci il tarixli 247 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Range Rover” markalı, **-EK-*** X4 avtomobilin yüklülükdən azad edilməsi, bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyinin Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı qismində Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 17 iyul 2020-ci il tarixində cavabdeh olaraq ona, zaminlər X5 və X2 qarşı Yasamal Rayon Məhkəməsinə (kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə) iddia ərizəsi ilə müraciət etmiş, Yasamal Rayon Məhkəməsi iddia müddəti ötürüldüyündən 2(004)-3745/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbini rədd etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7994/2020 saylı 10.11.2020ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi qüvvədə qalmış, Ali Məhkəmənin 19 aprel 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna yuxarıda göstərilənləri nəzərə alaraq “Range Rover” markalı **-EK-*** X4 avtomobilin ipoteka yüklülüyündən azad edilməsi barədə arayışın təqdim edilməsinə dair 29.04.2021-ci il tarixində ərizə ilə müraciət etmiş, lakin bu günə kimi ərizəsinə cavab verilməmiş, mülkiyyətində olan avtomobil hələ də ipoteka ilə yüklüdür. Ali Məhkəmənin qərarına əsasən gördündüyü kimi, iddiaçının 04.06.2015-ci il tarixli 247 saylı kredit müqaviləsinə əsasən Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Belə olduğu təqdirdə mülkiyyətində olan “Range Rover” markalı, **-EK-*** X4 avtomobilimin ipotekada qalmasına zərurət yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(006)-4290/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, maddi hüquq normaları düzgün tətbiq edilməmiş, araşdırılmalı olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçı və cavabdeh arasında kredit və ipoteka müqavilələri bağlanmış, ipoteka müqaviləsinə əsasən iddiaçıya məxsus “Range Rover” markalı **-EK-*** X4 avtomobil cavabdeh qarşısında ipoteka ilə yüklü edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC İddiaçı, X3 və X2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3745/2020 saylı 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia müddəti keçdiyindən iddia rədd edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7994/2020 saylı 10.11.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(102)-2752/2021 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7994/2020 saylı 10.11.2020-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılmışdır. İddiaçı hazırda 04.06.2015-ci il tarixli 247 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Range Rover” markalı, **-EK-*** X4 avtomobilin yüklülükdən azad edilməsini tələb edir. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ipoteka predmetinin yüklülükdən azad edilməsi üçün ipotekaya xitam verilməlidir. İpotekaya xitam verilməsinin halları isə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində göstərilmişdir ki, həmin maddədə nəzərdə tutulmuş hallardan heç biri hazırki iş üzrə müəyyən edilməmişdir. Hazırda mübahisələndirilən müqavilə 04 iyun 2015-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən cəmi 6 ilə yaxın müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır ki, qeyd olunan 10 illik müddət isə hələ başa çatmamışdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır. Göründüyü kimi, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin iddiası təmin edilmədiyindən, borclu İddiaçı kredit öhdəliklərinə xitam verilmişdir. Belə olan halda isə həmin öhdəliyi təmin etmiş ipoteka öhdəliyinə də xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 554.3-cü maddəsinə görə, əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsindən görünür ki, ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanılır. Həmin Qanunun 15.1-ci maddəsində isə qeyd edilir ki, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinin tələbinə görə isə əsas öhdəliyə xitam verildikdə, ipotekaya xitam verilir. Göründüyü kimi, əsas öhdəliyə xitam verilməsi ipotekaya da xitam verilməsi ilə nəticələnir və bu, ipoteka saxlayanın və ya qeyrisinin iradəsindən asılı deyildir. Belə hallarda ipotekaya xitam verilməsi qanunun imperativ göstərişidir və bunun üçün əlavə hər hansı addım atmağa ehtiyac yoxdur. İpotekaya xitam verildiyi üçün ipoteka predmeti də ipoteka yüklülüyündən azad edilməlidir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4290/2021 saylı iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. İddiaçı ilə cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC arasında bağlanmış 04.06.2015-ci il tarixli 247 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş “Range Rover” markalı, **-EK-*** X4 avtomobil yüklülükdən azad edilsin və bu barədə Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinə məlumat verilməsi öhdəliyi Ləğv prosesində olan Cavabdeh1 ASC-nin üzərinə vəzifə olaraq qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar