Məhkəmə qərarları › İş №2(103)-886/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-886/2025

14.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-886/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məmməd oğlunun Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı Məmməd oğlu, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məmməd oğlunun Cavabdehnə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3985/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli bildirişində qeyd edilmişdir ki, “ALLES İNŞAAT 77" MMC-nin direktoru Orucov Eldəniz yazılı formada bildirirəm ki, noyabr ayının 8-i 2018-ci ildə X2 və X5 dörd aylıq (yanvar, fevral, mart, aprel) olmaqla, hər ay üçün 2500 AZN, ümumilikdə isə hər bririnə 10000 AZN əmək haqqı ödəniləcəkdir.”

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Məmməd oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, onun "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə X6 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Ərizəsində təqdim etdiyi müəssisə rəhbərliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli bildirişdə ona 10000 manat ödəniləcəyi qeyd olunmuşdur. Tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi bildirişi müəyyən edilməmişdir. Bu səbəbdən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) görülməsinə cəlb olunduğu müəyyən edilmişdir, lakin "xxxx" MMC-nin vəzifəli şəxsi tərəfindən törədilən inzibati xətanın sonuncu tarixi 2018-ci ilin oktyabr ayı oğlduğu və xx.xx.2023-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 1-ci hissəsinə əsasən inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə biləcəyi nəzərə alınaraq, "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraata başlamaq mümkün olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Məmməd oğlu Cavabdehnə qarşı “əmək haqqının ödənilməsi və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pozulmuş əmək hüquqlarının bərpa edilərək, ödənilməmiş 22000 manat məbləğində əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, eyni zamanda 60 manat məbləğində mediasiya xərclərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 08 noyabr 2018-ci il tarixdə "xxxx" MMCnin rəhbəri X4 ilə aralarında razılığa gələrək "xxxx" MMC-yə məxsus bina tikililərində baş mühəndis olaraq xidmət işlərin görülməsinə cəlb olunmuşdur. Cavabdehlə aralarında olan razılığa əsasən (işlə bağlı ezamiyyə və digər xərclər də nəzərə alınmaqla) ona 8 ay müddətinə aylıq 2750 manat olmaqla ümumilikdə 22000 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Belə ki, cavabdeh "xxxx" MMC-nin rəhbəri Eldəniz Orucov tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli bildirişdə də qeyd edildiyi kimi ilk olaraq 4 aya görə (yanvar, fevral, mart, aprel) aylıq 2500 manat olmaqla ümumilikdə 10000 manat sonradan cavabdehin etdiyi düzəlişə əsasən 11000 manat məbləğində əmək haqqı ona ödənilməli idi. Daha sonra növbəti 4 aya (may, iyun, iyul, avqust) görə ödəniləcək 11000 manat məbləğində əmək haqqının ona ödənilməsini isə aralarında şifahi olaraq razılaşmışlar. Lakin nəzərdə tutulmuş bütün işlər tərəfindən tam şəkildə təhvil verildikdən sonra cavabdeh aralarında olan razılığa əsasən 22000 manat məbləğində aylıq əmək haqqını ona ödəməmişdir. Bununla bağlı dəfələrlə müraciət etsə də, cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, zaman-zaman müxtəlif bəhanələr və yalan vədlərlə bugünədək aldadılmışdır.

5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. Cavabdehin qanuni təmsilçisi Eldəniz Orucovla 2017-ci ilin əvvəllərində Özbəkistan layihəsində tanış olmuşdur. X8 Respublikasında 46 yaşayış binalarının tikintisi ilə bağlı iş götürdüyünü bildirmişdir. 2017-ci ilin sentyabr ayında Gürcüstan Respublikasına getmişdir. Orada 3 ay işləmişdir. 2017-ci ilin noyabr ayında iddiaçı da işləməyə gəlmişdir. İddiaçını o cavabdehin qanuni təmsilçisinə mühəndis olaraq tövsiyə etmişdir. 2017-ci ilin dekabr ayında iddiaçı əmək fəaliyyətinə başlamışdır. Ona dörd ay üçün, iddiaçıya 2017-ci ilin dekabr ayı üçün əmək haqqı ödənilmişdir. 2018-ci ilin yanvar ayında bayramdan sonra yenə Gürcüstan Respublikasında həmin iş yerində işə başlamışlar. Təxminən bir ay yarım işlədikdən sonra cavabdehin qanuni təmsilçisi iddiaçını Bakıya, Ağ şəhərdə işləməyə çağırmışdır. İddiaçı və onun üçün Bakıda kirayə ev də tutulmuşdu. Burada bir ay, bir ay yarım işlədikdən sonra Gürcüstan Respublikasına qayıtmış və orada avqust ayına qədər işləmişlər. Bolnisi rayonu, Saraclı kəndində anadan olmuşdur. Onlar iddiaçı ilə Gürcüstan Respublikasında Eneparqus şirkətində işləmişlər. Onlar Gürcüstan Respublikasında Cavabdehndə deyil, “Svet” şirkətində işləmişlər. Ağ şəhərdə Cavabdehndə işləmişlər. O, anbardar olaraq işləmişdir. Onunla əmək müqaviləsi bağlanmışdır, lakin onun bir nüsxəsi onda yoxdur. əmək kitabçasında bu iş yeri qeydə alınmamışdır. Əmək müqaviləsində əmək haqqının hər ay üçün ödənilməsi nəzərdə tutulmuşdu. Cavabdehin qanuni təmsilçisi hər dəfə əmək haqqının ödəniləcəyini bildirirdi. Daha sonra cavabdehin qanuni təmsilçisi 4 aylıq əmək haqqının 2018-ci ilin noyabr ayında ödəniləcəyini bildirmişdi. Əmək haqları 4000 lari idi. Cavabdehin qanuni təmsilçisi qalan 4 ay üçün əmək haqqının 08 noyabr 2018-ci il tarixindən 3-4 gün sonra ödəniləcəyini bildirmişdi. O, xəstə olduğundan müvafiq tələblə məhkəməyə müraciət etməmişdir. X9 şirkətinin qanuni təmsilçisi idi.

6. Məhkəmə iclasında şahid kimi dindirilən X11 ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. İddiaçı ilə birlikdə 2018-ci ilin fevral, mart, aprel aylarında Ağ şəhərdə işləmişlər. Sonradan iddiaçı Gürcüstana getmişdir. O, mühəndis olaraq fəaliyyət göstərmişdir. Əvvəllər də iddiaçı ilə birlikdə işləmişlər. Onun iddiaçının Ağ şəhərdə işləməmişdən əvvəl harada işlədiyi barədə məlumatı yoxdur. Onunla əmək müqaviləsi bağlanmışdır, lakin bir nüsxəsi ona verilməmişdir. Onunla bağlanmış əmək müqaviləsində ona 1200 manat əmək haqqı nəzərdə tutulmuşdu. İddiaçının həmin şirkətdə nə qədər əmək haqqı aldığını bilmir. Əmək haqqı aylıq ödənilirdi. İddiaçının əmək haqqını ala bilmədiyini bilmirdi.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 oktyabr 2024-cü il tarixli 2(004)-3985/2024 nömrəli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia qismən təmin edilmiş, Cavabdehndən 10000 (on min) manat məbləğində pul və mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçı Məmməd oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mövcud olan şifahi razılaşmaya əsasən X3 2018-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə müəyyən edilmiş işi-xidməti yerinə yetirmiş, "xxxx" MMC isə hər ay üçün 2500 manat olmaqla, 10000 manat pulu İddiaçı Məmməd oğluna ödəməyi öhdəsinə götürsə də, görülən işin əvəzi olaraq müəyyənləşdirilmiş pulu İddiaçı Məmməd oğluna ödəməmiş, xx.xx.2018-ci il tarixdə bildiriş tərtib etməklə 2018-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə hər ay üzrə 2500 manat olmaqla, ödəməli olduğu 10000 manat pulu 08 noyabr 2018-ci ildə ödəyəcəyini bildirmişdir.

9. İddiaçı 4 ay üçün cəmi 10000 manat deyil, 11000 manata razılaşdıqlarını qeyd etsə də, məhkəmə həmin məbləğlə razılaşmayaraq, qeyd etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, 11000 manat məbləğ həmin bildirişə sonradan əlyazma ilə İddiaçı Məmməd oğlu tərəfindən əlavə edilmişdir. İddiaçı Məmməd oğlu məhkəmə iclasında verdiyi izahatında da həmin məbləğin sonradan özü tərəfindən oraya əlavə edildiyini bildirmişdir.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi “2018-ci ilin sonrakı 4 ayı (may, iyun, iyul, avqust) üçün də 11000 manatın cavabdehdən tələb edilməsi” hissəsində də təmin edilməməlidir. Belə ki, İddiaçı Məmməd oğlu tərəfindən cavabdehə 2018ci ilin sonrakı 4 ayı, yəni may, iyun, iyul, avqust ayları ərzində də xidmət göstərilməsi öz təsdiqini tapmamışdır. İddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmənin mövqeyinə görə, İddiaçı Məmməd oğlu ilə Cavabdeh arasında yaranmış hüquq münasibəti əmək münasibəti deyil, mülki-hüquqi xarakterli münasibətdir. Belə ki, iddiaçı, eyni zamanda məhkəmə iclasında dindirilmiş şahidlər Cavabdeh ilə onlar arasında əmək müqaviləsinin bağlandığını bildirsələr də, qeyd etdikləri əmək müqaviləsini məhkəməyə təqdim edə bilməmişlər. Bununla yanaşı əgər tərəflər arasında mövcud əmək müqaviləsi mövcud idisə, Cavabdeh görülmüş işin əvəzi kimi müəyyən olunmuş haqqla bağlı əlavə xx.xx.2018-ci il tarixli bildirişdə qeyd etməyə ehtiyac duymazdı, əmək haqqının məbləği elə tərəflər arasında bağlandığı iddia edilən müqavilədə qeyd edilərdi.

12. İddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından bəlli olan odur ki, tərəflər şifahi qaydada razılaşmışlar ki, İddiaçı Məmməd oğlu "xxxx" MMC-yə məxsus bina tikililərində xidmət işlərin görülməsini həyata keçirək, "xxxx" MMC isə görüləcək işlərin əvəzi olaraq aralarındakı razılaşmaya əsasən müəyyən edilmiş muzdu İddiaçı Məmməd oğluna ödəyəcəkdir.

13. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X3 cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən üzərinə götürüdüyü işləri yerinə yetirmiş, lakin cavabdeh görülən işin – xidmətin əvəzi olaraq müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3 və 6-cı maddələrinə, Mülki Məcəllənin 389.1, 390.1, 777.1, 777.2 və 777.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, əslində iddiaçı heç bir tikinti işini yerinə yetirməmişdir. Çünki, əgər iddiaçı həqiqətən MMC-nin tapşırığı üzrə hər hansı bir iş görmüşdürsə, onda gördüyü işlər barəsində “görülən işlərin işin təhvil-təslimi” barədə akt təqdim etməli idi. İddiaçı ilə nə əmək müqaviləsi, nə də xidməti müqavilə bağlanmamışdır. Cavabdeh MMC ümumiyyətlə, Gürcüstanda fəaliyyət göstərməmiş və orada hər hansı bir işi icra etməmişdir. İş üzrə şahid qismində dindirilmiş iddiaçının həmkəndliləri X13 və X11 da bu halları məhkəmədə təsdiq etmiş və Tbilisi şəhərində Cavabdeh MMC-nin deyil, hansısa “Svetv”ə “Eneparqus” adlı şirkətlərin tikinti işləri apardıqları göstərilmişdir. İddiaçı heç bir iş görmədiyi halda, işə baxan məhkəmə öz qərarında yanlış olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2 və 777.4-cü maddələrinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Lakin məhkəmə burada nəzərə almamışdır ki, hətta mübahisə mülkihüquqi müqavilə əsasında yaransa belə, iddiaçı bu halda da müqavilədən irəli gələn mübahisələr üzrə qanunvericiliklə müəyyən edilmiş 3 illik iddia müddətini çoxdan ötürmüşdür. Beləliklə də, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir, tətbiq edilməli olmayan normanı tətbiq etmişdir. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İddiaçı X3 ilə cavabdeh "xxxx" MMC arasında hər hansı əmək münasibətləri mövcud olmamış, cavabdeh tərəfindən iddiaçıya hər hansı əmək funksiyalarının icrası ilə bağlı heç bir tapşırıq və ya göstəriş verilməmiş, eləcə də iddiaçı tərəfindən cavabdehə hər hansı iş icra edilib təhvil verilməmişdir. İddiaçı ilə "xxxx" MMC arasında isə əmək müqaviləsi mövcud olmamışdır. İddia ərizəsində iddiaçının istinad etdiyi cavabdeh tərəfindən verilmiş bildirişə gəldikdə isə bu gələcəkdə tərəflər arasında əmək müqaviləsinin bağlanacağı təqdirdə ilkin niyyət xarakteri daşıyır, bu isə tərəflər arasında əmək münasibətlərinin mövcudluğuna heç bir halda əsas ola bilməz. Əmək haqqı tələbi əsassız olduğuna görə təbii ki, əmək haqqının gecikdirilməsinə görə kompensasiya tələbi də qanunsuz və əsasızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

19. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun verərək, onun təmin edilməsini xahiş etdi.

20. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Əmək Məcəlləsi

21. Maddə 3, bənd 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 22.Maddə 6, bənd d. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 24.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

25. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

26. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 27.Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir.

Mülki Prosessual Məcəllə

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göründüyü kimi tərəflər tərəflər arasında mövcud olan şifahi razılaşmaya – tapşırıq müqaviləsinə əsasən X3 2018-ci ilin yanvar, fevral, mart, aprel ayları üzrə müəyyən edilmiş işi-xidməti yerinə yetirmiş, "xxxx" MMC isə hər ay üçün 2500 manat olmaqla, 10000 manat pulu iddiaçıya ödəməyi öhdəsinə götürsə də, görülən işin əvəzi olaraq müəyyənləşdirilmiş pulu iddiaçıya ödəməmişdir.

37. Cavabdehin direktoru Eldəniz Orucov xx.xx.2018-ci il tarixdə bildiriş tərtib etməklə yanvar, fevral, mart, aprel ayları üzrə hər ay üzrə 2500 manat olmaqla, ümumilikdə 10000 manat pulun iddiaçıya 08 noyabr 2018-ci ildə ödəniləcəyini bildirmişdir.

38. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı Məmməd oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi bildirişi müəyyən edilməmişdir.

39. Belə olduqda isə birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında baş tutan münasibətlərə şifahi tapşırıq müqaviləsi kimi qiymət vermişdir.

40. İddiaçının təqdim etdiyi bildirişdə görülmüş işlərin haqqı olaraq 10000 manat borcun yaranması öz təsdiqini tapır və cavabdehin nümayəndəsi də məhz həmin borcun zaman baxımından icrası ilə bağlı konkret öhdəlik götürmüşdür.

41. Bildiriş cavabdeh tərəfindən mübahisələndirilmir, əksinə qəbul olunur, lakin onun tərəflər arasında əmək müqaviləsinin bağlanacağı təqdirdə ilkin niyyət xarakteri daşıdığını qeyd olunur. Lakin bildirişin məzmununda hər hansı niyyət barədə razılaşma əks olunmamışdır. 42.Şikayətdə qeyd edilən “görülən işlərin təhvil-təslimi barədə aktın olmamasına” münasibətdə Kollegiya qeyd edir ki, “bildiriş”in verilməsi iddiaçını görülmüş işlərin həcmi və təhvil-təslimini sübut etmək yükündən azad edir. 43.İddia müddətinə gəldikdə isə birinci instansiya məhkəməsində bununla bağlı ərizə verilməmişdir, ona görə də həmin məsələ apelyasiya şikayətinin əsasını təşkil edə bilməz.

44. Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qanuni və əsaslı nəticəyə gəlmişdir.

45. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3985/2024 nömrəli iş üzrə 17 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar