Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8879/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1682/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1682/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(063)-764/2020 saylı, 06.03.2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh 14.04.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda cavabdeh "xxxx" QSC-də problemli kreditlər şöbəsinin kredit mütəxəssisi vəzifəsində çalışır. Onun vəzifə maaşını 936 manat təşkil edir. Maaşdan tutulmalar olduqdan sonra isə xalis gəliri 840 manat məbləğində təşkil edir. 09.08.2021-ci il tarixində yenidən nikaha daxil olaraq ailə həyatı qurmağa hazırlaşır. Bununla da artıq onun əlavə öhdəlikləri də yaranır. Son dövrlərdə toy mərasiminə hazırlıq prossesi onun xərclərini də xeyli artırmışdır. Belə ki, yeni quracağı ailəni də saxlamalı olduğundan, gəlirinin ¼ hissəsinin aliment qismində tutulması onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirir və xalis gəliri cəmi 840 təşkil edir ki, onun da 1/4 hissəsi tutulduqda onun əlində təqribən 630 manat pul qalır. Aydın məsələdir ki, bu məbləğ bir ailənin saxlanılması üçün kifayət edən bir məbləğ deyildir. Hesab edir ki, məhkəmə onun yeni ailə qurmağını diqqətəlayiq hal kimi nəzərə almalı, bu səbəbdən də tutulan alimentin məbləğini həm də onun mənafelərinə uyğun bir həddə müəyyən etməli idi. Sağ gözündə uveal melanoma xəstəliyindən əziyyət çəkir. 2016-cı ilin aprel ayında İstanbul şəhərində bununla əlaqədar olaraq əməliyyat keçirmişdir. Bundan başqa, mütəmadi olarq gözündən müayinə olunmalıdır. Ölkədə bu xəstəliyin müalicəsi mövcud olmadığından, o, öz müalicəsini Türkiyyə Respublikasında davam etdirir. Bu səbəbdən də gəlirinin böyük hissəsini müalicə xərclərinin qarşılanmasına xərcləyir. Həm ailənin saxlanılması, həm də müalicə xərclərinin qarşılanması 630 manat civarında olan pulla həyata keçirilməsi mümkünsüzdür. Belə olan halda normal həyat şəraitinin təmin edilməsi də xeyli çətinləşir. Onun aylıq gəliri məhkəmənin müəyyən etdiyi alimenti qarşılamağa imkan verməyəcək həddədir. Hal-hazırda 170 manat sabit pul məbləğində alimentin ödənilməsi onun imkanları daxilindədir. Belə olan halda Səbail Rayon Məhkəməsinin 2(063)- 764/2020 saylı, 06.03.2020-ci il tarixli qətnaməsinin qüvvədə qalması onun mənafeyinə uyğundur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, tərəflərin birgə nikahından X2 14 aprel 2016-cı ildə doğulmuşdur. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) dörddə biri miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 175 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi hallar, o cümlədən yeni nikah bağlayacağı onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu birinci nikahından doğulmuş uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda ikinci dəfə nikah bağlamaq cavabdehin hüququdur və hüququndan istifadə edirsə, vəzifəsini də unutmamalıdır. İkincisi, uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Lakin iddiaçı alimenti cavabdehin qazancının və digər gəlirlərinin dörddə biri məbləğində tələb etməsi, onun hüququ və qanunvericiliyin tələbidir. Bu hüququ ona qadağan etmək olmaz. Eyni zamanda alimentin sabit pul məbləğində tutulması, yalınz iddiaçının tələbi ilə ola bilər. İddiaçı isə sabit pul məbləğində deyil, cavabdehin qazancının və digər gəlirlərinin bir hissəsindən tələb edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehin mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1682/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8879/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8879/2021
18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver