Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-888/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(004)-141/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin 081236 nömrəli əmlak sığorta şəhadətnaməsinə əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil 11 avqust 2014-cü il tarixdən 11 avqust 2015-ci il tarixədək sığortalanmışdır.
2. “Arabaçı” KM tərəfindən tərtib olunmuş 24 mart 2015-ci il tarixli aktdan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə maddi zərər dəymişdir.
3. "xxxx" ASC-nin 16 aprel 2015-ci il tarixli zərərin hesablanması aktına əsasən X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 66 saylı mənzilə dəymiş zərərin məbləği 3133 manat müəyyən edilmişdir.
4. "xxxx" ASC-nin 16 aprel 2015-ci il tarixli sığorta aktına əsasən sığorta olunmuş X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 66 saylı mənzil 26 fevral 2015-ci il tarixdə 70 saylı mənzildə su xəttinin nasazlıq səbəbindən baş vermiş su sızması nəticəsində maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş əmlak ilə bağlı zərər 3133 manat məbləğində müəyyən edilmişdir. Sığorta ödənişi PİP-0530/14 saylı sığorta şəhadətnaməsində razılaşdırılmış sığorta məbləğinin 1 faizi, yəni 1445,50 manat azadolma məbləği çıxılmaqla 1687,50 manat təşkil etmişdir.
5. 22 aprel 2015-ci il tarixli kassa məxaric orderinə əsasən sığorta ödənişi olaraq 1687,50 manat məbləğində pul vəsaiti X2 ödənilmişdir.
6. Cavabdeh1 Məhəmməd qızının "xxxx" ASC-yə ünvanladığı 29 mart 2015-ci il tarixli məktubundan görünür ki, cavabdeh özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində ASC-də sığortalanmış Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə zərər dəydiyini etiraf etmiş, lakin zərərin məbləği ilə razılaşmamış, yalnızca mənzilin divarının islanması nəticəsində divar kağızının qopduğunu və mənzilə kiçik həcmdə ziyan dəydiyini qeyd etmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1687,5 məbləğində sığorta ödənişinin, 36,88 manat məbləğində dövlət rüsumunun və 0,80 qəpik xidmət haqqının, cəmi 1725,18 manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, 26 fevral 2015-ci il tarixdə Cavabdeh1 məxsus olan, sonuncunun və Cavabdeh2 birgə yaşadıqları ünvan 5 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində “ünvan 6 ünvanında yerləşən 66 saylı mənzilə zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1687,5 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh1 tərəfindən ASC-yə verilmiş ərizədən müəyyən olunur ki, cavabdeh özünə məxsus olan ünvan 5 ünvanında yerləşən 70 saylı mənzildə baş verən su sızması nəticəsində ASC-də sığortalanmış Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 22a ünvanında yerləşən 66 saylı mənzilə zərər dəydiyini etiraf etmiş, lakin zərərin məbləği ilə razılaşmamışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(004)- 141/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət eilmişdir.
10. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə - ünvan 5 ünvanında yerləşən 70 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün hansı məbləğdə pul vəsaitinin tələb olunduğunun müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Buna baxmayaraq ekspertizanın aparılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə mənzilə baxış təyin edilmiş, lakin qeyd edilən tarixə tərəflər gəlməmişdir. Ekspertizanın aparılmasından imtina edilmiş, icrasız geri qaytarılmışdır. Daha sonra mülki işin materialları yenidən icra olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə mənzilə baxış təyin edilmiş, lakin tədqiq olunan mənzilin qapısı bağlı olduğundan tədqiqat obyektinə baxış keçirilməsi və sualların cavablandırılması mümkün olmamışdır. Ekspertizanın aparılmasından imtina edilmiş, icrasız geri qaytarılmışdır. Daha sonra mülki işin materialları yenidən icra olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə Məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə mənzilə baxış təyin edilmiş, lakin iş üzrə iddiaçı məhkəmə binasına gəlmədiyindən, tədqiqat ünvanının müəyyən edilməsi, tədqiqat obyektinə baxış keçirilməsi və sualların cavablandırılması mümkün olmamışdır. Ekspertizanın aparılmasından imtina edilmiş, icrasız geri qaytarılmışdır. Göründüyü kimi ünvan 5 ünvanında yerləşən 70 saylı mənzilə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün hansı məbləğdə pul vəsaitinin tələb olunduğunun müəyyən edilməsi məqsədilə xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş lakin iş üzrə iddiaçı tərəf 1 ilə yaxın müddətdə ekspertizanın aparılmasına və sığartalanmış mənzildə dəymiş ziyanın müəyyən edilməsi üçün şərait yaratmamışdır. Buna baxmayaraq hadisədən 7 ildən çox müddət keçəndən sonra subroqasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı tərəf məhkəməyə mənzilə dəyən zərərin müəyyən olunması ilə bağlı mötəbər sübut təqdim edə bilmədiyindən iddia tələbi yalznız cavabdehin məhkəmə iclasında etiraf etdiyi həcmdə yəni – 500 manat məbləğində təmin olunmalı, qalan hissədə təmin olunmamalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, 926, 936.1, 936.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın tam təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə əsassız olaraq Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə istinad eədərk belə nəticəyə gəlmişdir ki, iddiaçı "xxxx" ASC ekspertizanın keçirilməsindən imtina etmiş və buna mane olmuşdur. Lakin iddiaçı tərəfindən ekspertizanın keçirilməsinə heç bir maneçilik törədilməmişdir. Ekspert əsassız olaraq “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”-ın 3.2-ci bəndinə əsasən ekspertizanın aparılmasından imtina etmiş, məhkəmə isə iddiaçının ekspertizanın keçirilməsinə maneçilik törətməsi barədə yalnış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında tədqiqat aparılmalı olan mənzillərin dəqiq ünvanları göstərilmişdir. Tədqiqat aparılmalı olan obyektin dəqiq ünvanı olduğu halda ekspertin iddiaçının gəlməməsi səbəbindən tədqiqat aparılmalı obyektə baxış keçirilməsinin mümkün olmaması barədə mülahizələri tamamilə əsassızdır və hazırkı halda ekspertiza tədqiqatının aparılmasından imtina edilməsi üçün “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12- civə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə EkspertizasıMərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”-ın 3.2-ci bəndlərində göstərilən hallar mövcud deyil. Həmçinin, iş materiallarında sözügedən mənzillərin sığorta hadisəsi zamanı çəkilmiş fotoşəkilləri və video görüntüsü olduğu üçün ekspertizanın həmin fotoşəkillər və video görüntü əsassında da aparılması mümkündür. Qeyd edilənlərlə yanaşı ekspertiza tədqiqatının aparılmasına üçün ekspertin israrla baxışını tələb etdiyi ünvan 2 ünvanında yerləşən 70 saylı mənzilin sahibi 25 avqust 2023-cü il tarixdə Bakı şəhərində olmadığı üçün onunla əlaqə saxlanılması və ekspertizanın keçirilməsinə iddiaçı tərəfindən yardım göstərilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi ekspertiza keçirilməsini təmin etməməklə əsassız olaraq iddianın cavabdehin etiraf etdiyi həcmdə - 500 manat məbləğində təmin edilməli olduğu qənaətinə gəlmiş, iş materiallarına əlavə edilmiş 16 aprel 2015-ci il tarixli zərərin hesablanması aktını nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını məhkəmədən xahiş etdilər.
16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin qismən – iddia rədd olunduğu hissədə ləğvi xahiş edildiyi nəzərə alınaraq qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin hallarından görünür ki, zərərin vurulması işin mübahisə olunmayan halıdır, tərəflər arasında olan mübahisə zərərin məbləbği ilə bağlıdır.
21. Birinci instansiya məhkəməsi zərərin məbləği ilə bağlı yalnız ekspertiza təyin etmiş, iş materiallarında olan sübutlar əsasında heç bir araşdırma aparmamışdır. Buna görə məhkəmə kollegiyası tərəfindən iş materiallarının 18-ci vərəqəsində olan 16 aprel 2015-ci il tarixli zərərin hesablanması aktı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillər və videoyazı ilə müqayisəli şəkildə tədqiq edilərək araşdırılmışdır.
22. 16 aprel 2015-ci il tarixli zərərin hesablanması aktı təmirə zəruri olan materiallar üçün 1693 manat, usta işinə görə isə 1140 manat, ümumilikdə 3133 manat zərər hesablanmışdır. Həmin aktın əmək haqqı bağlı bölməsində parket işinə görə 300 manat, malyar işinə görə 650 manat, alçıpan işinə görə 150 manat, paduqa işinə görə 90 manat, zibil atma üçün isə 250 manat, materiallarla bağlı hissədə 15 kv.m parket üçün 500 manat, 5 kq lak – dolqu üçün 100 manat, qapı üçün 200 manat, 4 ədəd mətbəx mebeli şkafı üçün 200 manat, laqv və diktlər üçün 100 manat hesablama aparılmışdır.
23. Lakin iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillər və videoyazı məhkəmədə araşdırılarkən məlum olur ki, su axıdılma nəticəsində yalnız evin 1 otağının çilçırağının ətrafı, paduqa və alçıpanın bir hissəsi yararsız vəziyyətə düşsə də, parketə, qapıya, mətbəx mebeli şkaflarına hər hansı bir zərər vurulmamışdır.
24. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləğinin nə birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi – yalnız cavabdehin etirafı, nə də 16 aprel 2015-ci il tarixli zərərin hesablanması aktında göstərildiyi formada hesablanması ədalətli və ağlabatan deyildir. Zərərin məbləği yalnız zərərin hesablanması aktı iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş fotoşəkillər və videoyazı ilə müqayisəli şəkildə tədqiq edilməklə müəyyən olunmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, parket, qapı, mətbəx mebeli şkafları hər hansı bir zərər görmədiyindən həmin əmlaklarla bağlı qeyd olunan işlər və materialların məbləği cavabdehdən tutula bilməz.
26. Məhkəmə kollegiyası hesab edir ki, zərərin məbləği müəyyən olunarkən mənzilin yalnız yararsız vəziyyətdə olan hissələri nəzərə alınaraq hesablama aşağıdakı kimi olmalıdır: 7 ədəd alçıpan – 100 manat, 30 ədəd profil U – 70 manat, 5 ədəd profil Ç – 15 manat, 2 ədəd şrup – 20 manat, propka şrup – 5 manat, 5 kisə astar – 35 manat, 3 kisə üz – 20 manat, 1 kisə gips – 5 manat, 25 kq emusiya – 70 manat, 4 ədəd valik – 12 manat, 3 ədəd kist – 4 manat, 2 ədəd vanna – 6 manat, 2 ədəd vedrə - 6 manat, 4 ədəd kist – 5 manat, alçıpan işi – 150 manat, paduqa işi 90 manat. Materiallar və görülən işlər də daxil olmaqla zərərin məbləği 613 manat təşkil edir.
27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəymiş zərərin məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qətnamənin ləğvinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə ləğv olunaraq yuxarıda müzakirə olunan qaydada iddia qismən təmin olunmalıdır.
28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(004)- 141/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, e-2(004)- 141/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 613 manat məbləğdə sığorta ödənişi tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev