Məhkəmə qərarları › İş №2(103)-888/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-888/2025

24.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-888/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)-4041/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçının yanında saxlanılması və xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin qazancının 1/3 hissəsi məbləğində alimentin tutulması və birgə nikah dövründə mənzilin alınması üçün ödənilmiş ilkin ödəniş və aylıq ödəniş daxil olmaqla 37842.66 manat məbləğindəki pul vəsaiti üzərində 1/2 hissədə pay hüququmun tanınmasına və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 18921,333 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004) 4041/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh1 “Səadət Sarayında” 774 nömrəli xx.xx.2011-ci il tarixli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X7 iddiaçının yanında saxlanılması və xx.xx.2012-ci il təvəllüdlü X5 iddiaçı (ana) İddiaçı yanında qalması, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay Cavabdeh1 aylıq gəlirləri və qazancının 1/3 hissəsi məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, birgə nikah dövründə mənzilin alınması üçün ilkin ödəniş olaraq ödənilmiş 24986 manat məbləğindəki pul vəsaiti üzərində iddiaçının 1/2 hissədə pay hüququnun müəyyən edilməsi və həmin məbləğin iddiaçının payına aid olan hissəsinin, yəni 12493 (on iki min dörd yüz doxsan üç) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci və ödənilmiş 204 (iki yüz dörd) manat dövlət rüsumunun 170 (yüz yetmiş) manat hissəsinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(004)-377/2024 nömrəli qərardadı nəzərə alınmaqla məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanması və alimentin tutulmasının dərhal icra edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən iddianın əmlakla bağlı təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apelyasiya şikayətindən imtina etdiyini bildirməklə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdırıb hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayətindən imtina qəbul edilməli və hazırki apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)-4041/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və pul” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(004)-4041/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi qəbul olunsun və iş üzrə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyator İddiaçı özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar