Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8909/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi döngə 6, 9/1 saylı fərdi evin tikinti və təmirinə sərf edilmiş ümumilikdə 20.000 manat pul məbləğinin paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər şossesi döngə 6, 9/1 saylı fərdi evin alınmasına 35000 ABŞ dolları, tikinti və təmirinə sərf edilmiş pul məbləğinin paylarına uyğun şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 05 yanvar 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından bir övladıları dünyaya gəlib. Cavabdehlə münasibətləri pisləşdiyi üçün nikah məhkəmə qaydasında pozulub. Cavabdehlə nikahda olan dövrdə 2012/2020-ci il tarixdə birgə nikah dövründə əldə olunan vəsait hesabına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi döngə 6-da yerləşən 9/1 saylı fərdi ev tikmişlər. Həmin fərdi ev nikah dövründə əldə etdikləri vəsait hesabına tikilib, təmir edildiyindən onlar arasında bərabər surətdə bölünməlidir. Belə ki, "xxxx" MMC”-nin daşınmaz əmlakın qiymətləndirilməsi texniki ekspertinin qiymətləndirmə rəyinə görə yuxarıda göstərilən ünvanda yerləşən fərdi yaşayış evlərinin tikinti və təmirinə çəkilən xərcin bazar qiyməti,yəni birmərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilən xərc 20.000 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinni təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi zamanı hakim onun və uşaqlarının mənafeyi ziddinə olaraq cavabdehin maraqlarına üstünlük verib, məhkəmə qeyd olunan qətnamani qəbul edərkən cavabdehin maraqları naminə hərəkət etməməli idi. Buna görədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermək məcburiyyətində qaldı. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında 2012-ci ildən rəsmi nikah olmuşdur. İş materiallarında olan 08.08.2011-ci il tarixli "xxxx" MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi döngə 6-da yerləşən 9/1 saylı fərdi evin (tikintinin sahibi X2 göstərilmişdir) tikintisinin dəyəri 20.000 manat təşkil edir. Cavabdeh tərəfindən “səlahiyyətli orqanlara” ünvanlanmış 26 aprel 2014-cü il tarixli ərizənin kserosurətinə əsasən, ərizəçi bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Şəhər Şossesi küçəsi döngə 6-da yerləşən 9/1 saylı fərdi evi X1 35000 ABŞ dollarına almış, 23000 ABŞ dolları ödəmiş, qalan 12000 ABŞ dollarını bir il ərzində ödəməyi üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh tərəfindən "səlahiyyətli orqanlara” ünvanlanmış 26 aprel 2014-cü il tarixli ərizənin kserosurətinə istinad etmişlər. Lakin həmin sənədin əslini və ya notarial qaydada təsdiq olunmuş surətini təqdim etmək üçün iddiaçının vəsatəti ilə məhkəmə iclası bir-neçə günlüyə təxirə salınsa da qeyd olunan sənəd təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, həmin ərizənin əsli təqdim edilmiş olsaydı belə, həmin sənəd mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı həmin qəbzə istinad edərək, alğı-satqı zamanı ödənilən 35000 ABŞ dolları vəsaitin paylara uyğun olaraq onların arasında bölünməsini tələb etsə də, həmin halları təsdiq edən alğı-satqı müqaviləsi, alğı-satqının həyata keçirilməsinə dair ödəniş qəbzləri, alınması iddia olunan əmlakın dövlət reyestindən çıxarış və digər notariat hərəkətlərini təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsi). Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 372, 384-385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-509/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8909/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8909/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver