Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8920/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(001)-5182/21 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları 06 yanvar 2009-cu il təvəllüdlü X2 və 07 dekabr 2012-ci il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində olmaqla 350 manat (hər uşağa 175 manat) alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Hətəmzadə, iş №2(001)-5182/21) iddia tələbi qismən təmin edilmiş, 06.01.2009cu il təvəllüdlü X2 və 07.12.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 10 iyun 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay iki uşağa görə qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi və hər ay hər bir uşaq üçün 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 iyun 2011-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. 23 iyul 2018-ci ildə nikahları məhkəmə qaydasında pozulmuş və 2018-ci il tarixdə Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən ona nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan iki övladları – 06 yanvar 2009-cu il təvəllüdlü X4 və 07 dekabr 2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Cavabdeh hal-hazırda başqa qadınla ailə qurmuş və onlardan ayrı yaşayır. Hazırda o, işləmir, övladlarını normal şəkildə saxlamağa onun maddi vəziyyəti kifayət etmir, ona görə də cavabdehdən aliment almaq zərurəti yaranmışdır. Cavabdehin aylıq qazancı barədə dəqiq məlumatı yoxdur, lakin bilir ki, restoranda işləyir və qazancı da yaxşıdır. Ona görə də hesab edir ki, aliment cavabdehdən sabit pul məbləğində tutulmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, "xxxx" MMC-in Mərkəzi şöbəsində mal məhsul üzrə mühasib vəzifəsində işləyir, aylıq əmək haqqı 250 manat təşkil edir. Qanuna əsasən iki uşağın saxlanması üçün ondan aylıq əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmalıdır. Odur ki, həmin məbləğdə aliment tutulmasına etiraz etmir. Həmçinin qeyd edir ki, yenidən ailə qurmuşdur. Aylıq əmək haqqı ilə həm də yeni ailəsinin dolanışığını təmin etməlidir. Bu səbəbdən iddia tələbinin qismən təmin olunmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda qiymətlərin, o cümlədən ərzaq məhsullarının əhəmiyyətli dərəcədə bahalaşması, eyni zamanda uşaqlara baxdığı üçün işləyə bilməməsi nəzərə alınmalı olduğu halda, bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bu gün şəraitin belə əhəmiyyətli dəyişməsi ilə əlaqədar hər ay 216 manatla üç nəfərlik ailənin saxlanılması müşkül məsələdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı qətnamə iddianın təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmiş, yalnız iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflərin birgə nikah münasibətindən iki uşaqları var: 06 yanvar 2009-cu il təvəllüdlü X4 və 07 dekabr 2012-ci il təvəllüdlü X3. İddiaçının tələbi 06 yanvar 2009-cu il təvəllüdlü X4 və 07 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat miqdarında, cəmi 350 manat alimentin tutularaq ona ödənilməsi barədədir. Birinci instansiya məhkəməsi bu hissədə iddianı qismən əsaslı sayaraq təmin etmiş, qalan hissədə təmin etməmişdir. İddiaçı qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi alimentin tutulmasına dair hissədə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1-ci maddələrinə və s. istinad etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə aliment təyin edərkən uşaqların əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmasını qiymətləndirməyərək hüququn tətbiq edilməsində səhvə yol vermişdir. O uşaqlara baxdığı üçün işləyə bilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki,cavabdehin 250 manat əmək haqqından əlavə gəlirinin olması, başqa iş yeri və ya qazancı olmasına dair işdə hər hansı sübut yoxdur. Hazırkı vəziyyətdə hər uşağa görə 175 manat alimentin tutulması cavabdehin maddi həyat şəraitinin ağırlaşmasına səbəb ola bilər. Bundan əlavə, iddiaçı 216 manat pul vəsaiti ilə üç nəfərlik ailənin saxlanılmasının mümkün olmadığını göstərmişdir. Halbuki, aliment vəsaiti yalnız uşaqların saxlanılması üçün hesablanır. Digər tərəfdən, tərəflərin birgə nikahdan olan övladları azyaşlı olmadığından iddiaçı özü də işləmək hüququna malikdir. Nəhayət, məhkəmə hər uşağa görə 108 manat sabit pul məbləğindən əlavə cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında da aliment tutmuşdur və nəticədə cavabdehdən tutulan alimentin ümumi məbləği 216 manat deyil, daha çox məbləğ təşkil edir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni, iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-8920/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8920/2021
29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver