Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-896/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 vəkili X4 iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı «zaminlik müqaviləsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ZRGTK0891412A206 saylı zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK0891412A206 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ASC tərəfindən Cavabdeh2 kredit borcuna görə onun əmək haqqından Cavabdeh1 ASC-nin hesabına xx.xx.2022-ci il tarixə kimi tutulmuş 11.561 manat 10 qəpik məbləğində pulun, habelə ödədiyi 125 manat dövlət rüsumunun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 Cavabdeh1 ASCnin Gəncə kart Mərkəzi filialından 14.194,59 manat krediti illik 25 % olmaqla 60 ay müddətinə ödənilməsi şərti ilə götürmüşdür. Bu kredit məbləği borcalana gündəlik tələbat məqsədilə verilmişdir. xx.xx.2019-cu il tarixli Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsi üzrə o, borcalan Cavabdeh2 kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh Babayeva X2 Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı Gəncə hərbi hissəsinin hərbi qulluqçusu olmuşdur. Əvvəllər o da həmin hərbi hissədə qulluq keçdiyindən Cavabdeh2 iş yoldaşı kimi tanıyır. Cavabdeh2 borc pula ehtiyacı olduğunu, bankdan kredit götürmək istədiyini və bunun üçün kreditin qaytarılmasını təmin etmək məqsədilə ondan davamlı gəliri olan bir nəfərin zaminlik üçün tələb edildiyini ona bildirmişdir. Daha sonra o, iş yoldaşına kömək etmək məqsədi ilə sonuncuya zamin durmaq təklifini qəbul etmiş və onunla Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialı arasında xx.xx.2019-cu il tarixdə yuxarıda adı çəkilən zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 gördüyü işin müqabilində əvvəllər hər ay 850 manat əmək haqqı almışdır. Bir neçə aydır ki, onu daha yüksək vəzifəyə təyin etmişlər və hazırda FHN fövqəladə halların nəticələrinin aradan qaldırılması baş idarəsinin «tibbi və psixoloji yardım təşkili şöbəsinin rəisi» vəzifəsində işləməklə hər ay 1.500 manatdan yuxarı əmək haqqı və 200 manat mənzil üçün kirayə pulu alır. Həmçinin Cavabdeh2 diş həkimi olduğu üçün bu sahə üzrə şəxsi klinikası da vardır. Onun Gəncə səhərində icarəyə götürdüyü kosmetoloji salon isə ona aylıq xeyli miqdarda gəlir gətirir. Gəncə Azərbaycanın ikinci ən böyük şəhəridir. Belə böyük bir şəhərdə kosmetoloji salon açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan əsas borclu Cavabdeh2 hazırda borcunun ödənilməsindən kənarda qalmış, o isə bu borcun ödənilməsi ilə bağlı bank tərəfindən əmək haqqına məcburi qaydada tutma yönəldilməsi yolu ilə cəlb olunmuşdur. Qeyd etdiyi kimi, Cavabdeh2 əmək haqqı da, gəlirləri də kifayət qədərdir və hər ay borcun ödənilməsinə artıqlaması ilə imkan yaradır. Bütün bunlara baxmayaraq Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialından borc üzrə tələb ilk olaraq əsas borclunun əmək haqqına və gəlirlərinə yönəldilməli olduğu halda, onun əmək haqqına yönəldilmişdir. O, Cavabdeh2 zamin durmaqla bağlı məsuliyyətini dərk edir və bank (kreditor) qarşısında məsuliyyətindən yayınmaq niyyəti yoxdur. Lakin əsas borclu olan Cavabdeh2 1.500 manat məbləğində davamlı əmək haqqı alması və xeyli miqdarda digər gəlirlərinin olduğu halda, tələbin onun əmək haqqına yönəldilməsi qanunauyğun və ağlabatan deyil. Bəlkə bunun edilməsində başqa maraq var? Cavabdeh1 ASC müvafiq araşdırmalar aparmaqla Cavabdeh2 iş yeri və əmək haqqı barədə məlumat əldə etməmiş və tələbi əsassız olaraq birbaşa onun, yəni zaminin əmək haqqına yönəltmişdir. Bildirir ki, Cavabdeh2 ondan tutulan pulun bir qismini ödəsə də, hazırda ona 10.948,8 manat məbləğində ödənilməmiş qalan borcu var. Hər ayın yekunu da ilk olaraq əsas borcludan tutulmalı olan 416.63 manat məbləğində pul (bəzən gecikmələrə görə əlavə dəbbə pulu ilə hesablanan məbləğ) hər ayın yekununda yenə ondan tutulacaq. Əgər Cavabdeh2 borcunu ödəməyə imkanı olmasaydı və buna görə tutulma onun əmək haqqına yönəldilsəydi, qanunla o, buna dözməyə borclu idi. Lakin əsas borclu ondan qatqat daha çox əmək haqqı aldığı və gəliri olduğu halda, o, nə üçün cavabdehin əsas öhdəliyinin icrasında «əsas fiqur rolunu» oynamalıdır? Bankın burada məqsədi nədir, öz kredit borcunu faizi və dəbbə pulu ilə birlikdə aldıqdan sonra onu əsassız yerə məhkəmə və icra yollarına salmaqmı? Bir məsələni də diqqətə çatdırır ki, Cavabdeh2 uşaqlarını təkbaşına böyütdüyünü əsas gəlirərək bir müddət bu yolla borcun ödənilməsindən yayınmağa da çalışa bilər. Lakin sonuncu ərindən boşandığı üçün sonuncudan uşaqlarının saxlanılması üçün 300 manat sabit pul məbləğində aliment də alır. Yəni, borcun ödənilməsi üçün borclunun maddi vəziyyəti hər bir halda kifayət qədər qənaətbəxşdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunar. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il tarixli qərarına əsasən kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-nin 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra edilməsi və va lazımınca icra etməməsindən sonra yaranır. Beləliklə, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. Kreditorla zamin arasında zaminlik müqaviləsinin gələcəkdə borcluya qarşı tələb irəli sürmək hüququnun zaminə keçmək məqsədilə bağlanması və bununla da borclunun hüquqi vəziyyətinin əhəmiyyətli dərəcədə ağırlasdırılması ilə nəticələnən hərəkətlər belə müqavilənin etibarsızlığına səbəb ola bilər. Nəhayət həmin qərarın nəticə hissəsində imperativ qaydada göstərilmişdir ki, gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və va lazımınca icra etmədikdə irəli sürə bilər. Borcalan Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan bu müqaviləni imzalamaqla razılığını bildirir ki, həmin müqavilə üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar vaxtında ödənilmədiyi halda, borclar borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada kreditor tərəfindən tutula bilər və yaxud həmin borclar ödənilənədək borcalanın Cavabdeh1 ASC-də olan istənilən bank hesabı bloklaşdırıla bilər, habelə kredit, kredit münasibətləri kredit üzrə borclar haqqında məlumat, kredit dosyesində olan sənədlərin surəti (hesab müqaviləsi, kredit müqaviləsi, ödəniş qrafiki və s.) həmin sənədlərdə qeyd edilmiş məlumatlar kreditor tərəfindən üçüncü tərəfə (şəxslərə) ötürülə, verilə bilər. Lakin Cavabdeh1 ASC müqavilənin bu mühüm şərtinə əməl etməmiş, borcalan Cavabdeh2 1.500 manat əmək haqqı və digər gəlirləri olmasına baxmayaraq müqavilə üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borcları borclunun bank hesabından deyil, onun bank hesabından silmiş və Cavabdeh2 bank hesabı bloklaşdırılmamışdır. Yuxarıda qeyd edildiyi kimi zaminlik müqaviləsi aksessor (əlavə) xarakter daşıyır. Yəni, zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Halbuki mülki iş üzrə isə borcalanın əsas öhdəlik üzrə borcu ödəmək üçün kifayət qədər maddi imkanının olması və Cavabdeh1 ASC-nin müqavilə üzrə onun istənilən bank hesabından akseptsiz qaydada borcları tuta (silə) bilmə və yaxud həmin borclar ödənilənədək borcalanın Cavabdeh1 ASC-də olan istənilən bank hesabının bloklaşdırıla bilmə imkanlarının olmasına baxmayaraq, borclar onun bank hesabından qanuna və müqavilə şərtlərinə zidd olaraq silinir. Bütün bu qanunsuzluqların aradan qaldırılması üçün bir müddət əvvəl Azərbaycan Respublikası Mərkəzi Bankına və Cavabdeh1 ASC-yə şikayətlə müraciət etsə də, şikayəti üzrə araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ona göndərilən cavab məktubunda Cavabdeh1 ASC-də araşdırılmanın aparılacağı və şikayətin araşdırılmasının Cavabdeh1 ASC-yə həvalə edildiyi bildirilsə də, aradan aylar keçməsinə baxmayaraq cavabdeh tərəfindən ona araşdırma barədə şifahi və ya yazılı cavab verilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 ASC-nin nümayəndəsi X5 iddianı Banka dair hissədə qəbul etmədi və iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh1 ASC-yə qarşı «zaminlik müqaviləsinin ləğvi» tələbinə dair iddia ərizəsini aşağıdakı səbəblərə görə əsassız hesab edirlər. Belə ki, Bank ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin kreditin təminatı kimi İddiaçı ilə Bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin xx.xx.2019-cu il tarixli RGTK0891412A206 saylı müqavilə üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Həmçinin həmin müqaviləyə əsasən zamin kredit müqaviləsi üzrə yaranacaq borcun onun istənilən bank hesabından akseptsiz qaydada silinməsinə razılıq vermişdir. Müştərinin bank qarşısında öhdəliyinin icrasının təmin edilməsinin bir üsulu kimi müştərinin Bankda olan hesablarından pul vəsaitlərinin müştərinin sərəncamı olmadan, akseptsiz qaydada silinməsi hüququ mülki qanunvericiliyin tələblərinə tam cavab verir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən, mülki hüquq subyektləri mülki qanunvericiliyin tələblərinə zidd olmayan həmin Məcəllənin 460.1-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsinin digər üsulunu öz aralarında iradə sərbəstliyi prinsipinə uyğun olaraq, əsas müqavilə ilə yanaşı ayrıca bağlanan müqavilədə müəyyən edə bilərlər. Digər üsullar sırasında bəzi nağdsız ödəmə vasitələrini - akkredetiv, inkasso, akseptiz çıxarış, əvvəlcədən ödəmə və s. göstərmək olar. Göründüyü kimi, Konstitusiya Məhkəməsi akseptsiz qaydada silinməni digər təminat üsulları sırasına daxil etmişdir. Tərəflə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin müqaviləni imzalamaqla bildirir ki, kredit müqaviləsi üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun istənilən bank hesabından bank tərəfindən tutula (silinə) bilər, o cümlədən hesablarındakı digər valyutada pul vəsaitləri bankın elan etdiyi məzənnəyə və Tarif dərəcəsinə əsasən konvertasiya edilərək silinə bilər, habelə ödəniş intervalın əvvəlində kredit müqaviləsi üzrə aylıq borclar tutula (silinə) bilər. Kredit Müqaviləsi üzrə borclar ödənilənədək zaminin bankda olan istənilən bank hesabında olan pul vəsaitləri borcların məbləği həddində bloklaşdırıla bilər. İddiaçı iddia ərizəsində zaminin əlavə məsuliyyət daşıdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd edilən zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci bəndinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yəni birgə məsuliyyət özündə eyni həcmdə məsuliyyət daşıma anlamını ehtiva edir. Həmçinin iddiaçı borcalan Cavabdeh2 ödəmə qabiliyyətli olduğuna istinad edərək bank tərəfindən sözü gedən kredit müqaviləsi üzrə borcun ilk olaraq borcluya məxsus müvafiq bank hesabına yönəldilməli olduğunu bildirmişdir. Lakin bildirirlər ki, borcalanın hazırda əmək haqqı hesabı Cavabdeh1 ASCdə olmadığından müvafiq tələbin Bank tərəfindən yerinə yetirilməsi texniki cəhətdən mümkün deyil. Belə tələbin yerinə yetirilməsi üçün bank tərəfindən mülki iddia qaydasında məhkəməyə müraciət olunmalı, məhkəmə qərarı qəbul edilməli və həmin qərar icraya yönəldildikdən sonra icra qaydasında həll edilməlidir. Bundan başqa, borclunun öhdəliklərini yerinə yetirmədiyinə görə zaminə ziyan dəydikdə, o, dəymiş ziyanın ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Yəni, iddaçı zamin durduğu kredit üzrə ödədiyi məbləği əsas borcludan tələb etmək hüququna malikdir. Öz əmlakı hesabına başqasının öhdəliyini icra etmiş şəxs öz əmlak vəziyyətini bərpa etmək hüququna malikdir. Borclunun öhdəliyini icra etmiş zaminin belə hüququ yuxarıda qeyd olunan maddədə nəzərdə tutulmuşdur. Borclunun öhdəliyini icra etmiş zamin həmin öhdəlik üzrə tam təminat almış kreditorun yerini tutur və kreditorun bütün hüquqları ona keçir. Kreditorun zaminə keçən hüquqlarının həcmi onun öhdəliyin ödədiyi hissəsinin həcminə mütənasib olmalıdır. Müqavilənin ləğvinə münasibətdə isə bildiririk ki, iddiaçının həmin tələblə bağlı Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişdiyini və bu dəyişmənin ağlabatan şəkildə əvvəlcədən görə bilmədiyini qeyd edir. Lakin iddia ərizəsindən də görünür ki, borcalan hazırda da əmək qabiliyyətli olmaqla gəlirə malikdir. Yəni iddiaçı tərəfindən zaminlik müqaviləsi bağlanarkən mövcud olan borcalanın maddi vəziyyətində dəyişiklik olmamışdır. Hətta borcalanın əmək qabiliyyətini itirməsi və ya başqa səbəbdən gəlirdən məhrum olması və ya gəlirinin azalması hesab edirlər ki, bu maddədə nəzərdə tutulan halı ehtiva etmir. Belə ki, hər hansı şəxsin əmək qabiliyyətini itirməsi, işsiz qalması, gəlirdən məhrum olması gözlənilən haldır. Bu halın əvvəlcədən ağlabatan şəkildə görülməsi mümkündür. Müqavilə azadlığına hüquqi qiymət verərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Müqavilə azadlığının təminatı olaraq müştərilərlə kredit müqavilələri rəsmiləşdirildikdə həmin müqavilələrdə tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti və öhdəliklərin icra qaydası aydın şəkildə qeyd edilir və həmin müqavilələr imzalanmamışdan öncə müştərilərə müqavilədə qeyd edilən məsələlərlə bağlı Bank tərəfindən ətraflı izahat verilir. Bu səbəbdən, İddiaçı banka qarşı olan iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 ASCnin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 ASC-nin nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, 11.561 manat 10 qəpik məbləğində pul vəsaiti və ödənilmiş 125 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və İddiaçı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,iddiaçı cavabdehlə birgə biznes fəaliyyəti ilə məşgul olmaq barədə şifahi razılığa gələrək bu məqsədə pul vəsaitinə ehtiyac olduğundan Cavabdeh1 ASC-nin Gəncə filialından xx.xx.2019-cu il tarixli müqavilə ilə cavabdehin adına 17 000 manat məbləğində kredit götürmüş, iddiaçı kreditin qaytarılmasına zamin qalmaqla özünün şərikliyini təsdiqlədiyini nümayış etditmiş, alınmış 17 000 manat pul vəsaiti iddiaçıda qalmış, Gəncə şəhərində kosmoteloji kabinrt yaratmaq üçün İddiaçı icarəyə yer tapmış, onun təmirinə və zəruri avadanlıqların alınmasına 10 000 manat məbləğində pul xərcləmişlər, qalan 7000 manat iddiaçıda qalmışdır ki, özünün kənd təsərrüfatı biznesinə xərləyəcəkdir, hissə-hissə lazım olduqda ödənişlər etmək üçün verəcəkdir. Kosmetoloji kabinet 8 ay işlədikdən sonra icarəyə verən onları icarəyə verdiyi yerdən çıxarmış, nəticədə xeyli məbləğdə ziyana düşmüşlər.İşlədikləri dövrdə kredit üzrə ödənişləri cavabdeh etmiş, gecikmələr olduqda İddiaçının kart hesabından silmişlər. Sonradan cavabdeh onun ödədiyi məbləğin bir qismini özünə, bir qismini tapşiriğına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna, bir qısmini isə Kapital Bankın ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürmüşdür. Biznes fəaliyyətləri dayandığından cavabdeh iddiaçıdan onda qalmış 7000 manat pul vəsaitini tələb etdikdə iddiaçı onun kartı vasitəsi ilə ödənişlərin aparılmasından istifadə edərək cavabdehdən qərəzli şikayət edərək 11 561,10 manat məbləğində pul vəsaitini tələb etmişdir.İddiaçının cavabdehlə şərikliyini təsdiq edən hallardan biri də ondan ibarətdir ki, iddiaçı cavabdehin komandiri olmuş, gündüzlər cavabdehin kosmetoloji salonda işləməsi üçün onu iş yerində axşam növbəsinə keçirmiş, aralarında narazılıq yarandıqda onu dərhal axşam növbəsindən çıxarıb yenidən gündüz növbəsinə keçirmişdir. Digər dəlil isə ondan ibarətdir ki, iddiaçı ilkin iddiasında pul tələbi qoymamış, Zaminlik müqaviləsinin ləğv edilməsini tələb etmiş, bu tələbin qanunsuz olduğunu gördükdən sonra iddia ərizəsinə pul tələbinə dair əlavə vermişdir.Məhkəmə yalnız iddiaçının izahatına və Bankdan alınmış arayışa istinad edərək və MM-nin 475.1-ci maddəsini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli 2(006)- 3073\2022 saylı Qətnamə ilə iddianı pul tələbi hissəsində tələbini təmin etmişdir. Hesab edir ki, qətnamə əsassız və qanunsuzdur.Məhkəmə araşdırması zamanı Cavabdeh2 iştirakı təmin edilməmiş, onun iş üzrə izahatı alınmamış, iddiaya qarşı onun dəlilləri dinlənməmiş və araşdırılmamış, işin digər halları ilə əlaqəli şəkildə qiymətləndirilməmişdir.Birinci instansiya məhkəməsi işin hallarını tam , hərtərəfli və obyektiv araşdırmamışdır.Cavabdeh iddiaçının kart hesabına Bankın terminallarından ödədəiyi ödənişlərə dair sənədləri Bankdan əldə edə bilməmiş, məhkəmədə iştirak etmədiyindən məhkəmə vasitəsi ilə də həmin sənədləri əldə etmək imkanından məhrum olmuşdur.Bundan başqa, işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamışdır.Mülki Məcəllənin 475.1-ci maddəsi məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.Həmin maddədə göstərilmişdir ki, Öhdəliyi icra etmiş Zaminə həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar Zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İşin hallarından göründüyü kimi, birincisi, məhkəmə Zaminlik müqaviləsini ləğv etməmiş, həmin müqavilə qüvvədədi, yəni Zamin kredit üzrə öhdəliyin icrası üçün məsüuliyyət daşıyır.İkincisi, Bank qarşısında öhdəlik tam icra olunmamış, kreditin ödənişi davam edir. Üçüncüsü, iddiaçının kartından silinmiş pul vəsaitinin həqəqətən ona məxsus olub-olmaması araşdırılmamışdir. Dördüncüsü, cavabdehin iş və yaşayış yeri bəlli olduğu halda, ilkin borcun ondan tələb edilmədən birbaşa iddiaçının kartından pul vəsaitinin tutulması və bu səlahiyyətinin Banka hansı əsasla verilməsi səbəbi aydınlaşdırılmamışdır.Qətnamədə göstərilən 11 561,10 manat məbləğində pul vəsaitinin iddiaçıya məxsus olması və iddiaçı tərəfindən Banka cavabdehin borcu müqabilində ğdənilməsinər dəlil işin hallarına uyğun deyil, həmin pul vəsaiti cavabdeh iddiaçı arasındakı mrazılaşmaya əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilmiş, o da kart hesabindan banka ödəmişdir.Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən kredit üzrə ödənilmiş pul məbləğlərini iddiaçıya, onun nümayəndələrinə verməsini, kart hesabina bank terminallarından köçürməsinə dair dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.Pulun verilməsini təsdiq edən şahidlərin məhkəməyə dəvət edilməsini təmin edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etmiş, onun məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.Həmçinin, bildirmişdir ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə heç bir aidiyyəti yoxdur.İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə heç bir bağlılığı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər şəxslər məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətli təmin olunmamalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, xx.xx.2019cu il tarixli RGTK0891412A206 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialı tərəfindən Cavabdeh2 illik 25 % ödəmək şərti ilə 60 ay müddətinə 14.194,59 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli Z-RGTK0891412A206 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı kredit müqaviləsi üzrə Cavabdeh2 digər Cavabdeh1 ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi üzrə ödənişləri vaxtında və tam şəkildə icra etmədiyindən, borc məbləğləri zamin kimi İddiaçı əmək haqqından tutulmağa başlamışdır.Halbuki, Cavabdeh2 əmək fəaliyyəti ilə məşğul olmaqla əmək haqqı alır. Cavabdeh1 ASC-nin Lənkəran şəhər filialının 23 avqust 2022-ci il tarixli 213 saylı arayışından görünür ki, İddiaçı Cavabdeh1 ASCdə xx.xx.2019-cu il tarixində Cavabdeh2 zamin qalmışdır. Cavabdeh2 rəsmiləşən RGTK0891412A206 nömrəli kreditdə gecikmələr olduğu üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinə kimi zamin İddiaçı kart hesabından ümumi 11.561 manat 10 qəpik məbləğində vəsait tutulmuşdur. Cavabdeh1 ASC-nin Gəncə kart Mərkəzi filialının 05 sentyabr 2022-ci il tarixli 337 saylı arayışından görünür ki, zaminlik müqaviləsinin təminatı olduğu kredit müqaviləsi üzrə cari tarixədək zaminin təqaüd kartından ümumilikdə 11.561 manat 10 qəpik, subsidiya (fermer) kartından isə 57 manat 90 qəpik məbləğində vəsait tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. İş materiallarından göründüyü kimi, tələb üzrə hüquqlar 05 sentyabr 2022-ci il tarixədək olan vəziyyətə yuxarıda qeyd edilən- 11.561 manat 10 qəpik həcmində iddiaçıya keçmişdir. İddiaçı zamin kimi ödədiyi (hesabından tutulmalar şəklində) məbləğin ona qaytarılmasını cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmiş, lakin Cavabdeh2 iddiaçıdan tutulan vəsaiti ödəməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia tələbi Cavabdeh2 pul vəsaitinin tutulmasına dair hissədə əsaslıdır, təmin edilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalananlardan əlavə olaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə cavabdeh bildirir ki, iddiaçı ilə cavabdeh biznes fəaliyyəti ilə məşğul olmuşlar, kosmetoloji kabinet 8 ay işlədikdən sonra icarəyə verən onları icarəyə verdiyi yerdən çıxarmış, nəticədə xeyli məbləğdə ziyana düşmüşlər.İşlədikləri dövrdə kredit üzrə ödənişləri cavabdeh etmiş, gecikmələr olduqda İddiaçının kart hesabından silmişlər.Sonradan cavabdeh onun ödədiyi məbləğin bir qismini özünə, bir qismini tapşiriğına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna, bir qısmini isə Cavabdeh1 ASC-nin ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürmüşdür. Cavabdeh iddiaçının kart hesabına Bankın terminallarından ödədəiyi ödənişlərə dair sənədləri Bankdan əldə edə bilməmiş, məhkəmədə iştirak etmədiyindən məhkəmə vasitəsi ilə də həmin sənədləri əldə etmək imkanından məhrum olmuşdur.Bundan başqa, işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh (məhkəmə Kollegiyasının iclasında vəkili) onun ödədiyi məbləğin hansı qismini nə zaman və hansı qaydada iddiaçının özünə, hansı bir qismini iddiaçının tapşiriğına görə valyuta mübadiləsində işləyən Xəyal adlı dostuna harada və nə zaman ödəməsi barədə sübutlar təqdim edilməmişdir. Daha sonra apellyasiya şikayətində göstərilsə də, lakin ödənilməli məbləğinin hansı qısminin isə cavabdeh tərəfindən Cavabdeh1 ASC-nin ödəniş terminalı vasitəsi ilə iddiaçının kart hesabına köçürməsi barədə sübutlar təqdim edilməmişdir. Cavabdeh hansı vaxtlarda hansı hesaba ödəniş etməsi barədə məlumatlar vermədiyindən, Məhkəmə Kollegiyası həmçinin, bu barədə vəsatət verilmədiyini də nəzərə alaraq sübutların təmini qaydasında Bank terminallarından ödənişlə bağlı sənədlər təqdim edilməsinə dair qərardad qəbul etməmişdir. Bundan başqa, cavabdeh şikayətində işin hallarının müəyyən edilməsi üçün şahidlərin məhkəməyə gəlib izahat vermələrinə şərait yaradılmamasını qeyd etsə də, məhkəmə Kollegiyasının iclasında hansı şahidin işin hansı halı barədə ifadə verməsinə, hansı şahidin məhkəmə iclasına dəvət edilməsinə dair əsaslandırılmış vəsatət verilməmişdir. Əlavə olaraq Kollegiya qeyd edir ki, iddiaçının ayrıca kredit müqaviləsi olmasının hazırkı işə aidiyyəti yoxdur.İddiaçı ilə Cavabdeh1 ASC arasında isə cavabdehin qeyd etdiyi 2019cu ildə deyil, xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır və iş üzrə iddiaçının həmin müqavilə üzrə öz öhdəliyini icra etməsinin Cavabdeh2 ilə əlaqəsi olması müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlaya bilər. Beləliklə, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3073/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-896/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-896/2023
30.01.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver