Məhkəmə qərarları › İş №2(103)-8994/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8994/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8994/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, 2.429 manat sığorta ödənişi məbləğinin və 500 manat işlərin görülməsi xərcinin, 30 manat məbləğində dövlət rüsumu, cəmi 2.959 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında 27.02.2016-cı il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Daewoo Nexia” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avto-nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 15.04.2016-cı il tarixdə həmin avtomobili idarə edərkən Bakı şəhəri, Azərbaycan prospektində yol-nəqliyyat hadisəsi törətmiş və “Toyota Camry” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı ASC 2.429 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin ASC-yə təqdim etdiyi 25.04.2016-cı il tarixli 046-9484-1116 saylı arayışa əsasən cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda cavabdehin yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Daewoo Nexia” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.05.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə natamam və birtərəfli araşdırma aparmış, nəticədə isə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Həmçinin Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ASC 3 illik iddia müddətini də ötürmüş, ASC ödənişi həyata keçirilməsində 5 il vaxt ötəndən sonra iddia ərizəsi ilə Rayon məhkəməsinə müraciət etmişdir. Bu hal isə iddia tələbinin rədd edilməsi üçün əsasdır. Bundan başqa Rayon Məhkəməsi məhkəmə baxışı iclasında cavabdehin iştirakını lazımi şəkildə təmin etməmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə xəbərdar olunmuş cavabdeh və iddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh 15.04.2016-cı il tarixdə “Daewoo Nexia” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Azərbaycan prospektində yolnəqliyyat hadisəsi törətmiş və onun idarə etdiyi avtomobil X1 məxsus olan “Toyota Camry” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Bunun nəticəsində Z.Kazımova maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı Şəhər BPİ DYPİ tərəfindən araşdırılma aparılmış və cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsinə təqsirli bilinmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdehin yolnəqliyyat hadisəsinin baş verdiyi vaxt “Daewoo Nexia” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmamışdır. 18.04.2016-cı il tarixli “Zərər aktından”, 03.05.2016-cı il tarixli “Sığorta hadisəsi barədə aktdan” və işdə olan digər sənədlərdən görünür ki, X1 məxsus “Toyota Camry” minik markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün dəymiş zərər cəmi 2.429 manat təşkil edir və ASC həmin məbləği Z.Kazımova ödəmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Odur ki, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin cavabdehin mülki hüquq pozuntusu törətməsi barədə gəldiyi nəticə düzgündür. Törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh mülki məsuliyyət daşıyır və vurduğu zərərin əvəzini ödəməyə borcludur. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həm şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə görə, sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İddiaçı ASC, 2.429 manat sığorta ödənişi məbləğinin və 500 manat işlərin görülməsi xərcinin subroqasiya qaydasında cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Rayon Məhkəməsi hesab etmişdir ki, cavabdehdən iddiaçı ASC-nin xeyrinə 2.429 manat sığorta ödənişi məbləği və 500 manat işlərin görülməsi xərci tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində zərərin məbləğini mübahisələndirmir. Cavabdehin dəlilləri ondan ibrətdir ki, işə baxmış Rayon Məhkəməsi məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verməmiş, digər bir dəlil isə ondan ibarətdir ki, iddiaçı ASC 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, MPM-nin 185-ci maddəsinə görə, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar (maddə 185.1.). İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır (maddə 185.2.). Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə bildirişlər işə baxmış Rayon Məhkəməsi tərəfindən cavabdehin qeydiyyatda olduğu və apellyasiya şikayətində yaşadığı ünvanı kimi qeyd etdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi 7 ünvanına göndərilmişdir. Sonuncu, yəni 25.05.2021-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı “AZEMİS” vasitəsi ilə cavabdehə sms bildiriş göndərilmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur; qətnamə çəkişmə şəraitində qəbul edilmişdir; apellyasiya şikayətinin müzakirə edilən birinci dəlili əsassızıdır. Cavabdehin digər dəlili isə onda ibarətdir ki, iddiaçı ASC 3 illik iddia müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçı ASC-nin iddia tələbi subroqasiya hüququna əsaslanır və iddiaçı ASC, cavabdehin başqa şəxsə vurduğu və ASC tərəfindən ödənilmiş zərərin əvəzini tələb edir. ASC vurulmuş zərəri ödədiyindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ artıq ASC-yə keçmişdir. Bu tələbə ümumi iddia müddəti şamil edilir. Mülki Məcəllənin 373-cü maddəsinə görə isə, ümumi iddia müddəti 10 il təşkil edir. Belə olduğu halda qəbul edilməlidir ki, hazırki apellyasiya baxışının predmeti olan iddia tələbinə 3 illik iddia müddəti tətbiq oluna bilməz. Apellyasiya şikayətinin müzakirə edilən bu dəlili də əsassızıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar