Məhkəmə qərarları › İş №2(103)-9005/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9005/2021

02.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9005/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Sergeyeviçin Cavabdeh qarşı aliment tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(003)-2727/2021 nömrəli qətnaməsindən İddiaçı Sergeyeviç və Cavabdeh tərəflərindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 12 oktyabr 2008-ci il təvəllüdlü X6, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 12 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11 sentyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahından 12 oktyabr 2008-ci il təvəllüdlü X6, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 12 mart 2011-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamışlar, lakin sonradan cavabdehlə ailədə münasibətləri kəskinləşmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqların onun yanında qalması qət edilmişdir. Hazırda övladları Binə qəsəbəsində orta təhsil, həmçinin dərnəkdə ingilis dili təhsili alırlar. Cavabdeh uşaqlarına maddi yardım göstərmir, uşaqların bütün tələbatlarını təkbaşına ödəyir. Maddi imkanı yaxşı deyil. Cavabdeh fərdi əməklə məşğuldur. Qeyd olunanlara əsasən, Cavabdeh 12 oktyabr 2008-ci il təvəllüdlü X6, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 12 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 525 manat məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(003)-2727/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə, 12 oktyabr 2008-ci il təvəllüdlü X6, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 12 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 iyun 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 125 manat, cəmi 375 (üç yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı Sergeyeviç apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etdi. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Sergeyeviç apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Azərbaycan Respubliklasından 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi pozaraq uşağın mənafeyinə zidd qətnamə qəbul etmişdir. Hesab edir ki, mülki işə baxılan zaman Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə əmək etməyərək həmin maddələrin müddəalarına riayət olunması üçün lazımi diqqət yetirməmişdir, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o uşaqlarının atalarının yanında qalmasına, onun himayəsində saxlanılmasına ona görə razı olmuşdur ki, özü işləyib, qazanc əldə etsin. Lakin keçmiş qaynanası onun uşaqlarla ünsiyyətinə imkan verməmiş və maneələr törətmişdir. Məkhəmə ondan 375 manat məbləğində aliment tutulması barədə qərar qəbul edərkən, sırf subyektiv mülahizələrdən irəli gələn hüquqi dəlillərlə əsaslandırmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X5 iddiaçının apellyasiya şikayətini müdafiə etmiş, təmin edilməsini xahiş etmiş və cavabdehin apellyasiya şikayətini isə qəbul etməmişdir. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeyini, o cümlədən onun psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə iddianı qismən təmin edərkən, istər azyaşlı uşaqların hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözlənilmişdir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan üç uşaqları – 12 oktyabr 2008-ci il təvəllüdlü X6, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 12 mart 2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin arasındalı nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqların atanın yanında qalması qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 125 manat, cəmi 375 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin nəzərə alınmalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin azaldılması və ya onun aliment öhdəliyindən azad edilməsi imkanlarını nəzərdə tutmuşdur. Lakin qanunvericilik alimentin azaldılması və ya alimentdən azad etmə imkanını nəzərdə tutarkən heç də aliment alan şəxsin təminatının azaldılması və ya alimentə ehtiyacı olduğu halda aliment almaq imkanından məhrum edilməsi kimi nəzərdə tutmamışdır. Ona görə də aliment ödəyən şəxsin aliment ödənilməsi vəzifəsindən azad edilməsi və ya aliment məbləğinin azaldılması üçün məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı işdə isə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar onun müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində olan dəlillərin münasibətdə qeyd edir ki, cavabdeh bir ana kimi övladlarının qayğısına qalmalı, onların zəruri vəsaitlə təmin etməli və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. Onun maddi imkanının aşağı olması, uşaqlarının artan tələbatının ödənilməməsinə əsas ola bilməz. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının artan tələbatını təmin etməlidir. Bundan başqa “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olmadığından, onun hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment ödənilməsi üçün zəruri vəsaitə malik olması iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, məhkəmə kollegiyası uşaqların mənafelərini və cavabdehin maddi vəziyyətini, eyni zamanda 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq, hesab edir ki, Cavabdehnndan İddiaçı Sergeyeviçin xeyrinə, 12 oktyabr 2008-ci il təvəllüdlü X6, 07 dekabr 2009-cu il təvəllüdlü X7 və 12 mart 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 125 manat, cəmi 375 (üç yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulması qanuni və ədalətlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün və ədalətli nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Sergeyeviçin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(003)-2727/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar