Məhkəmə qərarları › İş №2(103)-9030/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9030/2021

20.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9030/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3643/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 3M-98 saylı, 08 aprel 2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2000-ci illərdən tanışdır. Onunla bir yerdə qızıl alveri ilə məşğul olmuşdur. 2008-ci ildə Xaçmaz rayonu, Nabran kəndində şərikli torpaq sahəsi almışlar. Həmin torpağın alınması məqsədi ilə 20.000 manat Rafiq Qaraşov vermiş, sonradan isə 8000 dollar əlavə vermişdir. 2009-cu ildə Rafiq Əsgərov şəriklikdən ayrılmış və pulun qaytarılması üçün onu polisə vermişdir. Araşdırmadan sonra polis ərizəni rədd etmişdir. Bildirir ki, bu illər ərzində ona 24000 manat məbləğində ödəniş etmişdir. Bundan sonra cavabdeh ona təzyiqlər etmiş, buna görə də məcbur olaraq Xaçmaz rayonu 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 3 M-98 saylı, 08 aprel 2018-ci il tarixli kredit müqaviləsi bağlamışdır. Lakin kredit müqaviləsinin predmeti olan 70.000 manat pul cavabdeh tərəfindən ödənilməmişdir. Bununla bağlı 08 aprel 2021- ci ildə cavabdehə pretenziya məktubu göndərilmiş, lakin 10 gün ərzində cavab verməli olduğu halda cavab verməmişdir. Həmçinin cavabdehin 70.000 manat pulu qəbul etməsinə dair ünvan 1 ünvanlanmışdır. Həmin notariat ofisinin notariusunun 231 nömrəli 19 aprel 2021-ci il tarixli cavabında, cavabdehlə onun arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halı olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3643/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək onun ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, maddi hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə səbəbləri barədə məlumat vermədən gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 08.04.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Cavabdeh borc alan İddiaçı 30.12.2020-ci il tarixinədək qaytarmaq şərtiylə 70000 manat məbləğində borca pul vermişdir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat Ofisinin vəkili Vəkil ünvanladığı 19.04.2021-ci il tarixli məktubundan görünür ki, Xaçmaz rayonu 1 saylı Notariat Ofisində 08.04.2018-ci il tarixdə rəsmiləşdirilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verməsi halı olmamışdır. İşin halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 08.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən Cavabdeh borc alan İddiaçı 30.12.2020-ci il tarixinədək qaytarmaq şərtiylə 70000 manat məbləğində borca pul vermişdir. Hazırda iddiaçı cavabdehlə onun arasında kredit müqaviləsi notarial qaydada təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halının olmamasını və əslində borc müqaviləsində 70000 manat yazılsa da, ona 35000 borc verildiyini göstərərək, 08.04.2018-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə iddianın təmin edilməməsi barədə qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehlə onun arasında kredit müqaviləsi notariat qaydasında təsdiq edilərkən pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi halı olmaması mülahizələrinə və eləcə də əslində borc məbləğinin 35000 manat olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı tərəfindən istinad edilən Xaçmaz rayonu 1 saylı Notariat Ofisinin vəkili Vəkil ünvanladığı 19.04.2021-ci il tarixli məktubuna münasibət bildirərək qeyd etmişdir ki, işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya borc müqaviləsində göstərilmiş pul vəsaiti notariusun şəxsən iştirakı ilə deyil, notariusun otağından kənarda verilmiş və tərəflər həmin halı müqaviləyə imza etməklə təsdiqləmək üçün notariusun yanına daxil olmuşlar. Birinci instansiya məhkəməsi tərəflər arasında borc müqaviləsi bağlanılan zaman qanunvericilikdə verilən borc məbləğinin notariusun deposit hesabına qoyulması yolu ilə verilməsinə dair qanunvericlikdə tələblər və müddəalar olmadığından cavabdehin işin halları ilə bağlı verdiyi izahatını inandırıcı saymışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd edir ki, iş üzrə iddiaçı tərəfindən qeyd olunan halları təkzib edən mötəbər sübutlar təqdim edilməmiş, iddiaçının nümayəndəsi tərəfindən iddiaçının cavabdehə borcu olması etiraf edilərək, sadəcə borcun məbləği mübahisələndirilmişdir. Həmçinin, kollegiya qeyd edir ki, 08 aprel 2017-ci il tarixli kredit müqaviləsinin müddəti 30 dekabr 2020-ci tarixdə müqavilənin müddəti bitdiyindən onun məhkəmə qaydasında ləğv edilməsinə lüzum yoxdur. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3643/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mədanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar