Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9047/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil və cavabdeh X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “paylı mülkiyyətdə olan qarajın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi kimi qarajın (maşın yerinin) dəyərinin ½ hissəsinin, yəni 20000 (iyirmi min) manatın onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-1841/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 25 oktyabr 2007-ci il tarixdə rəsmi nikah bağlamışdır. Üç övladları var: 31 avqust 2004-ci il təvəllüdlü qızları X2 və iki oğlu: 25 iyun 2008-ci il təvəllüdlü X4 və 20 mart 2010-cu il təvəllüdlü X5. 15 fevral 2017-cı il tarixdə onlar öz aralarında Nikah müqaviləsi bağlamışlar. Həmin müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmetinə bu bənddə göstərilənlərdən başqa ünvan 2 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qaraj (maşın yeri) də aiddir və ərarvad kimi əmlaklara, sahələrə bərabər pay hüquqları vardır. Nikah müqaviləsinin bağlanmasının təşəbbüskarı Cavabdeh olsa da, sonradan o, həmin müqavilənin ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qararı ilə onun şikayəti təmin edilməyərək nikah müqaviləsi dəyişdirilmədən saxlanmışdır. Qeyd edilənlərə əsasən o, qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin qaraj üçün verilməsi haqqında iddia ərizəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında cavabdeh söz vermişdir ki, qarajda olan payına görə hər ay ona 50 manat ödəyəcək və məhkəmədən iddia ərizəsinə mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. O, cavabdehin sözünə inanmış və təklif etdiyi şərtlə razılaşmışdır. Məhkəmənin 11.12.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardad qəbul edildikdən sonra Cavabdeh bir neçə dəfə ona 50 manat ödəsə də, sonradan ödəmələri kəsmişdir. Cavabdehin könüllü üzərinə götürdüyü öhdəliyi icra etməməsinin səbəbi ona bəlli deyildir. 2020-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, ünvan 1 ünvandakı 137 saylı mənzili və bu binanın altında yerləşən maşın yeri (qaraj) Cavabdeh tərəfindən satılmışdır. Bunu elə cavabdehin özü bildirmişdir. Bu məlumatı aldıqdan sonra o, şikayətlə məhkəməyə müraciət edərək məhkəmənin 11.12.2019-cu il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27.01.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin olunmayaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.12.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, onun hüquqları pozulmuşdur. Cavabdeh könüllü olaraq 15 fevral 2017-cı il tarixdə onunla bağladığı Nikah müqaviləsində qeyd etmişdir ki, müqavilədə göstərilən əmlakın ½-i ona məxsusdur. Göstərilən əmlakın arasında qaraj da (maşın yeri) vardır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh qarajı (maşın yerini) 40000 (qırx min) manata satmışdır. Birinci instasiya məhkəməsində cavabdeh X6 iddia tələbini qəbul etməyərək, iddia tələbində qeyd edilən qarajın mövcud olmadığını, sadəcə əvvəllər mülkiyətində ünvan 1 ünvanda mənzil olduğunu və bununla bağlı istifadəsində binanın altında maşın yeri olduğunu və həmin ev satıldığından maşın yerinin artıq onun istifadəsində olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən "xxxx" MTK qeyd edilən ünvanda cavabdehin qarajının olub-olmaması barədə əsas suala cavab verməmişdir. MTK cavabında hazırda Cavabdeh qarajının olmadığını təsdiqləmişdir. Bunu o da bilirdi. Cavabdeh qarajı satdığını özü ona demişdir və ona görə də o öz payını tələb etmək üçün məhkəməyə müraciət etmişdir. MTK sədrinin bu cavabı qətnamənin bu cür qəbul edilməsi üçün əsas ola bilməzdi. Məhkəmə satışdan əvvəl cavabdehin adına qarajının olub-olmamasını müəyyən etməli idi. Məhkəmənin 03.11.2020-ci il tarixli protokolundan görünür ki, Cavabdeh qaraj yerinin naturada bölünməməsini xahiş etmiş və onun kirayə verilməsindən hər ay ona 50 manat ödəyəcəyini təklif etmişdir. Məhz buna görə o razılaşmış və iş baxılmamış saxlanılmışdır. Qaraj nəinki olmuş, hətta cavabdeh həmin qarajdan öz faydası üçün istifadə etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh isə apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər 25.10.2007-ci ildə rəsmi nikaha daxil olmuş və 15 fevral 2017-cı il tarixdə onlar arasında nikah müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmetinə eyni zamanda, ünvan 3 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qaraj (maşın yeri) də aiddir və ər-arvad kimi əmlaklara, sahələrə bərabər pay hüquqları vardır. İddiaçı sözügedən müqavilənin şərtlərinə əsaslanaraq həmin əmlakın cavabdeh tərəfindən 40000 manata özgəninkiləşdirildiyini, bu səbədən də əmlakın satışından əldə olunmuş vəsaitin ½ hissəsinin, yəni 20000 (iyirmi min) manatın onun xeyrinə tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı rədd etmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220-ci, Ailə Məcəlləsinin 32, 36, 37-ci və MPM-nin 77.1-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianın əsaslı olub-olmadığını araşdırmaq məqsədilə cavabdeh X1 adına ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi (maşın yerinin) olub-olmaması, pay haqqının ödənilib-ödənilmədiyi (alqı-satqısı, pay haqqının ödənildiyi tarix və s.) barədə "xxxx" MTK-ya sorğu gödərmiş, lakin MTK-nın verdiyi cavaba əsasən cavabdeh X1 adına ünvan 1 ünvanda binanın altında yerləşən qeyri-yaşayış sahəsi qarajın (maşın yerinin) mövcud olması müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarına əsaslanaraq iddianı rədd etmişdir. Hazırda iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, "xxxx" MTK məhkəmənin sorğusuna tam cavab verməsə də, məhkəmə təkrar sorğu göndərməmiş, cavabdehin adına qaraj sahəsi olub-olmadığını, həmin sahənin satılıb-satılmadığını və s. aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə "xxxx" MTK-ya təkrar sorğu göndərmişdir. "xxxx" MTK məhkəmənin sorğusuna verdiyi cavab məktubunda göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən binanın altında Cavabdeh aid qaraj payı yoxdur və bu günə qədər də qarajla bağlı heç bir müqavilə bağlanmamışdır. Məhkəmə kollegiyası qeyd olunan halı nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı əsassız saymaqda haqlı olmuşdur. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin adına göstərilən ünvanda qeyri-yaşayış sahəsi (qaraj) olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə tərəfindən verilən sorğu nəticəsində də iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apelyator) öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-9047/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9047/2021
17.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver