Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9059/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-382/2021 saylı 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 21 sentyabr 2020-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh birgə nikah dövründə tikilmiş Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən 853A saylı fərdi yaşayış evinin tikintisinə xərclənən 60.000 (altmış min) manat pul vəsaitinin yarısının, yəni 30000 (otuz min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 22 iyul 1988-ci il tarixdə qeydə alınmış rəsmi nikah Nərimanov Rayon Məhkəməsinin 11.10.2018-ci il tarixli, 2(005)- 3440/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 06 dekabr 1989-cu il təvəllüdlü Aynur və 15 mart 1991-ci il təvəllüdlü Könül adlı qızları dünyaya gəlmişdir. Birgə nikahda olduğu dövrdə o, öz gəliri hesabına Nərimanov rayonu, Daş karxanası küçəsində yerləşən 853A saylı fərdi yaşayış evini əldə etmiş və 1980-ci illərdən faktiki olaraq orada yaşamağa başlamışdır. Qeyd edir ki, sözügedən fərdi yaşayış evi əvvəllər əmisi oğlu Zülfüqarov Ağarzaya məxsus olmuş, o 1970-ci illərdə həmin evdə cavabdehin baldızı ilə evlənərək yaşamış və beləcə onlar əmi oğlular həm də bacanaq olmuşlar. 1980-ci illərdə əmisi oğlu Ələt qəsəbəsində özünə ev aldıqdan sonra, ümumi sahəsi 11 kv.m olan bir otaqlı mənzili ona vermiş və o, cavabdehlə birgə həmin evdə yaşamağa başlamışdır. Bir müddət sonra onun tərəfindən həmin bir otaqlı mənzil sökülərək yerində 70 kv.m sahəli, 3 otaqlı ev tikilmiş və tikiliyə 60000 (altımş min) manat məbləğində vəsait xərclənmişdir, evin tikintisi ilə yanaşı evin bütün avadanlıqları, inirastruktur ilə təmin olunması da onun tərəfindən həyata keçirilmişdir. Həmçinin, o, həmin ünvanda pasport qeydiyyatındadır. Hazırda isə sözügedən fərdi yaşayış evində cavabdeh yaşamağa davam edir. Onu da qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş və ərlə arvadın ümumi mülkiyyəti sayılan əmlakın bölünməsi barədə cavabdehlə onun arasında hər hansı razılıq əldə olunmamışdır.. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-382/2021 saylı 01 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əmlakın əldə olunmasına xərclənmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin məhkəmə prosesində verdiyi izahatlar, məhkəmə prosesində tədqiq olunmuş subutlar, eləcə də, məhkəmə iclas protokollarında qeyd olunan etiraf və izahatlar məhkəmə qətnaməsində göstərilməmişdir. Bu da Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinin tələblərinə ziddir. Həmin maddənin tələblərinə əsasən qətnamə çıxarıldıqda hakim tərəflərin iddianı qəbul edib-etməmələrini, etiraflarının olub-olmamasını ilk növbədə aydınlaşdırır, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları müqaisəli qiymətləndirməlidir. Lakin biz 01.07.2021-ci il tarixli Qətnamədə bunların əksini görürük. Məhkəmə prosesində iddiaçı və onun vəkili tərəfindən verilmiş evin tikintisini və təmirini sübut edən fotoşəkillər əsasında verilən izahatlar, eləcə də nikah dövründə iddiaçı tərəfindən təmir olunmasını, yenidən qurulmasını etiraf edən cavabeh X4 etirafı qətnamədə göstərilməmişdir. Lakin tərəflərindən məhkəmə iclas protokolları və audio- video yazılarla tanış olunarkən cavabdehin mənzilin iddiaçı tərəfindən birgə nikah dövründə təmir etdirilməsi və tikiliyə bitişik olan qarajın təmir olunaraq böyük otağ kimi onların sərancamında olmasını bildirən cavabdeh Aygün Xanalıyevanm etirafı nədənsə qətnamədə əks olunmamış, birbaşa iddianın təmin edilməsinə əsas olan mühüm xüsusatın qətnamədə əks olunmaması və ona qiymət verilməməsi kobud qanun pozuntusudur və işin mahiyyətinin tamamilə dəyişdirilməsidir. Mülki qanunvericiliyin tələbinə və nəhkəmə təcrübəsi əsasında formalaşan hüquqi mövqeyə görə məhkəmə iclas protokolu məhkəmə prosesinin aynasıdır və iş üzrə qəbul edilmiş qətnamənin qanuniliyi, ədalətliliyi yalnız məhkəmə iclas protokolunda yazılanlarla yoxlanıla, qiymətləndirilə və əsaslandırıla bilər. Məhz buna görə də gələcəkdə tərəflərin istinad etdikləri dəlilləri sübut elmək, əsaslandırmaq üçün qanunverici məhkəmədə baş verənlərin protokollaşdırılmasını zəruri hesab edir. Hazırkı şikayətini məhz bu cür qanun pozuntusuna yol verilməsi və sübutların təmin edilməsi, qiymətləndirilməsi zamanı maddi və prosessual normaların kobud pozuntularına yol verilməsi və bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməsini zəruri edir. 3-cü şəxs Ağarza Zülfüqarovun mübahisəli mənzilə aidiyyətinin olmaması və heç bir hüququnun çatmaması, bunun əksinə İddiaçı və Cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarının olması məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Belə ki. Nərimanov Rayon Məhkəməsinin 25.07.2006-cı il tarixli. 2(005)-1081/2006 saylı Qətnaməsindən görünür ki. X16, oğlu X17 və arvadı X1 ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilməsi barədə qərar qəbul olunmuş, bunun əksinə həmin Qətnamə ilə hazırkı iş üzrə iddiaçı X2 və onun arvadı X5 həmin evə istifadə hüquqları tanınmış, sonuncuların pasport qeydiyyatına alınmasını məhkəmə qət etmişdir. Eyni zamanda qarşılıqlı iddia vermiş X16 və X6 İddiaçı ilə Aygiin Xanəliyevaya qarşı “Mənzildən çıxarılma və onun ailə üzvləri ilə həmin mənzilə köçürülməsi" tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməmişdir. Bu qətnamə onu sübut və təsdiq edir ki. mübahisəli özbaşına tikili olan ev Ağarza Zülfüqarovun deyil. İddiaçı faktiki sahibliyində olmuşdur, bu da hazırkı iddia tələbinin əsaslı olmasına dəlalət edir. Belə ki. nikah dövründə həmin özbaşına tikilinin yenidənqurmasına, təmirinə, yaxşılaşdırılmasına çəkilən xərcləri tələb edir, tələb isə düzgün subyektə qarşı yönəlmişdir, yəni mübahisəli evə məhkəmə qətnaməsi ilə istifadə lıüqııqu tanınan Cavabdeh qarşı. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 şikayəti müdafiə etdiklərini bildirərək, yenidən ekspertiza təyin edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X18 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, X9 ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak barəsində ona qarşı qaldırdığı iddia əsassızdır. Həmin əmlak Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. Qeyd edilən əmlaka dair nə onun, nə də keçmiş əri İddiaçı mülkiyyət hüququ əldə olunmamışdır. İddiaçı özü də etiraf edir ki, həmin əmlak əmisi oğlu X15 məxsusdur. İddiaçı evin təmiri üçün vəsaitin xərclənməsi haqqında hər hansı sübut, podrat müqaviləsi, smeta xərcləri və ya ödəniş xərcləri təqdim etməmişdir. ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak İddiaçı ilə birhə nikahda olduqları müddətdə əldə olunmayıb. Sözü gedən ünvanda hal hazırda 18 saylı MKİS tərəfindən verilən Forma 2 arayışından göründüyü kimi, əmlakın sahibi X16 5 nəfər ailə üzvləri ilə passport qeydiyyatındadırlar. Onlar isə həmin ünvanda 2006-cı ildən passport qeydiyyatındadır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, etirazın və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-382/2021 saylı 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-318/2019 saylı, 15 yanvar 2019-cu il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(005)-3440/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli, 2(005)-3440/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında оlаn Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2018-ci il tarixli, 2(005)-1875/2019 saylı qətnaməsinin məzmunundan görünür ki, iddia qismən təmin edilərək, İddiaçı adına olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində inşa edilmiş yaşayış kompleksinin 5-ci binanın 1-ci girişində 7-ci mərtəbəsində yerləşən razılaşdırılmış satış sahəsi 80,8 kv.m, yaşayış sahəsi 33,9 kv.m təşkil edən 2 otaqlı 25 nömrəli mənzilin üzərində Cavabdeh ½ hissədə, İddiaçı ½ hissədə bərabər paylarının müəyyən edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazisi İdarəsinin 27.10.2020-ci il tarixli **********98 №- li məktubdan görünür ki, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan 18 saylı Mənzil İstismar Sahəsinin 16.11.2019-cu il tarixli, 18/1288 nömrəli məktubundan görünür ki, 18 saylı MKİS məhkəmənin iş №2(005)- 3489/2020 saylı 20 oktyabr 2020-ci il tarixli məktubuna cavab olaraq bildirir ki, Daş karxanası küçəsi 853a saylı evin yaşayış sahəsi 2 otaq21,4 kv.m, köməkçi sahəsi 19,6 kv.m olub. Həmin evə bitişik olan X10 məxsus 34,0 kv.m-lik daş qaraj razılıq əsasında təmir edilərək yaşayış sahəsi kimi istifadəyə verilmişdir. Hazırda həmin evin yaşayış sahəsi 3 otaq- 49,9 kv.m-dir, köməkçi sahəsi 23,5 kv.m, həyətyanı sahəsi 3,5 kv.m-dir. İş materiallarında olan 18 saylı Mənzil İstismar Sahəsinin 16.11.2020-ci il tarixli, 18/285 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsindəki, 853a №-li evin 49,9 kv.m olan 3 otaqlı mənzilində yaşayır. Bina özbaşına tikilidir. Cavabdeh, X19, İddiaçı qızı, X26, X7, X11, X23, X21, X27 və X17, X24 daimi qeydiyyatdadırlar. İş materiallarında olan "xxxx" MMC-nin 16 may 2021-ci il tarixli 175/KS/21 saylı hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsində 853a ünvanında yerləşən fərdi yaşayış evi 52.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2006-cı il tarixli, 2(005)-1081/2006 saylı qətnaməsinin məzmunundan görünür ki, ilkin iddia təmin edilərək, X16, X20 və X6 Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evə istifadə hüquqlarının itirilməsi və həmin evdən pasport qeydiyyatından çıxarılmaları, Cavabdeh və FÜQAROV Sahib Balarza oğlunun Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evə istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına salınmaları, iddiaçı X16 və X6 Cavabdeh və İddiaçı qarşı “mənzildən çıxarma və onun ailə üzvləri ilə mənzilə köçürülməsi” tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməsi, qətnamənin icrasının Nərimanov rayon Pİ-nin qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 1MK-6490/06 saylı 12 oktyabr 2006-cı il tarixli qətnaməsinin məzmunundan görünür ki, Nərimanov rayon məhkəməsinin 25 iyul 2006-cı il tarixli qətnaməsinin qismən ləğv olunması, iddiaçı Cavabdeh və qeyrisinin cavabdeh X16 və X12 qarşı mübahisəli Bakı şəhəri Daş Karxanası küçəsi, 853 “a” saylı evə yaşayış hüquqlarının itirilməsinə dair iddiasının təmin edilməməsi, qətnamənin qalan hissələrinin dəyişdirilmədən saxlanılması, Cavabdeh A.M.Zülfüqarov tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunması, qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, hazırkı iş üzrə hüquqi dəyərləndirmənin məqsədləri baxımından ilk növbədə iddiaçı və cavabdeh arasındakı münasibətlərə, əgər belə mülki hüquqi münasibətlər varsa, onların mahiyyətinə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə təqdim edilmiş sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə ştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə, hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı, həmin əmlakın onlara aid olmasını və əmlakın yaxşılaşdırılmasına xərclədiyi pul vəsaitinin miqdarını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, göstərilən hal sübuta yetirildiyi halda belə hazırki iş üzrə i Cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. X13 qarşı isə tələb irəli sürülməmişdir.. Belə ki, iş materiallarında olan 18 saylı Mənzil İstismar Sahəsinin 16.11.2020-ci il tarixli, 18/285 nömrəli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Fərid Əhmədov (köhnə Daş Karxanası) küçəsindəki, 853a №-li evin 49,9 kv.m olan 3 otaqlı mənzilində passport qeydiyyatındadır. Bina özbaşına tikilidir və sahibi X14r. Bu halı Cavabdeh da məhkəmə iclasında vermiş olduğu izahatında etiraf etmişdir. Belə ki, X16 özünə məxsus evdə tərəflərin ailə qurduqdan sonra müvaqqəti yaşamaqlarına razılıq vermişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). İşə birinci instansiya məhkəməsində baxılarkən X8 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsi 853a saylı evin X13 məxsus olduğunu nəzərə alaraq, qeyd edilən əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak kimi qiymətləndirilməsi və onun əldə olunmasına xərclənmiş pul vəsaitinin tələb edilməsi əsassızdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla iş materialları ilə təkzib olunur və qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Xüsusi qeyd olunmalıdır ki, iddiaçının qətnamənin ləğvi üçün əsas hesab etdiyi və apellyasiya şikayətində istinad etdiyi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2006-cı il tarixli, 2(005)-1081/2006 saylı qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin 1MK-6490/06 saylı 12 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə qismən ləğv edilərək iddiaçı Cavabdeh və qeyrisinin cavabdeh X16 və X12 qarşı mübahisəli Bakı şəhəri Daş Karxanası küçəsi, 853 “a” saylı evə yaşayış hüquqlarının itirilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-382/2021 saylı 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-382/2021 saylı 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9059/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9059/2021
15.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver