Məhkəmə qərarları › İş №2(103)-907/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-907/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-907/2025 03.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (X24 və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) iş üzrə Açar sözlər: vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi X2 (sədrlik edən və məruzəçi), X12 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X8, Cavabdeh nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (X24 və X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmaqla) “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1837/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.1964-cü il təvəllüdlü X9 İddiaçı (bundan sonra “iddiaçı”) yeganə bacısı olmuşdur. xx.xx.2011-ci il tarixli əmək müaviləsinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X11 Xidmətinin tabeliyində "xxxx" MMC-də sürücü vəzifəsinə işləyən X24 xx.xx.2012-ci il tarixdə həmin cəmiyyətin balansında olan “Daewoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusu idarə edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, habelə qatarın həyacan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüşdür. Həmin tarixdə "xxxx" QSC-nin bu qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olan X1 Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq, “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndələrinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamışdır. X4 idarə etdiyi həmin avtobus 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan 26 nəfər az ağır, 5 nəfər ağır xəsarət almış, 6 nəfər, o cümlədən iddiaçının bacısı X9 isə aldığı xəsarətlərdən ölmüşdür.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, xx.xx.2013-cü il tarixli hökmünə əsasən X24 AR CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, X5 isə AR CM-in 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə həmin hökmdən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmiş, Eyyub lsmayılova Azərbaycan Respublikası CM-in 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq onun üzərində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, F.Ağayevə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq onun üzərində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin qərardan verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

3. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında bir sıra qurumlar, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X22 şəxsi yaradılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, mənəvi zərərə görə 30.000 manat, dövlət rüsumuna görə ödənilmiş 180 manat, ümumilikdə 30.180 manat məbləğində pulun cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X22 Şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, avtobusla qatarın toqquşması nəticəsində doğma bacısı İskəndərova Mətanəti itirmişdir. O, onun həyatındakı ən dəyərli varlıq idi. İnsanın öz doğmasını itirməsi, hələ belə bir faciəvi qəzada itirməsi nəticəsində keçirdiyi sarsıntını yalnız bu hissi yaşayanlar bilə bilər. Ürəyi sızlayır, yaşadığı iztirabları bu acını yaşamayan heç bir insan hiss edə bilməz. O, bacısı ilə birlikdə yaşamışdır, o xasiyyətcə deyib-gülən, istiqanlı biri olmuşdur. Onların münasibətləri bacı-qardaş kimi çox yaxşı olmuşdur. O onun həyatının hər anında ona dəstək olurdu. Onu itirməklə ailələrində dərin bir boşluq yarandı. Həyatlarının hər anında onun yoxluğu ilə qarşılaşmaq içlərindəki iztirabları artırır. Hər gün avtobus görəndə bu dəhşətli hadisəni xatırlayır. Bacısının təqsirləndirilən şəxslərin təqsiri ucbatından belə bir dəhşətli qəzada həyatını itirməsi, bu qəzanın qurbanı olması onun üçün dözülməzdir. Bacısı Mətanət 3 ilə yaxın bir müddət idi ki, “Emiland” firmasında dərzi işləyirdi. Səhər işə getmək üçün evdən çıxmış, ondan bir qədər sonra da o, işə getmək üçün evdən çıxmışdı. Dayanacaqda marşrut gözləyərkən ona xəbər verilmişdir ki, şəhər istiqamətində avtobus qatarla toqquşub, qəza baş verib, ölən və yaralananlar var. Həyəcan və stresli anlar yaşamışdı. Mətanətin həmin avtobusda olması ehtimalını düşünmək belə istəmədi. Onun iş yeri ilə əlaqə saxlayıb Mətanətin işə çatmadığını öyrənmişdi. Sonra vəziyyəti öyrənmək üçün tələsik özünü Lökbatan təcili tibbi yardım stansiyasına çatdırmış, Mətanətin xəstəxanadakı yaralıların arasında olmadığını öyrəndikdən sonra Lökbatan qəsəbəsindəki morqa getmişdir. Orada canının bir parçası olan bacısının hərəkətsiz, cansız meyitini görmüşdür. Qısa müddət ərzində doğma, əziz insanı - bacısını itirdi. Bu dəhşətli qəza baş verməsə idi, bacısı həmişəki kimi işdən evə qayıdacaqdı, o, bacısının səsini, varlığını evdə hiss edəcəkdi. Sarsılır, bunun nə qədər ağır olduğunu kəlimələrlə ifadə edə bilmir. İndiyədək iztirab çəkir. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmış və nəticədə hadisənin baş verdiyi gün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin keçiddə keçid növbətçisi vəzifəsində işləyən X3, habelə bacısının olduğu “Daewoo” markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusu idarə edən "xxxx" MMC-də sürücü işləyən X15 bu hadisədə təqsiri olduğu müəyyən edimişdir. Nəticədə onların hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin 11.12. 2013-cü il tarixli, 1(101)- 248/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmişdir. Bu məhkəmə aktları ilə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2012-ci il tarixli, 117 saylı rəyinə əsasən bacısında aşkar edilmiş xəsarətlər başın və bədənin küt travması nəticəsində yaranmışlar, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2012-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salon hissələrinin təsirindən əmələ gələ bilərdilər, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və Mətanət İskəndərovanın ölümü ilə birbaşa səbəbli əlaqədədirlər. Onun ölümünə səbəb baş beyin toxumasına, beyin mədəciklərinə qansızma ilə müşayiət olunan başın küt travması olmuş, ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Meyitdən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu). fenitiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Cavabdehin işçisinin qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində bacısı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Birlikdə yaşadığı doğma bacısının faciəvi şəkildə həlak olması nəticəsində ona vurulan mənəvi zərərin ağırlığının pik həddində olması da təkzib edilməzdir. Onun ölümündən sonra yaşama sevinci azalmış, toy-büsat, şənliklər onun üçün əhəmiyyətini itirmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə və işin halları ilə təsdiq olunur ki, bacısı, cavabdehin işçisinin təqsirli hərəkəti nəticəsində ölmüş və hüquqazidd təqsirli hərəkət nəticəsində ona mənəvi zərər vurulmuşdur. 12 il keçməsinə baxmayaraq bir qardaş olaraq bacısının itkisinin iztirabını çəkməyi azalmamışdır. Bu səbəbdən qanunun tələbləri baxımından hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi zərərin pul məbləğində ifadə olunmasını mümkün sayır. Mənəvi zərərin ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Mərhum bacısının faciəvi şəkildə ölməsindən bu günədək davam edən iztirab, sarsıntı və bu kimi halları nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat X22 Şəxsindən tutularaq ona ödənilməsi pozulmuş hüquqlarının bərpası baxımından ədalətli olar. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla kifayət qədər vəsaitə malik olmasını, yüksək təhlükə mənbəyi sayılan nəqliyyat vasitələrilə sərnişin daşınması və təşkili ilə məşğul olarkən işlərinə məsuliyyətlə yanaşmamalarını, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni insan itkisini, onun keçirdiyi mənəvi iztirabların ağırlığını və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan, ya da unudulan hadisə deyildir. Ümid edir ki, məhkəmə baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirablarının ömür boyu davam edəcəyini nəzərə alaraq mənəvi zərərin miqdarını tam şəkildə təmin edəcək.

6. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı mərhum ilə qohumluq əlaqələrini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, iddiaçı mərhum ilə qohumluq əlaqələrini sübut edə bilsə belə, onun mərhumun yol-nəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədar hər hansı bir formada mənəvi sarsıntı keçirməsini təsdiq edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Hamıya bəlli olan bir faktdır ki, hər hansı bir şəxsin ölməsi, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı ölməsi onun ailə üzvləri və yaxınlarına pis təsir edir. Lakin, ümumilikdə ölümün hər bir canlı üçün qaçılmaz bir hal olduğunu nəzərə alaraq müəyyən vaxt ötdükcə hər hansı bir şəxsin ölümünə münasibət onun ailə üzvləri tərəfindən dəyişir, onlar bu “faktı” qəbul edərək öz həyatlarını yaşayır və bu hal onlara hər hansı bir psixoloji iztirab yetirmir. Bəzi hallarda isə şəxsin ölməsi onun ailə üzvlərində müəyyən psixoloji problemlər yaradır və həmin şəxslər buna görə tibb müəssisələrinə müraciət etməklə müəyyən müalicələr alırlar. İddiaçının qeyd edilən hadisə ilə əlaqədar Mətanət İskəndərovanın ölməsindən uzun müddət sonra, yəni 12 il sonra məhkəməyə müraciət etməsi və bu zamanda onun həmin hadisə ilə əlaqədar bacısı olduğu iddia etdiyi mərhumun ölməsi səbəbindən hər hansı bir mənəvi iztirab keçirməsini sübut edəcək mötəbər sübutu məhkəməyə təqdim etməməsi onun hər hansı bir formada mənəvi sarsıntı və iztirab keçirməməsini sübut edir. Digər tərəfdən məhz qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmiş şəxs özü iddia etdiyi sarsıntı və iztirabın keçirməsini sübut etməklə bərabər həmin psixi reaksiyanın (sarsıntı) və fiziki əzabın (sarsıntının) məhz həmin şəxsin ölməsi ilə əlaqədar keçirməsini də sübut etməlidir. Mərhumun ölməsindən sonra uzun müddət, yəni 12 il keçməsini nəzərə alaraq iddiaçının həyatında ola biləcək digər hər-hansı bir hadisənin də ona mənəvi sarsıntı və iztirab verməsi mümkündür və hər-hansı bir digər hadisəyə onun subyektiv yanaşaraq psixi çəhətdən sarsıntı və fiziki cəhətdən iztirab keçirməsi bunların məhz iddia etdiyi yolnəqliyyat hadisəsinə nəticəsində mərhumun ölməsi ilə əlaqədar olması demək deyil. İddiaçı iddia tələbinin sübutu olaraq ancaq qeyd edilən yol-nəqliyyat hadisəsi ilə əlaqədar məhkəmənin müvafiq hökmünü təqdim etmişdir. Qeyd edilən hökmlə cinayət əməlini törətmiş şəxslərin cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmələri qeyd edilmişdir. Qeyd edilən hökmdə iddiaçıya münasibtə hər hansı bir mənəvi ziyanın dəyməsi qeyd edilməmiş, Agentliyin iddiaçıya hər hansı bir mənəvi ziyanın dəyməsinə aidiyyəti müəyyən edilməmişdir. Göstərilənlərin nəzərə alınması və iddianın rədd edilməsi xahiş edilmişdir.

7. Məhkəmənin təşəbbüsü ilə X24 və X5 mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1837/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 5.000 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 180 manat pulun 30 manatının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X16)

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X15 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən həmin nəqliyyat vasitəsinin "xxxx" MMC-yə məxsus olması və hadisəni törətmiş sürücünün həmin müəssisənin işçisi olması iş materiallarında mövcud olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, əmək müqaviləsi, yol vərəqi və digər sübutlarla təsdiq olunmuşdur. Hazırki iş üzrə hadisənin əmək vəzifəsinin icrası ilə əlaqədar baş verməsi işin mübahisələndirilməyən halıdır.

10. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, xx.xx.2012-ci il tarixdə cavabdehin işçinin təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının bacısı vəfat etmişdir və bu hadisədən sonra iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni bacısının ölməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya, iztirab keçirməsinə səbəb olması şübhəsizdir. Qeyd olunduğu kimi, mərhum ailə qurmamışdır, qardaşı ilə birgə yaşamışdır. İddiaçının ondan başqa bacı-qardaşı olmamışdır. Hadisə baş verəndən sonra iddiaçı dərhal hadisə yerinə getmişdir. İddiaçı cinayət işi üzrə mərhumun hüquqi varisi kimi tanınmışdır. Göstərilənlər onlar arasında mənəvi yaxınlığın olduğunu təsdiq edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı baş vermiş hadisəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

11. Məhkəmə, əmək vəzifələrinin icra edilməsi ilə əlaqədar nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən törədilmiş mülki hüquq pozuntusunun ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, eyni zamanda hadisənin üzərindən uzun müddət keçməsini, iztirabların bir qədər azalmasını nəzərə alaraq hesab etmişdir ki, cavabdeh təşkilatdan iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5.000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Daha yüksək məbləğdə pulun tutulması, iddiaçının pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir.

12. Məhkəmə, cavabdehin məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin hansı müəssisə tərəfindən bağlandığının müqavilədən görünməməsi dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, ən azından tərəflər arasında işçi-işəgötürən münasibətlərinin mövcudluğu cinayət işinin materiallarında olan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkəməyə göndərilmiş yol vərəqi ilə təsdiq olunur. X24 ilə bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinin surətindən də görünür ki, o, sərnişinlərin daşınması üzrə sürücü vəzifəsinə işə qəbul edilmişdir, yəni hadisənin törədilməsində təqsiri məhkəmə hökmü ilə təsdiq edilmiş X24 hadisə baş verərkən cavabdeh qurumun əməkdaşı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə hazırki iş üzrə cavabdeh qurum "xxxx" MMC-nin hüquqi varisidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097-ci, 1099-cu, 1108-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsi və bunların zərərçəkmiş şəxsə qarşı edilmiş qanunsuz hərəkət və hərəkətsizliklə səbəbli əlaqənin olması sübuta yetirilməlidir. İddiaçının həqiqətən qeyd edilən müddət ərzində psixoloji sarsıntı və iztirab keçirməsi və həmin keçirdiyi psixoloji sarsıntı və iztirabın məhz mərhumun yol-nəqliyyat hadisəsi zamanı ölməsi ilə əlaqədar olması sübuta yetirilməmişdir. İddiaçı belə bir sübut məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən qeyd olunan məsələ ümumiyyətlə araşdırılmadan qətnamə qəbul edilmişdir. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.” Məhkəmənin yeganə sübut kimi istinad etdiyi direktor X20 ilə X24 arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsi və yol vərəqəsindən də X15 “hansı” müəssissədə sürücü vəzifəsinə işə qəbul edildiyi, X14 hansı müəssisənin direktoru olduğu da aydın deyil. Göründüyü kimi, məhkəmə iddiaçının 12 il sonra hansı formada mənəvi sarsıntı keçirməsini araşdırmadan, tamamilə əsassız sübutlara istinad edərək qanunsuz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, birinci instansiya məhkəməsi işə vicdanla yanaşmamış, tək bacının ölümünə görə bu cür etinasız yanaşma ona daha da pis təsir etdiyindən, iztirablar dərinləşdiyindən qətnamədən şikayət verməmişdir. Lakin cavabdeh cüzi məbləgdə təyin edilən qətnamədən şikayət vermişdir. Bacısı valideynlərinin yadigarı idi. Bu hal hər insanın başına gələ bilər. Bacısının xəsarətli, qan içində olan meyiti hələ də gözünün önündədir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X21 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı, habelə üçüncü şəxslər X24 və X5 məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

21. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olubolmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir.

24. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; Qərarın 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər; Qərarın 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilib, iddianın tam rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, o cümlədən iddiaçının apellyasiya şikayətinə etirazının məzmununu nəzərə alıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunan mənəvi zərərin məbləğini ağlabatan, ədalətli və işin halarına uyğun hesab etmir və belə qənaətə gəlir ki, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan mənəvi zərərin və ödənilmiş dövlət rüsumunun əvəzinin məbləği hissəsində dəyişdirilməlidir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçının bacısı X9 xx.xx.2012-ci il tarixdə “Daewoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı sərnişin avtobusunun iştirakı ilə (avtobusun içində olmuşdur) baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Bu hadisənin məhz "xxxx" MMC-nin əmək müqaviləsi üzrə sürücüsü olan və həmin günü qeyd edilən avtobusu idarə edən X15 yol hərəkəti qaydalarını pozması nəticəsində baş verməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, xx.xx.2013-cü il tarixli hökmü və həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətlərinə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən baxılması nəticəsində çıxarılmış məhkəmə aktları ilə öz təsdiqini tapmışdır.

30. "xxxx" MMC artıq mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında bir sıra qurumlar, o cümlədən "xxxx" MMC-nin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X22 şəxsi yaradılmışdır. Bu Fərman müasir cəmiyyətdə hər hansı zərurətin qalmaması səbəbindən "xxxx" MMC-nin və bir sıra digər qurumların həyata keçirdikləri səlahiyyətlərdən imtinanın rəsmiləşdirilməsi deyil, məhz bu sahədə işin təkmilləşdirilməsi, o cümlədən bu sahə üzrə fəaliyyət göstərən müxtəlif qurumların səlahiyyətlərində olan təkrarçılığın aradan qaldırılması, mövcud səlahiyyətlərin daha təkmil formada və yüksək keyfiyyətdə yerinə yetirilməsinə nail olmaq məqsədi daşıyır. Hüquqi nəticə etibarı ilə əvvəllər sahələr üzrə bir neçə quruma aid olan səlahiyyətlər hazırda Agentliyin şəxsində vahid bir qurumda cəmləşmişdir. Bu baxımdan Agentlik yeni struktura və səlahiyyətlərə malik olan Publik hüquqi şəxs olsa da, onun həyata keçirdiyi bir sıra səlahiyyətlər və bu səlahiyyətlərə uyğun olaraq təsdiq edilmiş ştatlar həmin Fərmanda göstərilmiş qurumların, o cümlədən "xxxx" MMC-nin malik olduğu bir sıra səlahiyyətləri və həmin səlahiyyətlərə uyğun olan ştatları ilə eynilik təşkil edir. Hər bir halda, "xxxx" MMC fəaliyyət göstərdiyi sahəyə uyğun olaraq aidiyyəti səlahiyyətlərə malik olmuşdur. Qeyd edilən Agentliyin də məhz bu və bir sıra digər qurumların əsasında yaradılması həmin səlahiyyətlərin (tam və ya hər hansı hissədə, daha təkmil formada və yüksək keyfiyyətdə) bundan sonra məhz Agentlik tərəfindən həyata keçirilməsini, yəni Agentliyin ümumi anlamda eyni istiqamətlər üzrə fəaliyyət göstərməsini özündə ehtiva edir. Fərmana əsasən bu qurumların əmlakının Agentliyin balansına keçməsi də bu halı bir daha təsdiq edir. Bu da öz növbəsində məhz Agentliyin "xxxx" MMC-nin hüquqi varisi olmasını tədiq edir. İşə birinci instansiya məhkəməsində baxılan zaman, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi də verilmiş suallara cavab olaraq Agentliyin həmin cəmiyyətin hüquqi varisi olduğunu bildirmişdir (i.v. 76). Bununla belə, öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti məhz cavabdeh daşıyır və bu baxımdan iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi də onun üzərinə düşür.

31. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Daewoo” markalı, **-TF-*** dövlət nömrə nişanlı avtobusda olan 26 nəfərin sağlamlığına az ağır, 5 nəfərin sağlamlığına ağır zərər dəymiş, 6 nəfər, o cümlədən iddiaçının bacısı isə aldığı xəsarətlərdən vəfat etmişdir. Bunun nəticəsi olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-248 saylı, xx.xx.2013-cü il tarixli hökmü ilə avtobusun sürücüsü X24 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya protesti üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə X17 Azərbaycan Respublikası CMin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti bir il artırılaraq onun üzərində 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Bu da öz növbəsində həmin şəxsin peşakarlığını şübhə altına alır və belə olan halda, məsələ üzrə məhz cavabdeh təşkilatın məsuliyyətini artırmış olur.

32. Məhkəmə kollegiyası iddiaçının bacısının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulayır ki, X9 iddiaçının yeganə bacısı olmuş (ondan başqa bacı-qardaşı olmamış), subay olmaqla iddiaçı ilə birlikdə yaşamışdır. X6 hadisə zamanı 48, iddiaçının isə 53 yaşı olmuş (bacısından 5 yaş böyük olmuşdur). Başqa sözlə, X9 demək olar ki, doğulandan etibarən iddiaçı ilə birlikdə yaşamış, onunla birgə təsərrüfat aparmışdır. Qeyd edilənlər X6 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. İddiaçı ömrünün sonunadək bir qardaş olaraq yeganə bacısını digər bir şəxsin təqsirindən vaxtsız itirməsinin acısını çəkməyə məhkumdur. Bu da öz növbəsində cavabdehdən onun xeyrinə mənəvi zərərin tutulmasını şərtləndirir.

33. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmır və bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir. Hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən X6 hüquqi varisi kimi tanınmış iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Fərid Ağayevə və Eyyub İsmayılova qarşı iddia, şikayət və tələbinin olmadığını bildirmişdir (i.v.43).

34. Həm bu hallar, həm də baş vermiş hadisədən artıq 12 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud olmuşdur. İddiaçı məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarından sonra məhkəməyə müraciət etmişdir. Belə ki, onun müraciət etdiyi vaxt artıq qeyd edilən Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq, məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır.

35. Yuxarıda göstərilən qərarlarda nümayiş etdirilmiş hüquqi mövqeyə uyğun olaraq bir sıra xüsusatların araşdırılması, habelə iddianın mahiyyətinə uyğun bir sıra məsələrin aydınlaşdırılması üçün (birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır) məhkəmə kollegiyası tərəfindən iddiaçının şəxsən məhkəmə iclaslarına dəvət olunması üçün tədbirlər görülsə də, nəticə etibarı ilə iddiaçı məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Bu səbəbdən mübahisə ilə bağlı əhəmiyyət kəsb edən bir çox məsələnin (məsələn, mərhumla münasibətləri və bağlılıq səviyyəsi, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan zaman şikayətçi olmaması barədə ərizənin verilməsinin səbəbləri və sair), habelə qeyd edilən halların aydınlaşdırılması mümkün olmamışdır.

36. Qeyd edilənlər də öz növbəsində mənəvi zərərin tutulmasını istisna edən hal olmasa da, tutulan mənəvi zərərin məbləğinə təsir edən haldır. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, mənəvi zərərin əvəzi olaraq cavabdehdən 3.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə vurulmuş mənəvi zərərin əvəzini tutmaqda haqlı olmuş, lakin nəticədə müəyyən edilmiş mənəvi zərərin miqdarı ağlabatan və ədalətli olmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan mənəvi zərərin məbləği ilə bağlı hissədə dəyişdirilməli, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dövlət rüsumunun əvəzi də məbləğ etibarı ilə bu məbləğə uyğunlaşdırılaraq, 50 manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

38. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

39. Göstərilənlərə əsasən, habelə Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 1837/2024 nömrəli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutulan mənəvi zərərin və dövlət rüsumunun məbləği” hissəsində dəyişdirilsin. Cavabdehndən vurulmuş mənəvi zərərin əvəzi olaraq 3.000 (üç min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 50 (əlli) manat hissəsi tutularaq, İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar