Məhkəmə qərarları › İş №2(103)-908/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-908/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-908/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(011)- 4745/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə X6 arasında nikah 21 dekabr 2001-ci il tarixdə bağlanmışdır və onların birgə nikahdan 05 aprel 2005-ci il tarixdə Tərtər şəhərində anadan olmuş Qərib. 04 sentyabr 2007-ci il tarixdə anadan olmuş Xədicə adlı 2 uşaqları vardır.

2. X6 16 yanvar 2009-cu il tarixdə “travma şoku” səbəbindən vəfat etmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009-cu il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.3cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları tamamilə toplama yolu ilə X7 üzərində qəti cəza 6 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir

4. Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə Kollegiyasının 1(103)-577/2009 saylı 20 oktyabr 2009-cu il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009- cu il tarixli hökmü X14 haqqında dəyişdirilmiş, O.R.Əliyevə AR CMnin 131.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 6 aydan 3 aya, 131.2-ci maddəsilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 6 aydan 3 aya endirilmiş, O.R.Əliyevə AR CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların tam toplanması yolu ilə qəti cəza təyin edilməsi, cəzaların qismən toplanması ilə qəti cəza təyin edilməsi ilə əvəz edilmiş və təyin olunmuş cəzaları qismən toplama yolu ilə O.R.Əliyevə qəti olaraq 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-dən mənəvi zərərin əvəzi olaraq 40000 manat, dövlət rüsumuna görə ödənilmiş 210 manat, ümumilikdə 40210 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, o, 2001-ci ildə X6 ilə ailə qurmuş, birgə nikahdan Qərib və Xədicə adlı 2 övladı vardır. 2009-cu ildə həyat yoldaşı faciəvi şəkildə vəfat etmişdir. Belə ki, 16 yanvar 2009-cu il tarixdə Fərqanə rəfiqəsi ilə birlikdə uşaqları arabada gəzdirməyə çıxmışdır. Sonradan ona məlum olmuşdur ki, Fərqanə yorulduğundan arabanı rəfiqəsinə vermiş, həmin vaxt Cavadxan küçəsi 30 saylı binanın yuxarı mərtəbəsində qaz sızması nəticəsində partlayış olmuş və partlayış nəticəsində binanın yuxarı mərtəbələrindən iri beton parçaları Fərqanənin üstünə düşmüşdür. 32 yaşlı həyat yoldaşı aldığı çoxsaylı xəsarətlərdən əzab çəkərək ölmüşdür. Belə ki, Rasət Qurbanov Cavabdeh QSC-nin Bakı şəhəri X20 idarəsi üzrə 29 yanvar 2007-ci il tarixli 13/k saylı əmrlə qeyd edilən idarənin 6 saylı X17 sahə ustası vəzifəsində işləməklə, eyni zamanda 11 dekabr 2008-ci il tarixli 219-m saylı əmrlə 18 dekabr 2008-ci ildən 22 yanvar 2009-cu il tarixədək olan müddətdə həmin X17 rəisi vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib tabeçiliyində olan nəzarətçi-çilingərlərin, o cümlədən ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının aid olduğu sahənin nəzarətçi-çilingəri X2 işinə lazımi qaydada nəzarət etməyərək qeyd edilən binanın əksər mənzillərində, eləcə də 60 saylı mənzilində olan məişət qaz cihazlarına və avadanlıqlarına texniki baxışın və xidmətin keçirilməsini, mənzillərin sakinlərinin təbii qazdan və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə müvafiq qaydada təlimatlandırılmalarını, 60 saylı mənzilin mətbəxində qaz kəmərinə sarı rəngli plastmas örtüklü boru ilə özbaşına qeyri-qanuni birləşdirmə aparılaraq qonaq otağına çəkilmiş qaz xəttinin aşkarlanıb ləğv edilməsini təmin etməyərək, qanunvericiliyin tələblərini pozmuş, nəticədə Cavadxan küçəsi, 30 saylı binanın, 60 saylı mənzilində yaşayan X14 həmin mənzildə qaz cihazlarından ehtiyatsız istifadə edərək, mənzilin mətbəxindəki qaz kəmərinə özbaşına, qeyri-qanuni birləşdirmə aparılmaqla qonaq otağına çəkilmiş və qurtaracaq hissəsi açıq olan sarı rəngli plastmas örtüklü borunun qaz kəmərinə birləşməsi yerindəki nəzarət kranını 16 yanvar 2009-cu ildə saat 14 radələrində diqqətsizlik üzündən açıq vəziyyətdə saxlayaraq, yanğın təhlükəsizliyini təmin etmədən mənzilin giriş qapısını bağlayıb getmiş, təbii qaz boru ilə mənzilə sızaraq əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarşığının alışması nəticəsində həmin gün saat 16:30-da yanğınla müşayiət olunan partlayış baş verməklə binanın uçub dağılmış dəmirbeton və digər konstruktiv elementlərin zərbəsinə məruz qalmış həyat yoldaşı X6 həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq ölmüşdür. Öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə həyat yoldaşının ölümünə səbəb olmuş cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Nəsimi Rayon Qaz İstismar İdarəsinin 14 saylı X17 sahə ustası vəzifəsində işləyən X1 Rayon Məhkəməsinin 1(006)-260/2009 nömrəli, 24 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində 8 ildən artıq nikahda olduğu, 32 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra iddiaçı davamlı iztirab, sarsıntı keçirmişdir. Hadisə baş verəndə övladları Qərib 3 yaş 9 aylıq, Xədicə isə 1 yaş 4 aylıq olmuşdur. Uşaqlarının hər gün analarını soruşmaları, ağlamaları, qapı döyülərkən ana deyərək qapıya qaçmaları, lakin ümidlərinin boşa çıxmasını görmək saatbasaat, günbəgün iztirablarını dərinləşdirmiş, qurumayan yarasını təzələmişdir. Hökmdən də göründüyü kimi həyat yoldaşının ölümündə təqsirli olan cavabdehin işçisi Rasət Qurbanovun səhlənkarlığı nəticəsində 5 adam ölmüş, 10 adam müxtəlif dərəcəli bədən xəsarətləri almış, 6 mənzilin dağılıb-zədələnməsi və mənzil sakinlərinin əmlakının məhv olması üzündən zərərçəkmiş şəxslərə cəmi 282757 manat məbləğdə külli miqdarda ziyan vurulmuşdur. Göründüyü kimi görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin - cavabdehin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Gənc həyat yoldaşını itirmiş bir ata üçün körpə uşaqlarını böyütmək çox ağrılı-acılıdır. Həyat yoldaşı sağ olanda uşaqlarını birlikdə oxşayar, birlikdə deyib gülər, birlikdə sevincli anlar yaşayardılar. O anları, günləri yaşamaq üçün içi sızlayır, qəhər onu boğur, lakin həyat yoldaşına, onunla olan günlərinə, anlarına əli çatmır. Çünki cavabdehin işçisinin təqsiri üzündən həyat yoldaşı artıq yoxdur. Hökmdən göründüyü kimi həyat yoldaşı - X3 bədənində alının sağ yarısının və çanağın sağ yan səthinin sıyrıqları, sol göz qapaqlarının qançırı, sol üst göz qapağının sıyrığı, burun qanaxması ilə müşayiət olunmuş burun belinin qançırı, üst dodağın selikli qişasınınəzilmiş yarası, alt dodağın qırmızı haşiyyəsinin sıyrığı, üst çənədə solda 1-2-ci dişlərin düşməsi, çənənin sol yarasının qançırı, sağ budun yuxarı üçdə-birinin ön və iç səthlərinin, qasıq və aralıq nahiyyəsini də tutan geniş əzilmiş-cırılmış yarası və yaranın aşağı kənarında sağ bud sümüyü başının çıxığı, sağ budun yuxarı üçdə-birinin ön və bayır səthlərinin əzilib-cırılmış yaranın aşağı kənarının sıyrığı, sağ budun orta üçdə-birinin ön səthinin əzilmiş-cırılmış yarası, sağ budun yuxarı və orta üçdə-birinin iri ölçülü qançırları, sol budun aşağı üçdəbirinin ön səthinin əzilmiş yarası, sol aşağı ətrafın baldırın yuxarı üçdə-biri səviyyəsində natamam amputasiyasından ibarət xəsarətlər var idi. Onun ölümü bədənin ağır küt travması-sol baldırın natamam amputasiyası, sağ budun geniş ölçülü əzilmiş-cırılmış yaraları, sağ qasıq, oturaq və qalça sümüklərinin sınıqları, sağ bud sümüyü başının çıxığı nəticəsində inkişaf edən travma şoku və qanitirmə nəticəsində olmuşdur. O, həyat yoldaşını son dəfə rəydə təsvir olunan vəziyyətdə görmüşdür. 8 ildən artıq evli olduğu əziz bir insanın gözünün önündə xəsarətlərlə dolu silinməz təsviri qalmışdır. Bu illər ərzində hər gün eyni halı yaşamaq ona unudulması mümkün olmayan, davamlı əzab və iztirab verir. Bəlkə də kimsə fikirləşər ki, hadisədən uzun müddət keçmiş, yaddan çıxmış, iztirabı keçmişdir. Belə düşünənlər kökündən yanılır. Çünki, o iki uşaq böyüdür. Hər gün onların analarını axtarmaları, “Anamız hara gedib? Niyə gəlmir? Niyə bizi qucaqlamır? Niyə bizimlə oynamır? Niyə bizi gəzməyə aparmır?” kimi sualları və buna bənzər bitməyən çoxsaylı sualları onu ruhən sarsıdır, eyni iztirabları təkrar-təkrar yaşadır. Göründüyü kimi, cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində mənəvi əzab çəkməyə davam edir. Çəkdiyi bu iztirablara, əzablara görə günahkar cavabdehdir və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Çəkdiyi mənəvi ziyanın dərəcəsi çox ağırdır. Nə qədər yüksək məbləğ tələb etsə də, bu ağırlığı aradan qaldırmağa kömək etməz. İztirablarının yüngülləşməsi üçün yuxarıda qeyd etdiyi halları nəzərə alaraq, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 40000 manat məbləğində pul Cavabdehndən alınaraq ona ödənilməli, qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirabları ömür boyu davam edəcəkdir. Hazırkı işdə mənəvi zərərə görə tutulacaq təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun gənc həyat yoldaşının, iki övladının anasının ölümü kimi mühüm itki ilə nəticələnməsi və bu hadisənin ona sarsıdıcı təsiri, keçirdiyi əzab, ruhi sarsıntı və iztirabların davam etməsi nəzərə alınmalıdır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(011)- 4745/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 10000 manat məbləğində mənəvi zərərin İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

8. Qətnamənin əsaslarına görə, iddiaçının gənc yaşda arvadının faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, iddiaçının iki övladını təkbaşına böyütməsi və onların yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. İddiaçı cavabdeh qismində Cavabdeh göstərsə də, mülki işdə olan sübutlarla təsdiq edilir ki, zərər Cavabdeh işçilərinin səhlənkarlığı nəticəsində yetirilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 40000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, eyni zamanda hadisənin baş verməsindən uzun müddət keçməsini nəzərə almalıdır. Cavabdehin işçilərinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının arvadının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.

11. Cavabdeh İB qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

12. İddiaçının şikayətinin dəlillərinə görə, məhkəmə iddianı qismən təmin etməklə normanın tələblərini pozmuşdur. Belə ki, qətnamənin 6-cı səhifəsinin 4-cü abzasının 3-cü cümləsində qeyd olunur ki, bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 40000 manat məbləğində qiymətləndirsə də, məhkəmə həmin məbləği müəyyən edərkən, işin faktiki hallarını, iddiaçıya dəyən maddi zərərin ödənilməsini, habelə cavabdehin mənəvi zərərin yetirilməsində rolunu və qəsdinin olmamasını, cavabdehin işçiləri tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan, səhlənkarlıq nəticəsində törədilməsini, eyni zamanda hadisənin baş verməsindən uzun müddət keçməsini nəzərə almalıdır. Əvvəla qeyd edilməlidir ki, əgər hadisə qəsdən törədilmiş olsaydı tələbi 40000 deyil, ******* olardı. İkincisi, onun iddiası maddi zərərlə bağlı deyildir. Buna baxmayaraq ona nə maddi, nə də mənəvi zərərlə bağlı hər hansı məbləğ ödənilməmişdir. Üçüncüsü, məhkəmə qeyd edir ki, eyni zamanda hadisənin baş verməsindən uzun müddət keçməsini nəzərə almalıdır. Məhkəmə onun iki uşağı anaları olmadan böyütməyini, hadisənin çox ağır nəticələrə səbəb olmasını da nəzərə almamışdır. Qətnamənin 5-ci səhifəsinin sonuncu abzasında qeyd olunur ki, məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən 10000 manat məbləğində dəymiş mənəvi ziyanın iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Məhkəmə yalnız kompensasiyanın ödənilməli olmasını deyil, həm də ödəniləcək məbləğin miqdarını da əsaslandırmağa borcludur. Lakin birinci instansiya məhkəməsi dəymiş mənəvi zərərə görə iddiaçıya təyin etdiyi kompensasiyanın həcmini əsaslandırmamışdır. Mənəvi təzminatın həcmi müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın vəsarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s.amillər nəzərə alınmalıdır.

13. Cavabdehin şikayətinin dəlillərinə görə, mülki iş materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən olunur ki, baş vermiş partlayış nəticəsində 5 nəfər ölmüş, 1 nəfər sağlamlığa ağır zərər vurma, 3 nəfər sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətlərialmışdır. Hadisəyə görə ünvan 2 ünvanın sahibi X15 və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin CavabdehQSC-nin Nəsimi rayonu üzrə İstismar İdarəsinin sahə ustası X10 CM-in müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda İddiaçı baş vermiş partlayış nəticəsində ölmüş arvadı (həyat yoldaşı) X3 ölümünə görə Cavabdeh İB-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hökmün surətindən müəyyən olunur ki, qeyd olunan ünvanda baş vermiş partlayış nəticəsində ölən digər 4 nəfər şəxsin hüquqi varisləri ibtidai istintaq zamanı müəyyən edilmiş və onların hamısı məhkəmədə ifadə vermişdir. Lakin,təkcə İddiaçı ölən arvadı X3 varisi kimi ibtidai istintaq zamanı tanınmamış və məhkəmədə ifadə verməmişdir. İddiaçı ilə ölmüş arvadı X6 arasındakı evlilik həyatının müddəti 8 ildən qısa davam etmişdir. Məhkəmə iddiaçı tərəflə ölmüş arvadı arasındakı evliliyin qısa müddət davam etməsini və iddiaçı tərəfin yenidən evlənmək imkanın olması kimi xüsusi amilləri nəzərə almamışdır. Məhkəməaraşdırmamışdır: İddiaçı özünə yeni xeyir işi görməklə, yarasını da qurudacaq və ona 2-ci bahar yaşadacaq təkrar bir evlilik yaşayaraq, iddia etdiyi mənəvi sarsıntıyı unutmuşdurmu? İddiaçı tərəf arvadının ölümündən sonra yenidən evlənmişdirsə, iddia ərizəsində qeyd etdiyi pafoslu sözlərdən sonra bu adət və milli ənənələrə də uyğun olmayan vəfasızlıq sindromudur. Mülki iş materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən olunur ki, təqsirləndirlən şəxslərdən biri və partlayış baş vermiş mənzilin sahibi X8 şəxsiyyəti “işləməyən” kimi müəyyən edilmiş, X5 şəxsiyyəti isə “X20 İdarəsinin Qaz İstismar Sahəsində sahə ustası işləyən” kimi müəyyən edilmişdir. Ötən həmin 14 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi, qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi psixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin olunmayaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdehin nümayəndəsi verdiyi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək həmin apellyasiya şikayətin təmin olunması, qarşı tərəfin isə apellyasiya şikayətinin təmin olunmayaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarı: “Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. ... Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər.”

19. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. ... Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqazidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. ... Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.”

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ... Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər.”

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarı: “8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. İddiaçının apellyasiya şikayəti üzrə qətnamə iddianın rədd olunan hissəsində, cavabdehin apellyasiya şikayəti üzrə isə qətnamə bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

25. İlk öncə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin halları üzrə mənəvi zərərin tutulmalı olması ilə bağlı doğru nəticəyə gəlmişdir, şikayətin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

26. İddiaçının ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınıb tanınmaması, məhkəmədə ifadə verməməsi, onun yenidən ailə qurması və cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlillər iddiaçıya mənəvi zərərin vurulduğunu istisna edən hal deyildir və ya mənəvi zərərin əvəzinin tutulmaması üçün əsas kimi qiymətləndirilə bilməz.

27. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş hadisədən artıq 14 il keçməsi onu qəti surədə deməyə əsas verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni ola bilməz. Lakin iddiaçı hadisə baş verdikdən sonra ilk dövrlərdə məhkəməyə müraciət etməmiş, məhz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarından sonra məhkəmələr tərəfindən eyni tipli iddiaların təmin olunması təcrübəsi formalaşdıqdan sonra məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Lakin, qeyd olunan xüsusat da iddianın rədd olunması üçün əsas ola bilməz.

28. Məhkəmə kollegiyası mənəvi zərərin məbləği 10000 manat müəyyən edilməsi işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir.

29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir.

30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(011)- 4745/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e-2(011)- 4745/2023 nömrəli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar