Məhkəmə qərarları › İş №2(103)-9081/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9081/2021

04.10.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9081/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit və ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(006)-1951/2021 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, nəticədə onunla QSC arasında bağlanmış 05.12.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi və 05.12.2007-ci il tarixli ********** saylı girov müqaviləsindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, onun həmin müqavilələr üzrə borcunun olmaması barədə QSC-nin əməliyyat sistemində qeydin aparılması və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsinin QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, QSC ilə arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olaraq 2006-cı il buraxılışlı, ** BD *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz CL 500» markalı minik avtomobilinin girov qoyulmasına dair girov müqaviləsi bağlanmışdır. Daha sonra, bank əməkdaşı onunla əlaqə saxlayaraq qeyd edilən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün ipoteka predmeti olan həmin avtomobilə tutma yönəldiləcəyini bildirmiş və avtomobilin təhvil verilməsini xahiş etmişdir. QSC məktubla Bakı şəhəri Dövlət Notariat Kontoruna müraciət edərək, ona məxsus avtomobilə dair özündə qanunvericiliklə icazə verilmiş bütün əqdləri bağlamaq və geniş səlahiyyətləri ehtiva edən baş etibarnamənin bankın əməkdaşı X3 verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı ƏN-İİ seriyalı 337600 saylı etibarnamə əsasında avtomobili X3 təhvil vermişdir. 10 ildən artıq müddət keçməsinə baxmayaraq QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu onunla əlaqə saxlayaraq onun banka kredit borcunun olduğunu bildirmiş və həmin borcun ödənilməsini tələb etmişdir. Kredit və ipoteka müqavilələrinin təsdiq edilmiş surətlərinin, habelə borc məbləği və digər sənədlərin QSCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tələb edilməsinə baxmayaraq, cavabdeh 24.12.2020-ci il tarixli məktubla həmin sənədləri təqdim etməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(006)-1951/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə "xxxx" KB QSC arasında bağlanmış 05.12.2007-ci il tarixli ********** saylı kredit müqaviləsi və 05.12.2007-ci il tarixli ********** saylı girov müqaviləsindən yaranan tələblər üzrə müddətin keçmiş hesab edilməsi, həmin müqavilələrdən yaranan öhdəliklərə xitam verilməsi və müqavilələrin ləğv edilməsi, İddiaçı həmin müqavilələr üzrə borcunun olmaması barədə LPO "xxxx" KB QSC-nin əməliyyat sistemində qeyd aparılması və bu barədə "xxxx" MMC-yə məlumat göndərilməsinin LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilməsi yalnız həmin öhdəliklərin tam yerinə yetirilməsi ilə mümkün ola bilər, kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmədiyindən məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyinə görə, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" KB QSC (ləğv prosesindədir) arasında bağlanmış 05 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə əsasən İddiaçı avtomobilin dəyərinin ödənilməsi məqsədi ilə "xxxx" KB QSC-dən 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 102.120 manat kredit almışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün tərəflər arasında bağlanmış 05 dekabr 2007-ci il tarixdə ********** saylı girov müqaviləsinə əsasən 2006-cı il buraxılışlı, qara metal rəngli, WDD2163711A003652 ban nömrəli, «Mercedes Benz CL 500» markalı minik avtomobili bank qarşısında yüklü edilmişdir. 22 oktyabr 2008-ci il tarixdə "xxxx" KB QSC aidiyyatı dövlət notariat kontoruna 05- 4/5057 saylı məktub ünvanlayaraq, İddiaçı məxsus, ipoteka predmeti olan avtomobilə dair özündə qanunvericilikdə icazə verilmiş bütün əqdləri bağlamağı və geniş səlahiyyətləri ehtiva edən baş etibarnamənin X3 verilməsinə etiraz etmədiyini bildirmişdir. 23 oktyabr 2008-ci il tarixdə İddiaçı aidiyyatı dövlət notariat kontorunda ipoteka predmeti olan avtomobilə dair X2 adına ƏN-İİ seriyalı 337600 saylı etibarnamə vermişdir. Etibarnamə 20 il müddətinə verilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında avtomobilin dəyərinin ödənilməsi məqsədi ilə 24 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 102.120 manat kredit alınması məqsədi ilə 05 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsi bağlanmış, Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün tərəflər arasında 05 dekabr 2007-ci il tarixdə ********** saylı girov müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2006-cı il buraxılışlı, qara metal rəngli, WDD2163711A003652 ban nömrəli, «Mercedes Benz CL 500» markalı minik avtomobili bank qarşısında yüklü edilmişdir. Tərəflər kredit və girov münasibətlərində olduğu dövrdə QSC İddiaçı məxsus, ipoteka predmeti olan avtomobilə dair özündə qanunvericilikdə icazə verilmiş bütün əqdləri bağlamağı və geniş səlahiyyətləri ehtiva edən baş etibarnamənin digər şəxsin adına verilməsinə razılıq vermiş və keçən müddət ərzində kreditor qanunla müəyyən edilmiş müddət ərzində borc alana qarşı tələb irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci, 551.1-ci və 552.1-ci maddələrinə əsasən, tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Məcəllənin 554.3-cü maddəsinə əsasən əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Göründüyü kimi, qanunverici öhdəliyə xitam verilməsi əsaslarından biri kimi məhz müddətin keçməsini nəzərdə tutmaqla, qanunla müəyyən edilmiş müddətlər keçdiyi halda kreditorun tələb hüququnun da aradan qalxdığını təsbit etmişdir. Hazırki iş üzrə əsas öhdəliyin icrası müddəti çatdığı gündən 10 ildən artıq müddət keçmişdir, cavabdeh iddiaçıya qarşı tələb hüququndan istifadə etməmişdir. Bununla da, qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyə, başqa sözlə, bankın tələb hüququna, avtomatik olaraq da, həmçinin əlavə öhdəliyə qanuna əsasən xitam verilmişdir. Beləliklə, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə cavabdehin apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1951/2021 saylı iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar