Məhkəmə qərarları › İş №2(103)-9089/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9089/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9089/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “uşağın ananın himayəsinə verilməsi və aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(007)-1370/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə faktiki nikahlarından dünyaya gəlmiş 18 noyabr 2016-cı il təvəllüdlü X1 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay onun xeyrinə 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin tədbiri barədə ərizə verərək, mahiyyəti üzrə işə baxaraq qətnamə qəbul edilənədək onunla övladı 18 noyabr 2016-cı il təvəllüdlü X2 arasındakı ünsiyyətdə olan maneənin aradan qaldırılması, hər həftənin cümə, şənbə və bazar günləri saat 09:00-dan 20:00-dək görüş verilməsi və həmin görüşün təmin edilməsi qaydalarının müəyyən edilərək uşağın onun yaşadığı evə aparılmasına icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(007)- 1370/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı övladı 18 noyabr 2016-cı il təvəllüdlü X2 ilə atanın iştirakı olmadan sərbəst şəkildə ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 15:00-dək ünsiyyətdə olmaq hüququ verilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin 11.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, azyaşlı uzun müddətdir onun himayəsində olmaqla, anası ilə ünsiyyətdə olmamışdır. Qərardadla uzun müddət müəyyən edilmiş, həmçinin onun iştirakı nəzərdə tutulmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmadan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 20.02.2020-ci il tarixli qərarının 8-ci bəndinə əsasən “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.10.2011-ci il tarixli 6/2011 nömrəli qərarına aşağıdakı dəyişikliklər edilmişdir: “Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir”. Kollegiya qeyd edir ki, məhkəmə ərizəni qismən təmin edərək, iş üzrə yekun qərar qəbul edilənədək, ananın uşağı ilə ünsiyyət hüququnun həyata keçirilməsi üçün görüş vaxtının müəyyən edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur, hazırki halda ona uşağı ilə müvəqqəti görüş verilməsini mane olan hallar müəyyən edilməmişdir, şikayətin dəlilləri formal mülahizələrdir və qərardadın ləğv edilməsi üçün təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli 2(007)-1370/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar