Məhkəmə qərarları › İş №2(103)-909/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-909/2025

07.03.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-909/2025 07.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Samir Xudaquliyevin, Cavabdeh2 vəkili və nümayəndəsi Faiq Ələkbərzadənin, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs Vaqif Quliyevin vəkili və nümayəndəsi Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, müqavilələrin əsasında verilmiş reyestr çıxarışlarının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə” iddiasına dair dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(008)-1408/2024 nömrəli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə qeyri-yaşayış sahəsi ilə bağlıdır. Qeyri-yaşayış sahəsi ünvan 1 ünvanında yerləşir, sahəsi 1119,8 kv.m təşkil edir (bundan sonra – qeyri-yaşayış sahəsi). Qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində olub, onun mülkiyyət hüququ xx.xx.2015-ci ildə dövlət reyestrində qeydə alınıb. Bundan sonra qeyri-yaşayış sahəsinə dair aşağıda göstərilən iki alqı-satqı müqaviləsi bağlanıb: 2.Birinci müqavilə xx.xx.2016-ci ildə İddiaçı (satıcı) ilə Cavabdeh2 (alıcının) arasında bağlanıb. Müqaviləni satıcının adından etibarnamə əsasında nümayəndəsi, həm də övladı – Cavabdeh1 bağlayıb. Müqaviləyə görə, qeyri-yaşayış sahəsi 500.000 manata alqı-satqı edilib. Müqavilə Bakı şəhəri 54 saylı notariat ofisinin notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-128 nömrəli reyestrdə qeydə alınıb. Müqavilənin əsasında alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. 3.İkinci müqavilə xx.xx.2018-ci ildə Cavabdeh2 (satıcı) ilə Cavabdeh3 (alıcının) arasında bağlanıb. Müqaviləni satıcının adından etibarnamə əsasında nümayəndəsi – üçüncü şəxs Vaqif Quliyev bağlayıb. Müqaviləyə görə, qeyri-yaşayış sahəsi 1.500.000 manata alqısatqı edilib. Müqavilə Bakı şəhəri 41 saylı notariat ofisinin notariusu tərəfindən həmin tarixdə təsdiq edilərək 4Ə-17 nömrəli reyestrdə qeydə alınıb. Müqavilənin əsasında alıcının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə (cild 2, iş v. 77) tələb olunub ki, hər iki alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. 5.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, hər iki alqı-satqı müqaviləsi etibarsız hesab olunsun, müqavilələrin əsasında verilmiş reyestr çıxarışları ləğv edilsin və qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Cavabdeh3 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Hər iki apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. 7.Apellyasiya icraatı zamanı Cavabdeh2 apellyasiya şikayətindən imtina etmişdir. Apellyasiya şikayətindən imtina qəbul olunmuş, Bakı Apellyasiya Məhkəməsinin ayrıca qərardadı ilə Cavabdeh2 münsibətdə apellyasiya icraatına xitam verilmiş, yalnız Cavabdeh3 apellyasiya şikayətinə baxılmışdır. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1, Cavabdeh1 vəkili və nümayəndəsi Samir Xudaquliyev, Cavabdeh2, Cavabdeh2 vəkili və nümayəndəsi Faiq Ələkbərzadə bildirdilər ki, hər iki müqavilə etibarsızdır, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh3, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs Vaqif Quliyevin vəkili və nümayəndəsi Vəkil4 bildirdilər ki, müqavilələrin etibarsız sayılması üçün əsas yoxdur, odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddia ərizəsində iki müqavilə mübahisələndirildiyinə görə, məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Birinci müqavilə barədə 11.Qətnamə birinci müqavilənin, yəni xx.xx.2016-ci ildə İddiaçı (satıcı) ilə Cavabdeh2 (alıcının) arasında bağlanmış müqavilənin etibarsız sayılması və onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 12.Müqavilənin etibarsız sayılması barədə tələb iddianın dəyişdirilməsi barədə ərizədə (cild 2, iş v. 77) belə əsaslandırılıb ki, o, yalan əqddir, İddiaçı övladı Cavabdeh1 (müqaviləni satıcının adından imzalayan şəxs) ilə Cavabdeh2 (müqaviləni alcı kimi imzalayan şəxsin) arasında olan biznes əməkdaşlığı barədə müqavilənin pərdələnməsi üçün bağlanıb. Müqavilənin aid olduğu bütün şəxslər – satıcının məhkəmədəki nümayəndəsi, satıcının əqd üzrə nümayəndəsi və alıcı apellyasiya icraatı zamanı bildirmişlər ki, müqavilə alqı-satqı niyyəti olmadan bağlanıb. Bundan başqa, müqavilənin məzmununda biznes əməkdaşlığına xas olan şərt qeyd olunub. Belə ki, müqavilənin 18-ci bəndinə görə, satıcı bu müqavilə üzrə ödənilmiş 500.000 manatı və əlavə olaraq 1.125.000 manatı, ümumilikdə 1.625.000 manatı 3 il ərzində alıcya ödədikdə, müqavilə ləğv edilərək qeyri-yaşayış sahəsi geri qaytarılmalıdır. Belə şərt alqı-satqının hüquqi təbiətinə ziddir, odur ki, həmin şərtin müqavilənin məzmununa daxil edilməsi onun həqiqi alqı-satqı olmadığını təsdiq edir. Bununla yanaşı, tərəflərin izahatlarından müəyyən olunur ki, Cavabdeh1 (müqaviləni satıcının adından imzalayan şəxs) biznes fəaliyyəti ilə məşğul olub, biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün başqa şəxslərlə müəyyən razılaşmalarda iştirak edib. Odur ki, həmin müqavilə yalan əqddir. AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə, yalan əqd əhəmiyyətsizdir. İkinci müqavilə barədə 13.Qətnamə ikinci müqavilənin, yəni xx.xx.2018-ci ildə Cavabdeh2 (satıcı) ilə Cavabdeh3 (alıcının) arasında bağlanmış müqavilənin etibarsız sayılması, onun əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 14.Müqavilənin etibarsız sayılması barədə tələb iddianın dəyişdirilməsi barədə ərizədə (cild 2, iş v. 77) belə əsaslandırılıb ki, o, yalan əqddir, Cavabdeh2 (müqavilə üzrə satıcı), Vaqif Quliyev (müqaviləni satıcının nümayəndəsi kimi imzalayan şəxs) və Cavabdeh3 (müqaviləni alıcı kimi imzalayan şəxsin) arasında olan borc münasibətlərinin pərdələnməsi məqsədilə bağlanıb. Lakin həmin müqaviləni imzalayan şəxslər, yəni Cavabdeh3 (müqavilə üzrə alıcı) və Vaqif Quliyevin (müqavilə üzrə satıcının nümayəndəsinin) vəkili və nümayəndəsi Vəkil4 apellyasiya icraatı zamanı bildirdilər ki, müqavilə həqiqi alqı-satqı müqaviləsidir, müqavilədə göstərilən pul qeyri-yaşayış sahəsinin qiyməti kimi ödənilib və qeyri-yaşayış sahəsi alıcıya təhvil verilib. Hazırkı iddianın düzgün həlli üçün bu məlumatlardan hansının düzgün olmasının əhəmiyyəti yoxdur. Bunun aşağıda göstərilən iki səbəbi var: 15.Birinci, AR Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. “Pərdələmə” sözünün mənası onu təsdiq edir ki, pərdələmə yalnız oxşar hüquqi təbiətə malik olan əqd vasitəsilə mümkündür, çünki məhz oxşarlıq bir əqd vasitəsilə digər əqdi gizlətməyə imkan verir. Daşınmaz əşyaya dair alqı-satqı müqaviləsinin vasitəsilə pula dair borc müqaviləsini pərdələnməsi mümkün deyil, çünki həmin müqavilələr fərqli hüquqi təbiətə malikdir. Hazırkı iddia “pərdələməyə” əsaslandığına görə onun təmin edilməsi mümkün deyil. 16.İkinci, şərti olaraq belə hesab olunsa ki, qeyri-yaşayış sahəsi həqiqətən pul borcunun əvəzində verilib, bu hal iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 340.2-ci maddəsindən görünür ki, pərdələmənin obyekti əqddən əmələ gələn öhdəliyin icrası deyil, əqdin özü ola bilər. Əgər pul öhdəliyinin icrası əşya verilməklə həyata keçirilibsə, əşyanın verilməsi isə formal alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilibsə, bu, pərdələmə deyil, novasiya sayılır (Mülki Məcəllə, maddə 531). Novasiyaya dair qaydalar pozulduğu təqdirdə, bunu novasiyaya dair razılıq əldə edən şəxslər mübahisələndirə bilər. Lakin hazırkı işdə belə mübahisə qaldırılmayıb, iddianı qaldıran şəxs – İddiaçı novasiyanın tərəfi olduğunu iddia etmir. 17.Birinci müqavilənin etibarsız sayılması ikinci müqavilənin etibarsız sayılmasına səbəb bilməz, çünki ikinci müqavilə üzrə qeyri-yaşayış sahəsini əldə edən Cavabdeh3 vicdanlı əldə edən sayılır. O, birinci müqavilənin etibarsız olduğunu bilməyib, reyestr qeydinin həqiqiliyinə və notariat qaydasında təsdiq olunmuş etibarnamənin məzmununa əsaslanaraq ikinci müqaviləni bağlayıb. AR Konstitusiya Məhkəməsinin “H.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub: “Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı”. 18.İddiaçı mülkiyyətindən məhrum edildiyinə görə, zərərin əvəzinin ödənilməsi üçün zərərin vurulmasında təqsirkar olan şəxsə qarşı iddia qaldıra bilər. 19.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1408/2024 nömrəli qətnaməsi qismən – ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m təşkil edən qeyriyaşayış sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-17 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında Cavabdeh3 adına verilmiş reyestr çıxarışının ləğv edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilsin və ləğv edilən hissədə iddia rədd olunsun. Həmin qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar