Məhkəmə qərarları › İş №2(103)-9097/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9097/2021

11.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9097/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh A qarşı "müqavilənin ləğvi və s." tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(006)- 3445/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh A qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh A iddiaçı arasında bağlanılmış 17.03.2017-ci il tarixli müqavilənin ləğv olunması, cavabdehdən 17.03.2018-ci il tarixdən 05.09.2018-ci il tarixə qədər ödənilməmiş 5 ay 15 gün müddəti üçün 1100 (bir min yüz) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 17.03.2017-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzili 1 (bir) il müddətinə cavabdehə icarəyə vermişdir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən icarə müddəti 17 mart 2018-ci il tarixə qədər müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən A icarə verən İddiaçı aylıq 200 (iki yüz) manat məbləğində icarə haqqı ödəyir. Cavabdeh müqavilənin bitmə tarixinə qədər vaxtı-vaxtında icarə haqqını ödədiyi üçün sözügedən müqavilənin uzadılmasına etiraz olmamışdır, lakin icarə müqaviləsi uzadıldıqdan sonra, cavabdeh icarə haqqını ödəməkdən boyun qaçıraraq üzərinə düşən öhdəliyi icra etməkdən yayınır. İddiaçı dəfələrlə icarə haqqını ödəməyi cavabdehdən tələb etsə də, cavabdeh icarə götürdüyü mənzildə təmir işləri apardığını bildirərək icarə haqqını ödəməkdən boyun qaçırır, baxmayaraq ki, cavabdehlə icarə götürdüyü mənzildə təmir işlərinin aparılmasına dair aralarında hər hansı razılıq olmamışdır. Bununla bağlı müvafiq hüquq-mühafızə orqanına müraciət edilmişdir, lakin iddiaçıya tovsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Odur ki, qeyd olunanları nəzərə alaraq cavabdeh A iddiaçı arasında bağlanılmış 17.03.2017-ci il tarixli müqavilə ləğv olunmaqla cavabdehdən 17.03.2018-ci il tarixdən 05.09.2018-ci il tarixə qədər ödənilməmiş 5 ay 15 gün müddəti üçün 1100 (bir min yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizələr məhkəməyə təqdim edilərək cavabdeh A iddiaçı arasında bağlanmış 17 mart 2018-ci il tarixli icarə müqaviləsinin ləğv olunması, cavabdehin 17 mart 2018-ci il tarixdən hal-hazıradək 13 ay 15 gün üçün 2700 manat icarə haqqının, hər ay itirilmiş gəlir olaraq 01 avqust 2018-ci il tarixdən hər ay 600 manat olmaqla 5400 manat, cəmi 8100 manat məbləğində pulun tutulması və ünvan 2 ünvanda yerləşən əmlakımın boşaldılaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(006)-3445/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh A arasında bağlanmış 17 mart 2017-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdeh Arjomandi Tourajdan 2400 (iki min dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiasının qismən təmin olunaraq icarə müqaviləsinin ləğv olunması, 17 mart 2018-ci il tarixdən hal-hazıradək 13 ay 15 gün 2700 manat icarə haqqının, hər ay itirilmiş gəlir (əldən çıxmış fayda) olaraq 01 avqust 2018-ci il tarixdən hər ay 600 manat olmaqla 5400 manat, cəmi 8100 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli, 2(103)- 12244/2019 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Hazırda qeyd olunan qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2021-ci il tarixli, 2(103)-9097/2021 saylı qərardadlı ilə cavabdeh A tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına qəbul edilməsi mümkün hesab edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin bütün faktiki halları aydınlaşdırılmamışdır. 2018-ci ilin mart ayında cavabdeh mübahisəli əmlakı boşaltmış və bir neçə gündən sonra açarlarını iddiaçıya təhvil vermişdir. Bu barədə aralarında hər hansı bir akt tərtib olunmamışdır. Anlaşılan deyildir ki, birinci instansiya məhkəməsi nə səbəbə 2018-ci ilin mart ayından sonra da həmin mənzildə cavabdehin icarəçi qalması qənaətinə gəlmiş və heç bir sübut olmadan iddiaçıya inanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmiş, bildirmişdir ki, 17 mart 2017-ci ildə tərəflər arasında icarə müqaviləsi bağlanmış, 1 il sonra cavabdeh obyektdən çıxmışdır. Hər ay vaxtı-vaxtında 200 manat icarə haqqı ödənilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(006)- 3445/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 sentyabr 2019-cu il tarixli, 2(103)-12244/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Cavabdeh isə qətnamənin ləğvini xahiş etmiş, iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Cavabdeh hazırkı apellyasiya şikayətində rayon məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, hazırkı apellyasiya baxışının predmetini qətnamənin həmin hissəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi A arasında 17.03.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı özünə məxsus ünvan 1 ünvanda yerləşən 1 saylı mənzili 1 illik müddətə, illik icarə haqqı 200 (iki yüz) manat olmaqla A icarəyə vermişdir. Həmin icarə müqaviləsinin 3-cü bəndinə əsasən, icarə müddəti 17 mart 2018-ci il tarixə qədər müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 23.07.1997-ci il tarixli, MH seriyalı, 090693 №-li qeydiyyat vəsiqəsinin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 1 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabının 828 nömrəli vərəqində, 124411 nömrə ilə qeydiyyat aparılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mülkiyyət hüququ əsasında özünə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzili 1 illik müddətə, illik icarə haqqı 200 (iki yüz) manat olmaqla, A icarəyə vermişdir. İcarə müqaviləsinin müddəti 17 mart 2018-ci il tarixə qədər müəyyən edilsə də, tərəflərin həmin müqavilənin ləğvi ilə bağlı təşəbbüsü olmamışdır. Tərəflər isə müqavilədə müəyyənləşdirmişlər ki, müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməzlərsə, icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, icarə müqaviləsinə əsasən tərəflər müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməyəcəkləri təqdirdə icarə müddətinin daha 1 (bir) il müddətinə uzadılmış hesab olunması barədə şərt müəyyənləşdirdiklərindən 17 mart 2017ci il tarixli icarə müqaviləsinin müddəti 17 mart 2018-ci il tarixdə başa çatdıqdan sonra bir il müddətinə, yəni 17 mart 2019-cu il tarixinədək uzadılmış hesab edilməlidir. Belə olan halda isə cavabdeh uzadılmış 1 il müddətinə (12 ay və hər aya görə 200 manat olmaqla, cəmi 2400 manat) görə icarə haqqını ödəmək öhdəliyini daşıyır. Odur ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 700.1-ci maddəsində qeyd olunur ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, müəyyən edilmişdir ki, icarə müqaviləsinə əsasən tərəflər müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürməyəcəkləri təqdirdə icarə müddətinin daha 1 (bir) il müddətinə uzadılmış hesab olunması barədə şərt müəyyənləşdirdiklərindən, 17 mart 2017-ci il tarixli icarə müqaviləsinin müddəti 17 mart 2018-ci il tarixdə başa çatdıqdan sonra bir il müddətinə, yəni 17 mart 2019-cu il tarixədək uzadılmış hesab edilməlidir. Kollegiya hesab edir ki, 2017-2018-ci illər üzrə icarə haqqı ödənişləri ilə bağlı mübahisə olmasa da, müqavilənin şərtinə əsasən tərəflər müqavilənin bitməsinə 1 (bir) ay qalmış həmin müqavilənin pozulmasına dair heç bir təklif sürmədiklərindən 2018-2019 illər üzrə icarə haqqı ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, MM-nin 423.1-ci maddəsinin tələbinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı razılaşma müqavilə ilə eyni formada bağlanmalı olduğundan və tərəflər arasında icarə müqaviləsi yazılı şəkildə bağlandığından, həmin müqavilənin pozulmasına dair təklif də yazılı şəkildə edilməli idi. Lakin işin araşdırılan halları ilə cavabdeh tərəfindən müqavilənin pozulmasına dair yazılı təklifin iddiaçıya gönədirilməsi müəyyən olunmur. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, müqavilənin müddətinin uzadılmaması ilə bağlı halın sübuta yetirilməsi yükü cavabdeh tərəfin üzərinə düşür, cavabdeh isə həmin halı məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli, 2(006)- 3445/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar