Məhkəmə qərarları › İş №2(103)-91/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-91/2024

26.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-91/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3339/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı X3 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. X5 ilə X8 arasındakı nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4753/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)- 1636/2017 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X6 qarşı cehiz əşyalarının və ümumi birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsü tələbinə dair iddiası təmin edilərək iddiaçının cehiz gətirdiyi əşyalar yataq dəsti (qoşa yataq, hündür iki qapılı dolab, tumhoçka - 2 ədəd, tremo (güzgülü), tremo üçün stul), “Embavvood” markalı olan qorka, komod güzgülü)- televizor qoymağada imkanı olan, 6 ədəd oturacaq stulu, şüşəli jurnal masa, Türkiyə istehsalı olan xalça (qırmızı-sarı- 3 mX2 m), Türkiyə istehsalı olan xalça (göy-sarı - 3mX 2m), 2 ədəd çilçıraq, iri divar saatı. “LG” markalı (6kq-lıq) paltaryuyan maşın, 1 ədəd güldan (böyük), soyuducu (ağ rəngdə) cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək, göstərilən əmlakların cavabdehin evində olduğunu və onları iddiaçıya təhvil verməyə hazır olduğunu bildirmişdir.

3. İcra vərəqəsi xx.xx.2017-cı il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən Sabunçu rayon İcra şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir.

4. xx.xx.2017-ci il tarixdə tələbkarın ərizəsinə əsasən həmin icra sənədi "İcra haqqında” Qanunun 23.1.1-ci maddəsi ilə Bakı şəhəri Nizami Rayon məhkəməsinə qaytarılmışdır.

5. Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-1636/2017 saylı, xx.xx.2017-cı il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixdə yenidən Sabunçu rayon İcra şöbəsinə icra olunması üçün göndərilmişdir.

6. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərinə təyin edilmiş icra tədbirləri tələbkar iştirak etmədiyindən baş tutmamış və bu barədə müvafiq tarixli aktlar tərtib edilmişdir.

7. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1636 saylı. xx.xx.2017-ci il tarixli icra vərəqəsi “İcra haqqında" Qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılmışdır.

8. Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru H.Ə.İsrəfilov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı icra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Südçülük sovxozu ünvanında yerləşən evdə olan, tələbkara məxsus əşyalara baxış keçirilmiş, soyuducu və paltayuyan maşının həyətdə qutunun içində bağlı vəziyyətdə, digər əşyaların həyətdə inşa edilmiş otaqda saxlanıldığı, işlənmiş və istifadəyə yararlı vəziyyətdə olduqları müəyyəm edilmişdir. Tələbkara əşyaları qəbul etmək təklif olunsa da, o, əşyaların yararsız vəziyyətdə olduğunu əsas gətirərək, onları götürməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı X5 cavabdehlər X4 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək ona məxsus xarab edilmiş əşyalarının dəyəri olan 12090 manatın və 10 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3339/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş 77 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarına görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(007)-1636/2017 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh X6 qarşı “cehiz əşyalarının və ümumi birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsü tələbinə dair” iddiası təmin edilərək, iddiaçının cehiz gəlirdiyi əşyaların cavabdehdən alınanıq ona qaytarılması qət edilmişdir. Qətnamə qanun qüvvəsini almış və icra sənədi verilmişdir. xx.xx.2017-ci il tarixdə tələbkarın ərizəsinə əsasən icra sənədi "İcra haqqında” qanunun 23.1.1-ci maddəsi ilə Nizami rayon məhkəməsinə qaytarılmışdır. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə yenidən Sabunçu rayon icra şöbəsinə icra olunması üçün göndərilmiş, xx.xx.2018-ci il tarixə və xx.xx.2018-ci il tarixə təyin olunmuş icra tədbirlərində bildiriş şəxsən təqdim olunmasına baxmayaraq, tələbkar iştirak etməmiş və bu barədə müvafiq aktlar tərtib olunmuşdur. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə icra vərəqəsi “İcra haqqında" qanunun 23.1.5-ci maddəsinə əsasən icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Son olaraq, xx.xx.2021-ci il tarixdə icra məmurunun, icra işi üzrə tərəflərin və hal şahidlərinin iştirakı ilə borclunun evində olan tələbkara məxsus əşyalara baxış keçirilmiş, əşyaların istifadəyə yararlı olduğu müəyyən edilərək, tələbkara onları götürməsi təklif olunmuş, lakin tələbkar əşyaları götürməkdən imtina etmişdir. Məntiqi olaraq tələbkar icra işində maraqlı olmasına baxmayaraq, bir dəfə icra sənədinin məhkəmə qaytarrılmasını xahiş etmiş, iki halda isə icra tədbirlərində iştirak etməmiş,son olaraq, əşyalarını götürməkdən imtina etmişdir. X1 isə dəfələrlə müvafiq icra qurumlarına müraciət edərək, icra işinin vəziyyəti ilə maraqlanmışdır. Bütün bunlar isə onu deməyə əsas verir ki, tələbkar icra sənədinin icrasında maraqlı olmamış, onun əsas niyyəti müəyyən vaxt keçdikdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək olmuşdur.

12. İddiaçı X5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması mülki prosessual qanunvericiliyin və “İcra haqqında” Qanunun tələblərinə uyğun olmamışdır.

14. Belə ki, iddiaçı özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada, yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasada, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər.

16. Belə ki, hazırki iş üzrə tələbin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il il tarixli, 2(007)-1636/2017 saylı qətnaməsi ilə cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunan cehiz əşyalarının dəyəri olan 12090(on iki min doxsan)manatın alınması ilə bağlı olduğu işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçı bu tələbi iddia icraatı qaydasında irəli sürməsinin səbəbi kimi, cavabdeh tərəfindən həmin əşyaların xarab edilməsini göstərib.

17. İşdən o da bəlli olur ki, qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən dəfələrlə icra tədbirləri həyata keçirilmiş, lakin hazırki işdə iddiaçı olan tələbkar bu tədbirlərdə üzrlü səbəb olmadan iştirak etməmiş, sonuncu məcburi icra tədbirləri zamanı isə cehiz əşyalarını götürməkdən imtina etmişdir.

18. Hazırki tələbində isə qətnamə ilə ona qaytarılmalı olan cehiz əşyalarını qəbul etmədən, onlardan hansınınsa yarasız olub-olmadığını, yararsız olduğu halda isə bunun səbəbini(istismar nəticəsində yaxud kənar fiziki təsir nəticəsində və.s) müəyyən etmədən birbaşa iddia icraatı qaydasında onların dəyərini tələb edir. Bu tələbin nə qədər əsaslı olub-olmaması üzrə hüquqi dəyərləndirmə aparılmazdan əvvəl ilk növbədə ona iddia icraatı qaydasında baxılmalı olmasının mümkünlüyü yoxanılmalı idi, ancaq birinci instansiya məhkəməsi bunu yoxlamadan tələbə iddia icraatı qaydasında baxıb qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir.

19. Çünki artıq məhkəmə qətnaməsinə əsasən qaytarılması qət olunan cehiz əşyalarının mövcud olmadığı yaxud borclu tərəfindən bilərəkdən yararsız vəziyyətə salındığı təsdiq olunduğu halda belə iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etməsinə zərurət və lüzum yox idi. Bu qayda, həm icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur, həm də prosessual qənaət prinsipinə əməl edilməklə çoxsaylı yeni lüzumsuz iddiaların ortaya çıxmasının qarşısını alır.

20. Demək, yaranmış hazırki mübahisə də icra icraatı çərçivəsində verilmiş ərizə qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Çünki, fərqli vaxtlarda çıxarılmış əvvəlki qətnamənin icrasının nəticəsi ilə, hazırki iddia üzrə çıxarılacaq qətnamənin icrasının nəticəsi ziddiyyətli bir vəziyyət yarada bilər. Yəni, eyni məzmunlu məsələ ilə bağlı bir-birini təkzib edən müxtəlif məhkəmə aktları ortaya çıxa bilər ki, bu da hüquqi müəyyənlik prinsipinə ziddir.

21. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir.

22. Beləliklə, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq hazırki işin predmeti olan tələbin icrasının təmin edilməsi məqsədilə məhkəməyə müraciət etmək hüququ var və onun bu ərizəsinə həmin məhkəmə tərəfindən icra qaydasında baxıla və müvafiq məhkəmə aktı qəbul edilə bilər.

23. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

24. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

25. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.

26. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3339/2022 saylı, 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və hazırki tələbə mülki məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 -ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qərara aldı:

İddiaçı X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3339/2022 saylı, 21 iyun 2022-ci il tarixli ləğv edilsin və hazırki tələbə mülki məhkəmədə iddia icraatı qaydasında baxılmalı olmadığına görə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar