Məhkəmə qərarları › İş №2(103)-910/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-910/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-910/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-910/2024 (Açar sözlər: mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh ARDNŞ Cavabdeh İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4625/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçiləri olan X16 və X11 vəzifəli şəxslər kimi işə vicdansız və laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının əri X5 ölümünə səbəb olan səhlənkarlıq etmiş, bunun nəticəsində onun ölümünə səbəb olmuşlar.

2. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi və onun mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh ARDNŞ Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 60000 manat məbləğində pulun mənəvi zərərə görə tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin işçisi X11 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsinə görə iddiaçının həyat yoldaşı Osman Tahirov ölmüşdür. Belə ki, Rasət Qurbanov Cavabdeh QSC-nin Bakı şəhəri X25 idarəsi üzrə 29 yanvar 2007-ci il tarixli 13/k saylı əmrlə qeyd edilən idarənin 6 saylı X19 sahə ustası vəzifəsində işləməklə, eyni zamanda 11 dekabr 2008-ci il tarixli 219m saylı əmrlə 18 dekabr 2008-ci ildən 22 yanvar 2009-cu il tarixədək olan müddətdə həmin X19 rəisi vəzifəsini icra edərkən vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib tabeçiliyində olan nəzarətçi-çilingərlərin, o cümlədən ünvan 1 ünvanda yerləşən beşmərtəbəli yaşayış binasının aid olduğu sahənin nəzarətçi-çilingəri X3 işinə lazımi qaydada nəzarət etməyərək, qeyd edilən binanın əksər mənzillərində, eləcə də 60 saylı mənzilində olan məişət qaz cihazlarına və avadanlıqlarına texniki baxışın və xidmətin keçirilməsini, mənzillərin sakinlərinin təbii qazdan və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə müvafiq qaydada təlimatlandırılmalarını, 60 saylı mənzilin mətbəxində qaz kəmərinə sarı rəngli plastmas örtüklü boru ilə özbaşına qeyri-qanuni birləşdirmə aparılaraq qonaq otağına çəkilmiş qaz xəttinin aşkarlanıb ləvğ edilməsini təmin etməyərək, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının 3.8.3 və 3.8.5-ci, “Qaz təsərrüfatının texniki istismar qaydaları”nın 7.10-cu və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat”ın 1.3, 1.7, 1.8, 1.11, 3.1 və 3.5-ci bəndlərinin tələblərini pozmuş, nəticədə Cavadxan küçəsi 30 saylı binanın 60 saylı mənzilində yaşayan X16 həmin mənzildə qaz cihazlarından ehtiyatsız istifadə edərək, mənzilin mətbəxindəki qaz kəmərinə özbaşına, qeyri-qanuni birləşdirmə aparılmaqla qonaq otağına çəkilmiş və qurtaracaq hissəsi açıq olan sarı rəngli plastmas örtüklü borunun qaz kəmərinə birləşməsi yerindəki nəzarət kranını 16 yanvar 2009-cu ildə saat 14 radələrində diqqətsizlik üzündən açıq vəziyyətdə saxlayaraq, yanğın təhlükəsizliyini təmin etmədən mənzilin giriş qapısını bağlayıb getmiş, təbii qaz boru ilə mənzilə sızaraq əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığının alışması nəticəsində həmin gün saat 16:30-da yanğınla müşayiət olunan partlayış baş verməklə binanın uçub dağılmış dəmirbeton və digər konstruktiv elementlərin zərbəsinə məruz qalmış X12 həyatla bir araya sığmayan bədən xəsarətləri alaraq ölmüşdür. Həyat yoldaşının ölümünə səbəb olmuş Azərbaycan Respubiikası Dövlət Neft Şirkəti Cavabdeh Bakı şəhər Nəsimi rayon Qaz istismar İdarəsinin 14 saylı X19 sahə ustası vəzifəsində işləyən X2 Rayon Məhkəməsinin 1 (006)-260/2009 nömrəli 24 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qanuni qüvvəsini almışdır. Hadisə nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində 6 ilə yaxın nikahda olduğu, 37 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra davamlı iztirab, sarsıntı keçirmişdir. Həyat yoldaşı müharibə veteranı olmuşdur. Uşaqlarının gözünün içinə baxaraq, hər gün “ana atamız haradadır, niyə gəlmir? Niyə atamız bizi məktəbə, gəzməyə aparmır?” soruşaraq atalarını axtarırlar. İki qız övladı olan 27 yaşlı gənc bir qadın-ana onları tək başına böyütmüşdür. Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 nömrəli 24 iyul 2009cu il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə işçisinin təqsiri üzündən baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hökmdən də göründüyü kimi həyat yoldaşının ölümündə təqsirli olan cavabdehin işçisi Rasət Qurbanovun səhlənkarlığı nəticəsində 5 adam ölmüş, 10 adam müxtəlif dərəcəli bədən xəsarətləri almış, 6 mənzilin dağılıb-zədələnməsi və mənzil sakinlərinin əmlakının məhv olması üzündən zərərçəkmiş şəxslərə cəmi 282757 manat məbləğdə külli miqdarda ziyan vurulmuşdur. Göründüyü kimi görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin - cavabdehin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Gənc bir qadın üçün 6 ilə yaxın evli olduğu gənc ömür gün yoldaşını, iki qız uşağının atasını bir anda itirməyin nə demək olduğunu anlamamaq mümkün deyil. Bir ana, bir qadın olaraq o, acizdir. Sevincini, kədərini paylaşdığı həyat yoldaşını görə bilmir, onu dindirib-danışdıra, deyib-gülə bilmir. Çünki o, artıq yoxdur. Bütün bunlara görə qəlbi sızlayır, sarsılır, iztirab çəkir. Nələr çəkdiyini, nələr yaşadığını heç kimə arzulamır. Göründüyü kimi cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində mənəvi əzab çəkməyə davam edir. Çəkdiyi bu iztirablara, əzablara görə günahkar cavabdehdir və vurduğu mənəvi ziyanın əvəzini ödəməyə borcludur. Çəkdiyi mənəvi ziyanın dərəcəsini o, bilir. Bu səbəbdən yuxarıda qeyd etdiyi halları və gəncliyi məhv olmuş qadın olduğunu nəzərə alaraq, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq, 300.000 manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq, ona ödənilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənəddən görünür ki, cavabdehin əmlak vəziyyəti 1,7 milyard manatdan çoxdur. Baş verən hadisənin unudulması mümkün olmaması səbəbindən keçirdiyi iztirabları ömür boyu davam edəcək. Hazırkı işdə mənəvi zərərə görə tutulacaq təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun uşaqlarının atası, ailəni dolandıran, müharibə veteranı, gənc həyat yoldaşının ölümü kimi mühüm itki ilə nəticələnməsini və bu hadisənin ona sarsıdıcı təsirini, keçirdiyi əzab, ruhi sarsıntı və iztirabların davam etməsi nəzərə alınmalıdır. Cavabdehin əmlak vəziyyətini də nəzərə alaraq, mənəvi zərərin miqdarını tam şəkildə təmin edilməlidir ki, pozulmuş hüquqlarının real bərpası baxımından ədalətli olsun.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 4625/2023 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsinin əvəzi olaraq Cavabdehndən 15.000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, 67,50 (altmış yeddi manat əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət etmişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3, 119.1, 124.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti öz iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərmişdir ki, ona cavabdeh tərəfindən hansısa məbləğ ödənməmişdir. Hadisənin üzərindən uzun müddətin keçməsi onun hislərində yansısa dəyişikliyə səbəb olmamışdır.Birinci instansiya məhkəməsi kompensasiyanın məbləğini təyin edərkən bunu əsaslandırmamışdır.

9. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsi və iddianın bütövlükdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2009- cu il tarixli 1(006)-260/2009 nömrəli hökmün surətindən müəyyən olunur ki, X1 qardaşı X14 cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Məhkəmə, iş üzrə İddiaçı ölən ərinin hüquqi varisi qismində məhkəmədə tanınmadığını və bunun hansı səbəbdən baş verdiyini araşdırmamışdır. Hesab edirlər ki bu hal, tərəflər arasında sevgi və doğmalıq hissinin olmadığı ilə əlaqələndirilməlidir. X1 qardaşı X8 cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində qardaşının ölümünə görə 5000 manat məbləğində kompensasiya ödənişi edilmiş və onun da təqsirləndirilən şəxslərə qarşı şikayəti (maddi və mənəvi) olmamışdır. Məhkəmə, iş üzrəiddiaçının qohumu (qaynı) tərəfindən ölən ərinə görə kompensasiyanın alındığını və təqsirləndirilən şəxslərə qarşı şikayətinin olmamış olduğunu nəzərə almamışdır. İddiaçı ilə mərhum yoldaşı arasındakı evlilik 6 il davam etmişdir. Məhkəmə tərəflər arasındakı evliyin qısa müddət davam etməsini və iddiaçı tərəfin gənc yaşda olmasını, yenidən evlənmək imkanın olması kimi xüsusi amilləri nəzərə almamışdır. Hökmdə adı keçən təqsirləndirilən şəxslər, X17 və X6 heç biri ARDNŞ Cavabdeh İB-nın işçisi olmamışdır. Belə ki, Nəsimi Rayon Məhkəməsində baxılmış və mülki iş materiallarına əlavə edilmiş xx.xx.2009-cu il tarixli 1(006)-260/2009 nömrəli hökmün surətindən müəyyən olunur ki, təqsirləndirlən şəxslərdən biri və partlayış baş vermiş mənzilin sahibi X9 şəxsiyyəti “işləməyən” kimi müəyyən edilmiş, X6 şəxsiyyəti isə “X25 İdarəsinin Qaz İstismar Sahəsində sahə ustası işləyən” kimi müəyyən edilmişdir. 2009-cu ildə isə Bakı şəhəri X25 İdarəsinin tabeçiliyində olan X20 ARDNŞ-nin deyil, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinə tabe olmuşdur. Baş vermiş sözügedən partlayış hadisəsindən artıq 14 ilə yaxın müddətin keçməsi və ötən həmin 14 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi, qəti surətdə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvipsixoloji stressin səviyyəsi ilə hazırki vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumun hadisənin şahidi olub-olmamasının müəyyən edilməsi əhəmiyyət kəsb edir. İddiaçıBəhram qızı 2009-cu il tarixdə ərinin ölümü zamanı baş vermiş partlayış hadisəsinin və ərinin ölüm anının şahidi olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin tam olaraq rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iddiaçı apellyasiya şikayətini müdafiə edərək və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, hadisə baş verən zaman yoldaşı Bakıya işləmək üçün gəlibmiş, iddiaçı və ailəsi isə Qax rayonunda yaşayırmış. Hadisə baş verən zaman əməliyyat olunduğu üçün Bakıya gələrək cinayət işi üzrə məhkəmə istintaqında iştirak edə bilməmişdir. Yoldaşı dünyasını dəyişdikdən 1 il sonra onkoloji xəstəliyə tutulmuşdur və hələ də bu xəstəliyi daşıyır. Həmişə məhkəməyə müraciət etmək istəsə də, prosedurlardan anlayışı olmadığı üçün müraciət etməmişdir. Yoldaşı vəfat edərkən bir nikahda olmuşlar, ayrılma faktı olmamışdır. Qaynı ona hər hansı pul məbləği verməmişdir.

13. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclasında) cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bədbəxt hadisənin baş verdiyi mənzildə qaz sızmaya səbəb həmin mənzildəki vətəndaşın istehlakçıya qadağan edilmiş hərəkətləri törətməsi olmuşdur, yəni mənzilə qeyri-qanuni xətt çəkilmişdir. Hesab edir ki, hadisənin üzərindən 15 ilə yaxın müddət keçməsi səbəbindən ilk vaxtlarda keçirilən sarsıntı ilə hazırki sarsıntının dərəcəsi eyni ola bilməz.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

20. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

21. Maddə 1099.2. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarı

22. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.

23. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

24. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı

25. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əçlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı

26. Qərarın 1-ci bəndində göstərilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.

27. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

28. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

29. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.

30. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Hazırki iş üzrə hər iki tərəf apellyasiya şikayəti verdiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir.

41. Belə ki, məhkəmə kollegiyası tərəfindən cinayət işinin istənilməsi nəticəsində əldə edilmiş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009-cu il tarixli hökmündən görünür ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 131.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.3-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə cəzaları tamamilə toplama yolu ilə X10 üzərində qəti cəza 6 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin cinayət işləri və inzibati xətalara dair işlər üzrə Kollegiyasının 1(103)-577/2009 saylı 20 oktyabr 2009-cu il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-260/2009 saylı 24 iyul 2009- cu il tarixli hökmü X16 haqqında dəyişdirilmiş, O.R.Əliyevə AR CMnin 131.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 6 aydan 3 aya, 131.2-ci maddəsilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 6 aydan 3 aya endirilmiş, O.R.Əliyevə AR CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaların tam toplanması yolu ilə qəti cəza təyin edilməsi, cəzaların qismən toplanması ilə qəti cəza təyin edilməsi ilə əvəz edilmiş və təyin olunmuş cəzaları qismən toplama yolu ilə O.R.Əliyevə qəti olaraq 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

43. İş materiallarında olan Qax rayonu Qum kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı, 007841 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Tahirova (Bayramova) Xəyalə Bəhram qızı arasında nikah 16 aprel 2003-cü il tarixdə nikah bağlanmış və 03 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir

44. Qeyd edilənlərə əsasən işin mübahisəsiz halıdır ki, cavabdeh ARDNŞ Cavabdeh İB-nin işçiləri olan X16 və X11 vəzifəli şəxslər kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan iddiaçının əri X5 ölümünə səbəb olan səhlənkarlıq etmişlər, bunun nəticəsində onun ölümünə səbəb olmuşlar.

45. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında da göstərilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

46. Məhkəmə kollegiyası qeyd edir ki. şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.

47. Bundan başqa, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

48. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir.

49. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.

50. Məhkəmə kollegiyası cavabdehin iddianınn rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının ərinin həlak olması iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, həmin hadisə nəticəsində iddiaçının gənc yaşda həyat yoldaşını itirməsi, övladlarına təkbaşına baxmalı olması, onlara həm analıq, həm də atalıq etməyə məcbur olması və bütün bunların nəticəsində iddiaçının şüurunda, həqiqətən də, çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır.

51. Cavabdehin apellyasiya şikayətinin iddiaçının yoldaşı vəfat edən zaman cinayət istintaqında iştirak etmək istəməməsi, bunun da mərhumun vəfatı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etməməsini özündə ehtiva etməsi dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, iddiaçı apellyasiya baxışında da təqdim etdiyi sənədlər əsasında bildirmişdir ki, həmin hadisənin baş verdiyi zaman o, əməliyyat olunmuş, 2 övladını qoyaraq Qax rayonundan Bakı şəhərinə gələ bilməsi onun üçün çox çətin olmuşdur. İş materiallarından da göründüyü kimi iddiaçı ilə mərhum yoldaşı bədbəxt hadisənin baş verdiyi vaxta kimi rəsmi nikahda olmuşlar. İddiaçının mərhum əri ilə soyuq ailə münasibətlərinin olmasına dair sübutlar iş materiallarında mövcud deyildir.

52. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin va etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Kollegiya cavabdehin iddiaçının həyat yoldaşının gənc yaşda vəfat etməsi və onların evliliyinin qısa müddət çəkməsi səbəbindən keçirə biləcəyi sarsıntının az olması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının elə məhz gənc yaşda öz yoldaşını itirməsi ilə çox tez bir zamanda ailəsinin natamam qalması, hələ övladları körpə ikən təkbaşına ana kimi onlara baxmaq məcburiyyətində olması iddiaçının yaşadığı ruhi sarsıntılar və mənəvi iztirabın olmasına dəlalət edir və bu hal iddiaçının əleyhinə təfsir oluna bilməz.

54. Cavabdehin həmçinin hadisənin üzərindən uzun müddət keçməsinə baxmayaraq iddiaçının yenidən ailə həyatı qurma imkanının olması ilə əlaqədar apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, bu fakt, yəni iddiaçının gənc yaşda öz yoldaşını itirməsinə baxmayaraq uzun illər keçsə də, yenidən ailə həyatı qurmaması faktı da onun mərhum ərinə necə bağlı olması və bu hadisənin təsirlərini öz üstündən ata bilməməsini bir daha təsdiqləmiş olmaqla iddiaçının mənəvi iztirabının bariz nümunəsidir.

55. Göstərilənlərə əsasən kollegiya cavabdehin iddianın rədd olunmasına dair apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək iddiaçıya ona dəymiş mənəvi zərərə görə müəyyən bir məbləğin ödənilməli olduğunu qeyd edir.

56. Kollegiya iddiaçının birinci instansiya məhkəməsi tərəfindən ona dəymiş mənəvi zərərə görə 15.000 manat məbləğində kompensasiya müəyyənləşdirilməsini əsassız hesab edərək həmin məbləğin az olması, onun keçirdiyi sarsıntıya ekvivalent olmaması və iddiasının tam həcmdə, yəni 60.000 manat məbləğində təmin edilməli olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

57. İşin hallarından da məlum olur ki, iddiaçı cavabdehin işçilərinin təqsiri üzündən öz ərini itirmişdir. Onun keçirdiyi iztirabın və sarsıntının dərəcəsinin hansısa pul vəsaiti ilə azaldılması və ya onun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsilə ilə o, təsəlli ala bilər.

58. Lakin nəzərə alınmalıdır ki, bəxbəxt hadisənin baş verməsi ilə bağlı yeganə təqsirkar cavabdeh təşkilatın işçiləri olmamışdır və partlayışın baş verdiyi mənzilin sahibi də qanunsuz qaz xəttinin çəkilməsi ilə bu hadisənin baş verməsinə özü şərait yaratmışdır. Həmçinin təqsirkar şəxslərin bu əməlləri hansısa qəsdə dayanmamış, səhlənkarlıq və ehtiyatsızlıq səbəbindən baş vermişdir və bu hal özünü həmin şəxslərlə bağlı aparılan cinayətinin işinin gedişatında da tapmışdır. Buna görə də cavabdehdən tutulmalı məbləğin miqdarı müəyyən edilərkən qeyd edilən hallar mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq qiymətləndirilməlidir.

59. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarına əlavə olunmuş xx.xx.2009-cu il tarixli, 1(006)-260/2009 nömrəli hökmün surətindən müəyyən olunur ki, X1 qardaşı X8 cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində qardaşının ölümünə görə 5000 manat məbləğində kompensasiya ödəniş edilmiş və onun da təqsirləndirilən şəxslərə qarşı şikayəti (maddi və mənəvi) olmamışdır.

60. Göründüyü kimi artıq eyni hadisə ilə bağlı dünyasını dəyişmiş şəxsin qardaşı tərəfindən cavabdehə qarşı zərərin ödənilməsi ilə bağlı tələb olmuş və tələbin nəticəsində də müəyyən bir məbləğ cavabdeh tərəfindən ödənmişdir. Hazırki iddia tələbinin də tam həcmdə təmin edilməsi artıq cavabdehin mənafeləri baxımından ədalətli mövqe olmazdı və onun üzərinə həddindən artıq öhdəliyin qoyulması ilə nəticələnəkdi.

61. Qeyd edilən mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Qərarda qeyd edilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.

62. Odur ki, məhkəmə kollegiyası hazırda işin qeyd edilən bütün faktiki hallarına və qanunvericiliyin tələblərinə məcmu halında qiymət verərək birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin 15.000 (on beş min) manat məbləğində qiymətləndirilməsi barədə mövqeyini işin halları və tərəflərin mənafeləri baxımından ədalətli hesab edir və qətnamənin tutulan məbləğin miqdarı ilə bağlı dəyişdirilməsinə hər hansı əsas görmür.

63. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

64. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

65. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

66. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4625/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxslərin özlərnə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar