Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9112/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3848/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş uşaqlar hər biri üçün 97,5 manat cəmi 195 manat alimentin tutulmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3848/2021 saylı qərardadı ilə iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3848/2021 qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 19 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti müdafiə edərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3848/2021 saylı qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən 24 fevral 2021-ci il tarixdə qətnamə qəbul edilərkən, o, iddia tələbində alimentin azaldılmasını qeyd etsə də, hansı qaydada azaldılmasını göstərməmişdir. Məhkəmədə ona təklif olunmuşdur ki, o, yeni iddia tələbi ilə məhkəməyə müraciət etsin və tələbində alimentin hansı məbləğdə azaldılmasını qeyd etsin. O, hazırkı iddia tələbində artıq alimentin hansı qaydada azaldılmasını qeyd etmişdir. Məhkəmə tərəfindən onun tələbinə qiymət verilməli olduğu halda, iddia ərizəsinin qəbulundan imtina olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 şikayəti qəbul etməyərək, etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3848/2021 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə qərardadında qeyd etmişdir ki, İddiaçı hazırda verdiyi iddia ərizəsi üçün yeni hallar, əsaslar mövcud deyil. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki mərhələdə qeyd olunan əsasla iddia ərizəsinin qəbulundan imtina olunması əsaslı hesab oluna bilməz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Məhkəməsinin 2(005)-1034/21 saylı 24 fevral 2021-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair ilk iddia tələbi rədd olunmuş, qarşılıqlı iddia təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-752/2020 saylı, 14.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilmiş, 18.03.2008-ci il təvəllüdlü X1 və 26.08.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi, iddiaçı iddia tələbində alimentin azaldılması ilə bağlı tələb irəli sürsə də, hansı qaydada azaldılmasını qeyd etməmişdir. Hazırki iddia tələbində iddiaçı birgə nikahdan anadan olmuş uşaqlar hər biri üçün 97,5 manat cəmi 195 manat alimentin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya hesab edir ki, hazırkı halda iddiaçı iddianın predmetinə aid olan alimentin azaldılması ilə bağlı konkret tələblə məhkəməyə müraciət etmişdir ki, həmin tələbə yalnız çəkişmə prinsipinə riayyət olunmaqla, məhkəmə iclasında baxılmaqla, qiymət verilməlidir. Buna görə də, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, mülki iş materialları ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(005)-3848/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9112/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9112/2021
08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver