Məhkəmə qərarları › İş №2(103)-9117/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9117/2020

25.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9117/2020 25.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Əliyev Ramin Rasim oğluna qarşı “cehiz əmlakın pulla dəyərinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3525/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3525/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Əliyeva İlahə Telman qızına məxsus mətbəx mebelinin dəyəri kimi 3800 manat məbləğində pul vəsaitinin Əliyev Ramin Rasim oğlundan tutularaq Əliyeva İlahə Telman qızına ödənilməsi, dövlət rüsumunun əvəzi kimi 21 manat məbləğində pul vəsaitinin Əliyev Ramin Rasim oğlundan tutularaq Əliyeva İlahə Telman qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Əliyev Ramin Rasim oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və işə yenidən baxılmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Əliyev Ramin Rasim oğlunun şikayəti qətnamədən verilən şikayətlərə dair qanunvericilikdə nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1.4-cü maddəsinə görə, apellyasiya şikayətində işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir; Əliyev Ramin Rasim oğlu isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini düzgün hesab etmədiyi əsasları ümumiyyətlə göstərməmişdir. Həmçinin Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Mülki işin materiallarından görünür ki, qətnamə cavabdeh Əliyev Ramin Rasim oğlunun nümayəndəsi Rəsmiyyə Əliyeva tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir (iş v. 58). Belə olan təqdirdə, qətnamədən apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü cavabdehə münasibətdə xx.xx.2020-ci il tarixi hesab edilir. Lakin cavabdehin apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülmüşdür. Bundan əlavə “Dövlət rüsumu haqqında” Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən, apellyasiya və kassasiya şikayətlərindən, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 8.1.2-ci maddəsinə görə, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə iddianın qiyməti 500 manatdan çox olduğundan, qətnamədən apellyasiya şikayəti verərkən Əliyev Ramin Rasim oğlunun ödəməli olduğu rüsum məbləği 15 manat olmuş, lakin o, 10 manat rüsum ödəmişdir. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3525/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar