Məhkəmə qərarları › İş №2(103)-913/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-913/2021

08.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-913/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1187/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun barəsində işlətdiyi nalayiq ifadələrlə bağlı cavabdehlərə üzr istəmək vəzifəsinin qoyulması və cavabdehlərin təqsiri ucbatından ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, məhkəməyə “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etməkdə əsas məqsədi onun Əsas Qanun olan Konstitusiyada təsbit edilmiş hüquqlarını ictimaiyyətin çoxsaylı nümayəndələri arasında kobud şəkildə pozaraq ona mənəvi ziyan vurmuş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqazidd hərəkətlərinə görə üzrxahlıq etməsi və həmçinin, cavabdehlərin etdiyi hüquqazidd hərəkətlər nəticəsində ona vurmuş olduğu mənəvi ziyanı ödəmələri ilə bağlı qərar qəbul edilməsini Ədalət Mühakiməsindən xahiş etməkdir. 2019-cu ilin təxminən iyul-avqust aylarında cavabdehlərlə maşın alveri etdi. Maşın aldıqdan sonra maşında bir çox qüsurlar və nasazlıqlar olduğundan cavabdehlərə zəng edərək iradını bildirdi. Cavabdehlər isə ona bu nasazlıqları özünün həll etməli olduğunu bildirərək kobudluq etdilər. Onu xeyli maddi ziyana salan bu şəxslər təkrar zəngində onunla kobud və sözlə ifadəsi qeyri mümkün olan tərzdə danışaraq bir də onlara zəng edərsə ona və ailəsinə xətər yetirəcəkləri, hətta həyatlarına son qoyacaqları ilə hədələdilər. O cavabdehlərin bu hərəkətlərindən narahat olaraq dərhal AR DİN-in 102-nin Qaynar Xətt Xidmətinə zəng vurub qanuni tədbir görülməsini xahiş etdi. Şikayəti əsasında aidiyyəti üzrə araşdırma aparan 25-ci PB-nin əməkdaşlarını cavabdehlərin təhqir etmələri, həm də polis əməkdaşlarına onunla əlaqəli nalayiq ifadələr işlətməsi barəsində mənfi fikirlər formalaşmasına səbəb olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqazidd hərəkətləri sayəsində onun səhhətində də ciddi psixoloji narahatlıqlar yaranmışdır. Cavabdehlərin hüquqazidd hərəkətlərinin nəticəsi olaraq onda qəfil yaranmış yüksək təzyiqlə bağlı hələ də ambulator müalicə alır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdehlər etdikləri hüquqazidd hərəkətlərin nəticəsi olaraq indiyədək ondan üzrxahlıq diləməmiş, vurduqları mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı heç bir addım atmamışdır. Cavabdehlər tərəfindən edilmiş bütün bu hüquq pozulması halları ilə bağlı sülh yolu ilə addım atmayacaqları təqdirdə Azərbaycan Respublikasının mövcud Qanunvericiliyinə əsaslanaraq aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək zorunda qalacağı ilə bağlı cavabdehlərə xəbərdarlıq etməyinə baxmayaraq, təəssüflər olsun ki, cavabdehlər tərəfindən heç bir reaksiya verilməmişdir. Ölkə vətəndaşı olaraq mövcud qanunlarda əks olunmuş hüquqlardan istifadə etməyə əsası olduğu üçün Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətin vətəndaşlara verdiyi hüquqların vətəndaşlara verdiyi hüquqlardan səmərəli istifadə hüquqlarının cavabdehlər tərəfindən kobudcasına pozulması ilə bağlı məhkəməyə iddia tələni ilə müraciət etmək məcburiyyətindədir. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1187/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, cavabdehlər isə onun əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. İş materiallarında olan Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlarından görünür ki, İddiaçı Cavabdeh1 onu ölümlə hədələməsi və təhqir etməsi barəsində polis orqanına şikayət etmiş, toplanmış material üzrə cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Mülki Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Hər-hansı bir şəxsə qarşı irəli sürülmüş iddianın təmin edilə bilməsi üçün onun qanun pozuntusuna yol verdiyi kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilən sübutlarla təsdiq olunmalı, daha sonra qeyd olunan əməlin qanunun dispozisiyasında göstərilən şərtləri pozub-pozmaması aydınlaşdırılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya hesab edir ki, iddiaçı, cavabdehlərin onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması barədə iddiasını biri digərini tamamlayan mötəbər sübutlarla sübuta yetirə bilmədiyindən, onun iddia ərizəsində irəli sürdükləri formal mülahizə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Kollegiya hesab edir ki, qanun, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsinə yönəlmiş məlumatların yayılmış olduğunu sübut etmək vəzifəsini bundan zərər görən şəxsin üzərinə qoyduğundan, iddiaçı isə cavabdehin müvafiq hərəkətə yol verdiyini sübut edə bilmədiyindən, onun irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşdığı nəticəsinə gəlmək mümkün deyildir. Gəldiyi bu qənaətə uyğun olaraq kollegiya, iddiaçının mənəvi ziyan tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayaraq özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1187/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar