Məhkəmə qərarları › İş №2(103)-9147/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9147/2021

04.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9147/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2133/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.07.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 200 (iki yüz) manat alimentin, onun maddi ehtiyaclarının ödənilməsi üçün 02.07.2012-ci il təvəllüdlü X4 3 yaşına çatana qədər Cavabdeh onun xeyrinə hər ay 150 (yüz əlli) manat olmaqla aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07.01.2012-ci ildə nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahından 02.07.2012-ci il təvəllüdlü X6 adlı uşağı anadan olmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da, sonradan ailədə baş vermiş narazılıqlar üzündən ailəsi dağılmışdır. Buna görə də, o, cavabdehdən ayrılmış, azyaşlı oğlu ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdeh isə həmin vaxtdan uşağın saxlanması üçün ona heç bir kömək etmir. Faktiki ayrıldığı vaxtdan iddiaçı uşağının saxlanması üçün lazımi xərcləri təkbaşına ödəyir. Bu isə onun üçün bir sıra ciddi maddi problemlər yaradır. Belə ki, uşağın saxlanmasına ayda 500 manata qədər vəsait lazım olur ki, həmin vəsaitin onun tərəfindən təkbaşına ödənilməsi qeyri-mümkündür. Cavabdeh kifayət qədər gəliri olmasına baxmayaraq o, uşağın saxlanmasında ona heç bir maddi yardım etmir. Cavabdehlə bir ailə kimi yaşadığı dövrdə uşağının təminatı yüksək olmuşdur. Lakin nikahları pozulduqdan sonra uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına çalışsa da, buna təkbaşına nail ola bilməmişdir. Cavabdeh qazancı qeyri-müntəzəm, dəyişən olduğu üçün alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığından və uşağın saxlanması bir valideyn kimi cavabdehin də vəzifəsi olduğundan belə hesab edir ki, cavabdehdən 02.07.2012-cİ il təvəllüdlü X6 adlı uşağının saxlanması üçün hər ay sabit pul məbləğində 200 manat aliment tutulmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(010)- 2133/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 02.07.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16.03.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay əsas və əlavə iş yeri üzrə qazancının dörddə bir hissəsi miqdarında, həmçinin hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin aliment tələbinə dair hissədə dəyişdirilərək, cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç yerdə işləmir. Uşağın xərclərini ödəməkdə çətinlik çəkir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin hər ay 40 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməsini, qətnamənin qalan hissədə qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, beton sexində çilingər-operator vəzifəsində çalışır və aylıq əmək haqqı 250 məbləğindədir və əlavə gəliri yoxdur. Birinci instansiya məhkəməsi maaşın ¼-dən hissəsindən başqa 40 manat sabit pul məbləğində aliment tutmağı onun hüquqlarını məhdudlaşdırır. Belə ki, onun aylıq əməkk haqqı yaşam tələbatlarını ödəmir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X7 apellyasiya şikayətini müdafiə etdilər, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(010)-2133/2021 saylı qətnaməsinin aliment tələbinə dair hissədə dəyişdirilərək, cavabdehdən 200 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etdilər. Cavabdeh və onun nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli 2(010)-2133/2021 saylı qətnaməsinin hər ay 40 manat sabit pul məbləğində alimentin tutulması hissəsində ləğv edilməsini, qətnamənin qalan hissədə qüvvədə saxlanılmasını xahiş etdilər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız alimentin tutulması qaydası və məbləği hissəsində yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər 07 yanvar 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 02.07.2012-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı hər ay uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində alimentin tutulması tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsində müəyyən olunub ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinin birinci bəndində göstərilmişdir ki, valideynlər uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1 və 75.4-ci maddələrinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqların saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-ci il tarixli Qərarında göstərilir ki, ailə qanunvericiliyi tutulan alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: 1) tərəflərin maddi və ailə vəziyyəti; 2) diqqətəlayiq digər hallar; 3) uşağın əvvəlki təminatının səviyyəsi. Belə ki, iş materiallarında olan 29.01.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əlavə iş yeri olaraq Qarant Beton sexində çilingər-operator vəzifəsində çalışır və aylıq 250 manat əmək haqqı alır. Cavabdeh apellyasiya şikayətində heç bir əlavə qazancı olmadığını bildirsə də, məhkəmə iclasında iddiaçının sualına cavab olaraq bildirmişdir ki, restoranda işləyir və gündəlik 10-15 manat pul qazanır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 02.07.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2133/2021 saylı mülki iş üzrə qəbul etdiyi 09 aprel 2021-ci il tarixli qətnaməsi alimentin tutulma qaydası və məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 02.07.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 16.03.2021-ci il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar