Məhkəmə qərarları › İş №2(103)-9158/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9158/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9158/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “X1 protokolun, əmlakın alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-nə, "xxxx" BOKT ASC-nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzilə dair keçirilmiş hərracın yekun nəticələri haqqında protokolun, əmlakın alqısatqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası DƏDRX tərəfindən hüquqların dövlət reyestrində qeydiyyata alınmasına dair verilmiş ********** №-li Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-327/2017 saylı, 01,03.2017-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı1 əsas borc üzrə 27956,70 ABŞ dolları, faiz borcuna görə 10042,38 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları olmaqla, cəmi 39999,08 ABŞ dolları məbləğində borc, 31 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, tutma ipoteka predmetinə yönəldikməklə cavabdeh İddiaçı1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 17 saylı, evin 14 saylı mənzilinin ilkin satış qiyməti satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına İddiaçı1 banka olan borcu ödənilməsi; iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti cavabdeh İddiaçı1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25.04.2018-ci il tarixli, 2(103)- 458/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-327/2017 saylı 01 mart 2017-ci il tarixli qətnaməsi «cavabdehdən 10042,38 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi» hissələrində dəyişdirilmiş, cavabdeh İddiaçı1 faiz borcuna görə 5001,68 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata olan məzənnə ilə tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2018-ci il tarixli 2(103)458/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. İddiaçı bundan "xxxx" BOKT ASC-nin ona və qeyrilərinə qarşı Suraxanı rayon Məhkəməsində "Mənzildən məcburi çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələbinə dair" iş üzrə cavabdeh qismində iştirak edərkən xəbər tutmuşdur. Məlum olmuşdur ki, həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən "xxxx" BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə "xxxx" BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 2 ünvanda yerləşən daşınmaz əmlaka"xxxx" BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. İpoteka predmeti olan əmlakın "xxxx" BOKT ASC-nin mülkiyyətinə keçməsindən də xəbəri olmamışdır. Beləliklə, cavabdehlər "xxxx" BOKT ASC digər cavabdeh "xxxx" MMC ilə məlum sxem üzrə onu hərrac barədə xəbərdar etmədən, hərracda iştirakını təmin etmədən və mənzili öncə ona təklif etmədən qanunsuz yolla ələ keçirmişdir. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehlər "xxxx" BOKT ASC və "xxxx" MMC-nin hərəkətləri qanunsuz hesab edilməklə, hərracın yekun nəticələri haqqında Protokol, əmlakın alqısatqı müqaviləsi və onun əsasında verilmiş Çıxarış etibarsız hesab edilməlidir. Bundan başqa qeyd edir ki, o, borcu ödəməyə hazır olduğu halda hərracın keçirilməsi qanuni və əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(009)-276/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Həmçinin, iddiaçılar bildirmişlər ki, birinci instansiya məhkəməsində onların iştirakı təmin edilməmiş, məhkəmənin vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" BOKT ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının hərracın keçirilməsindən xəbəri olmaması barədə bildirdikləri həqiqətə uyğun olmamışdır. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı1 Hərrac Mərkəzinə və İcra qurumuna məktub göndərərək qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti verdiyini, bu əsasla icra işinin dayandırılmasını xahiş etmişdir. Göründüyü kimi, o, əmlakın hərracda satılmasından məlumatlı olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01,03.2017-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı1 əsas borc üzrə 27956,70 ABŞ dolları, faiz borcuna görə 10042,38 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları olmaqla, cəmi 39999,08 ABŞ dolları məbləğində borcun və 31 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsində yerləşən 17 saylı, evin 14 saylı mənzilinə yönəldilməsi, mənzilin satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına İddiaçı1 banka olan borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaitinin cavabdeh İddiaçı1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25.04.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin həmin qətnaməsi “cavabdehdən 10042,38 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissələrində dəyişdirilmiş, cavabdeh İddiaçı1 faiz borcuna görə 5001,68 ABŞ dolları, cərimə borcuna görə 100 ABŞ dolları məbləğində borcun ödəniş gününə manata olan məzənnə ilə tutularaq iddiaçı "xxxx" BOKT ASC-yə ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş və Suraxanı rayonu İcra və Probasiya şöbəsinin sifarişi əsasında Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC tərəfindən 21.08.2019-cu ildə təşkil edilmiş hərracda 80.000 manat ilkin satış qiyməti ilə və 11.09.2018-ci il tarixdə təşkil edilmiş təkrar hərracda 68.000 manat ilkin satış qiyməti ilə satışa çıxarılmış, lakin hər iki hərrac baş tutmamış, bundan sonra 13.09.2018-ci il tarixli məktubla həmin əmlak Hərrac Mərkəzi tərəfindən tələbkar "xxxx" BOKT MMC-yə təklif edilmiş, tələbkar təklifi qəbul etmiş və 08 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş X1 Protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən ipoteka predmeti olan mənzili 51.000 manata əldə etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 41.2-ci maddəsinin hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasına əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün X1 müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İş materiallarına əlavə edilmiş bildirişlərin, habelə tələbkar "xxxx" BOKT MMC tərəfindən borclu İddiaçı1 ünvanlanmış məkbutların surətlərindən görünür ki, borclu şəxs hər iki hərracın keçirilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmışdır. Bundan başqa, borclu İddiaçı1 özünün Hərrac Mərkəzinə və tələbkar FİNOKO BOKT MMC-yə ünvanladığı icraatın dayandırılmasına dair ərizəsinin iş materiallarında olan surətdindən görünür ki, (ərizə tələbkarın ünvanına 06.08.2019-cu ildə daxil olub) İddiaçı1 hərracın keçirilməsi barədə bildirişi almış və qətnamədən kassasiya şikayəti verildiyini bildirərək icraatın dayandırılmasını tələb etmişdir. Belə olan halda, iddiaçının hərracın keçirilməsi barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmadığına dair dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Həmçinin, iddiaçılar onların borcu ödəməyə hazır olduqları halda, hərracın keçirilməsinin qanunsuz və əsassız olduğuna istinad etmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İpoteka Haqqında AR Qanununun 46.1-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Göründüyü kimi, borclu şəxsin əsas öhdəlik üzrə bütün tələbi ödəməsi əsası ilə ipotekaya xitam verilməsi yalnız hərracın nəticələri üzrə protokol imzalananadək mümkündür. Lakin iddiaçılar əsas öhdəliyi həmin vaxta qədər ödəməl üçün təşəbbüs göstərmələri barədə hər hansı sübut təqdim etməmişlər. Həmçinin, iş materiallarında olan məhkəmə bildirişlərindən, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin istifadəsində olan mobil telefonlara SMS bildirişlərin göndərilməsinə dair hesabatlardan məlum olur ki, iddiaçılara məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmışlar. Bundan başqa, iddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması ilə bağlı qəbzi imzalamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların məhkəmənin vaxtı və yeri barədə laxımi qaydada məlumatlandırılmamaları ilə bağlı dəlilini də əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair Çıxarışın etibarsız hesab edilməsinə dair tələb digər əsas tələblərdən doğan törəmə tələb olduğundan və həmin əsas tələblər üzrə iddia təmin edilmədiyindən, birinci instansiya məhkəməsi bu tələbi də təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(009)-276/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar