Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9175/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3040/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Vəliyev Elşən Müslüm oğluna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" KB QSC arasında bağlanmış 28.01.2008-ci il tarixli 0447/A nömrəli kredit müqaviləsinin ləğv edilməsi və borcunun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il təvəllüdlüdür. ünvan 1 ünvanda yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı olaraq "xxxx" KB QSC Nərimanov rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla iddiaçı arasında bağlanmış 28.01.2008-ci il tarixli 0447/A nömrəli kredit müqaviləsi üzrə 7.859 manat əsas borc, 2.217 manat 09 qəpik faiz, 2.000 manat cərimə, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 12.106 manat 09 qəpik pul vəsaitinin ondan iddiaçının xeyrinə tutulması, borc məbləğinin girov ilə yüklü edilmiş «Mercedes Benz - 220» minik markalı, 2001-ci il buraxılışlı, ** SG *** dövlət qeydiyyat nişanlı, WDB2100071B408691 ban nömrəli, gümüşü metal rəngli minik avtomobilinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsi isə öz növbəsində 2(005)-1713/2015 saylı qətnamə əsasında iddia tələbini təmin etmişdir. Məhkəmə həmin qətnamədə həmçinin onu da qeyd etmişdir ki, avtomobilin satışından əldə edilmiş pul vəsaiti hesabına borc məbləği ödənildikdən sonra qalıq məbləğ cavabdeh olaraq ona geri qaytarılmalıdır. Bundan sonra, o, yuxarıda qeyd olunan atomobili bankın tələbi ilə onlara təhvil vermişdir. Lakin bu yaxınlarda Səbail rayon İcra və Probasiya Şöbəsindən ona zəng edilərək 25.05.2015-ci il tarixli 2(005)-1713/2015 saylı icra vərəqəsi əsasında onun "xxxx" KB QSC qarşısında öhdəliyinin olmasını bildirmişlər. Məlum olmuşdur ki, avtomobil banka təhvil verilməyinə baxmayaraq, bank borc məbləğini silməmişdir. Yaranmış problemin həlli ilə əlaqədar «Mercedes Benz - 220» minik markalı, 2001-ci il buraxılışlı, ** SG *** dövlət qeydiyyat nişanlı, WDB2100071B408691 ban nömrəli, gümüşü metal rəngli minik avtomobilinin hal-hazırda mülkiyyətçisinin kim olması və kimin istifadəsində olmasını müəyyənləşdirmək üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə sorğu ilə müraciət olunmuş və sözügedən qurumun 17.02.2021-ci il tarixli 18049-1221 saylı cavab məktubuna əsasən, müəyyən olunmuşdur ki, yuxarıda qeyd olunan avtomobilin halhazırda mülkiyyətçisi hazırkı iddia ərizəsi üzrə 3-cü şəxs qismində cəlb edilmiş Vəliyev Elşən Müslüm oğludur. Həmçinin, o da müəyyən olunmuşdur ki, avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilmiş və ** SX *** dövlət qeydiyyat nişanı ilə istifadə olunmaqdadır. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi sözügedən cavab məktubunun əsli ilə təsdiq edir. Həmin cavab məktubundan o da bəlli olmuşdur ki, avtomobil Vəliyev Elşən Müslüm oğlunun mülkiyyətindədir və onun mülkiyyətinə keçməsinin əsası kimi alğı-satqı müqaviləsi göstərilmişdir. Bundan əlavə, sözügedən avtomobilin 30.06.2016-cı il tarixdə dövlət qeydiyyat nömrə nişanı və şəhadətnamə nömrəsi də dəyişdirilərək, müvafiq olaraq AC644952 və ** SX *** kimi dəyişdirilmişdir. Həmçinin, Azərbaycan Respublikası DİN BDYPİ-nin 17.02.2021-ci il tarixli 18049-1221 saylı cavab məktubundan da göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə 3-cü şəxs qismində cəlb edilmiş Vəliyev Elşən Müslüm oğlunun pasport qeydiyyat ünvanı ünvan 2 bunlara baxmayaraq, o, hazırda heç bir bankdan kredit borcu götürə bilmir, belə ki, hazırda bank sistemində onun adına borc görünür. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3040/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3cü şəxs Vəliyev Elşən Müslüm oğluna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə işə baxarkən işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq, yarımçıq, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Vəliyev Elşən Müslüm oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh LPO "xxxx" KB QSCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Vəliyev Elşən Müslüm oğlu məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3040/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – ipoteka predmeti olan avtomobilin onun tərəfindən banka təhvil verilməsinə dair sübutlar (təhvil-təslim aktı, digər fakt təsdiq edici sənədlər) məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, qanunvericilikdə müqavilələrin ləğv edilməsi üçün əsaslar müəyyən edilmişdir. Hazırkı iş üzrə həmin əsaslardan heç biri müəyyən edilməmişdir və tərəflər arasında bağlanmış 28.01.2008-ci il tarixli 0447/A nömrəli kredit müqaviləsi ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin borcun olmaması barədə hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında cavabdeh tərəfindən təqdim olunmuş maliyyə arayışında borcun faktiki olaraq mövcud olduğu qeyd olunduğundan iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə haqlı olaraq iddiaçıya, həmçinin cavabdehə izah etmişdir ki, hər iki tərəf (iddiaçı borclu şəxs kimi, LPO bank isə ipoteka saxlayan və borc vəsaitini qaytarmaq istəyən tərəf kimi) ipoteka predmeti olan avtomobilin satılaraq əldə edilmiş vəsait hesabına borcun ödənilməsində, avtomobil satılaraq əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq qalan məbləğin iddiaçıya qaytarılmasında, əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borcun iddiaçıdan tutularaq ləğv prosesində olan banka ödənilməsində maraqlı olduqlarından, ipoteka predmeti olan avtomobilin sonrakı aqibəti ilə bağlı iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar – yəni, DİN BDYPİ-nin məktubunda qeyd olunanlar Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsini icra edən İcra və Probasiya şöbəsinin nəzərinə çatdırılmaqla, icra vərəqəsinin icra edilməsini, avtomobilin tapılaraq, həmin avtomobilə tutma yönəldilməsini tələb edə bilərlər. Çünki, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası DİN BDYPİ-nin 17 fevral 2021-ci il tarixli ********* saylı məktubundan göründüyü kimi, DİN BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə «Mercedes Benz 220» markalı, 2001-ci il buraxılışlı, gümüşü metallik rəngli, WDB2100071B408691 ban nömrəli ** SX *** dövlət qeydiyyat nişanlı avtomobil 30.06.2016-cı il tarixdən Xudat şəhəri ünvan 3 ünvanda qeydiyyatda olan 25.05.1973-cü il təvəllüdlü Vəliyev Elşən Müslüm oğlunun adına qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə göstərilən hallar formal mülahizələr olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdeh LPO "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Vəliyev Elşən Müslüm oğluna qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3040/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3040/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9175/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9175/2021
29.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver