Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-918/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı və vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə nikahından doğulmuş uşağın – xx.xx.2022-ci il təvəllüdlü Alisanın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay 400 manat sabit pul məbləğində alimentin tutulması, alimentin hesablanaraq tutulmasının başlanğıcının xx.xx.2023-cü il tarixindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixində nikaha daxil olmuşlar. Birgə nikahdan onların bir övladları olsa da, iddiaçı ilə cavabdehin münasibəti pozulmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçı ilə evlənənədək başqa bir qadınla münasibət qurmuş və hətta həmin qadından bir uşağı da vardır. Bundan sonra iş üzrə tərəflər ayrılmış və iddiaçı uşağı ilə birlikdə valideynlərinin yanına qayıtmışdır. Həmin vaxtdan etibarən uşaq iddiaçının yanında qalmışdır. İddiaçının uşağının saxlanması üçün maddi yardıma ehtiyacı vardır. Uşaq hələ çox körpə olduğu üçün iddiaçı işləmir. Cavabdeh, uşağın saxlanılması üçün iddiaçıya maddi köməklik göstərmir. Uşağın saxlanmasına dair aliment barədə iş üzrə tərəflərin arasında razılaşma əldə olunmamışdır. Cavabdehin rəsmi iş yeri olmasa da, o, anası, qardaşı və başqa qohumları ilə birgə bizneslə məşğuldur. "xxxx" MMC-nin (VÖEN:**********) təmsilçisi cavabdehin qaynıdır. Cavabdeh özü də həmin MMC-də işləyir və maddi imkanı qənaətbəxşdir.
b) cavabdehin iddia tələbinə dair mövqeyi
3. Cavabdeh, işə baxmış Rayon Məhkəməsinə bildirmişdir ki, o işləmir və 400 manat məbləğində aliment ödəməyə imkanı yoxdur. Onun başqa övladı da var və hazırda həmin uşağın saxlanılması üçün 154 manat məbləğində aliment ödəyir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbləri, uşağın mənafeyini və iddiaçının onun himayəsində yaşayan uşağa təkbaşına baxmaqda maddi cəhətdən çətinlik çəkəcəyi, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alındıqda müəyyən edilir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Cavabdehdən tutulacaq aliment məbləğinin həddi müəyyən edən məhkəmə uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hər ay 400 manat məbləğində alimenti ödəm üçün kifayət qədər maddi imkana malik olmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, alimentin məbləği “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün müəyyən edilmiş 220 manat müəyyən edilməlidir.
d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək tutulmalı olan alimentin miqdarının 154 manat müəyyən edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uşağı saxlamaq hər iki valideynin borcudur. Uşağın saxlanması üçün yaşayış minimumu hər iki valideyn arasında bölünməlidir. Rayon Məhkəməsi cavabdehin ailə vəziyyətini, əvvəlki vəziyyətini nəzərə almadan, cavabdehin təqdim etdiyi sübutları nəzərə almadan alimentin miqdarını yüksək müəyyən etmişdir. Cavabdehin digər uşağı üçün də 154 manat aliment verməsi halı da nəzərə alınmamışdır. Rayon Məhkəməsi hazırki iş üzrə də alimentin miqdarını 154 manat müəyyən etməli idi.
e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
8. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə Məhkəmədən xahiş edir ki, qətnamə tutulmalı olan alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilərək alimentin miqdarı 154 manat müəyyən edilsin.
11. Məhkəmə qeyd edir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin yalnız alimentin məbləğinin müəyyən edilməsi hissəsinin əsaslılığını yoxlamışdır.
g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı ilə cavabdehin birgə nikahından 1 uşağın doğulmasına baxmayaraq iş üzrə tərəflərin münasibəti pozulmuş və onlar ər-arvad münasibətlərini kəsərək ayrılmışlar. Uşaq hazırda anasının (iddiaçının) yanındadır. Cavabdeh, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan iddiaçının xeyrinə alimentin tutulmasına etiraz etmir, o, bununla razılaşır. Qətnamənin qeyd edilən hissəsi iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün artıq qanuni qüvvəsini almışdır.
14. Tərəflər arasında mübahisə doğuran məsələ - uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin miqdarı ilə bağlıdır. Rayon Məhkəməsi alimentin hər ay 220 manat olmaqla sabit pul məbləğində tutulması qənaətinə gəlmişdir. Cavabdeh hesab edir ki, tutulmalı olan alimentin miqdarı dəyişdirilərək 154 manat müəyyən edilməlidir. Çünki onun 220 manat aliment ödəmək imkanı yoxdur və nikahdan kənar başqa bir övladı üçün də 154 manat aliment ödəyir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə uşaq, qanunla və digər vasitələrlə sosial müdafıə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
16. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar (maddə 5.). Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür (maddə 8.). Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (maddə 13.).
17. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.).
19. Hazırki işə Rayon Məhkəməsində baxılan zaman qüvvədə olmuş “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
20. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qanunla uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini nəzərə almaqla, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə hər ay sabit pul məbləğində 220 manat alimentin tutulmasını qət edərkən iş üzrə düzgün nəticəyə gəlmişdir.
21. Cavabdehin apellyasiya şikayətində bildirdiyi məbləğdə alimentin tutulması uşağın mənafeyinə, beynəlxalq və ölkədaxili normaların tələblərinə ziddir. Çünki, cavabdehin ondan iddiaçının xeyrinə tutulmasını təklif etdiyi məbləğ uşağın minimum yaşayış səviyyəsinin təmin edilməsi üçün kifayət etmir.
22. Uşağı saxlamağın hər iki valideynin borcu olması və uşağın saxlanması üçün yaşayış minimumunu təşkil edən 220 manat məbləğində alimentin valideynlər arasında bərabər bölünməsi barədə cavabdehin dəlili əsassızdır. Çünki iddiaçı işləmir və körpə uşağına baxır. Uşağın hələ iki yaşı tamam olmamışdır. Uşağın bütün gündəlik qayğıları və əlavə xərcləri iddiaçının öhdəsindədir. Ona görə də uşaqdan ayrı yaşayan valideyn ən azı uşağın yaşayış minimumunu təmin etməyə borcludur.
23. Cavabdehin 220 manat aliment ödəmək üçün maddi imkanının olmaması dəlili də əsassızdır. Çünki bir valideyn olaraq cavabdeh işləyib-işləməməsindən asılı olmayaraq uşağını saxlamağa borcludur.
24. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh, işaxtaran və ya işsiz kimi qeydiyyata alınması barədə sübutlarını məhkəmələrə təqdim etməmişdir.
25. Bu hal onu göstərir ki, ya cavabdeh rəsmi olmayan müəyyən maddi imkana malikdir ki, iş axtarmağa lüzum görmür, ya da bir valideyn kimi öz məsuliyyətini nəzərə almayaraq iş axtarmaq üçün müraciət etmək fikrində deyil. Hər bir halda cavabdehin təqdim etdiyi dəlillər və iş materiallarının müqayisəli təhlili onu deməyə əsas verir ki, apellyasiya baxışının predmeti olan hissədə cavabdehin iddiaya etirazının dəlilləri diqqətəlayiq əsas kimi qəbul edilib qətnamənin dəyişdirilməsi üçün əsas təşkil edə bilməz.
26. Həmçinin qeyd edilməlidir ki, cavabdehin nikahdankənar digər uşağı üçün ayda 154 manat aliment ödəməsi ona əsas vermir ki, iddiaçı ilə nikahından olan uşağı üçün də həmin miqdarda aliment ödəməlidir. Çünki ailə qanunvericiliyində bununla bağlı imperativ norma nəzərdə tutulmamışdır.
h) apellyasiya baxışının nəticəsi
27. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur.
28. MPM-in 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Məhkəmə həmçinin bildirir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyator olan cavabdehə münasibətdə hazırki iş üzrə təmin edilməyən tələbin qiyməti ((220-154=) 66 manat x 12 ay =) 792 manat təşkil edir. İddiaçı isə Rayon Məhkəməsinin qətnaməsindən apellyaiya şikayəti vermədiyindən hesab edilməlidir ki, iddiaçıya münasibətdə apellyasiya baxışının predmeti olan hissədə təmin edilməyən tələb yoxdur. MPM-nin 402-ci maddəsinə görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. MPM-nin 403.1-ci maddəsinə görə də, bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən, MPM-nin 385, 392, 393 və 402 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.