Məhkəmə qərarları › İş №2(103)-9183/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9183/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9183/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Əyyubov Anar İlyas oğlunun, Cavabdeh1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10472.29 manat məbləğində sığorta ödənişinin 5700.14 manat hissəsini, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidməti daxil olmaqla, ümumilikdə 5731.14 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi G.A.Musayeva iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, 5731.14 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi G.A.Musayeva iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbinin yalnız Cavabdeh1 tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsini müdafiə etdiyini və digər Cavabdeh2 qarşı isə iddia tələbini müdafiə etmədiyini bildirmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26.08.2019-ci il tarixində "xxxx" ASC ilə Cəfərov Elman Məzahir oğlu arasında PMİ-014553 nömrəli şəhadətnamə üzrə ** UE *** dövlət qeydiyyat nişanlı, “Nissan Kicks” markalı avtomobil 34400 manat məbləğində 2 il müddətinə sığortalanmışdır, həmin avtomobil 04 yanvar 2020-ci il tarixində Bakı şəhər, Xətai rayonu ərazisində hərəkət edərkən, mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olan və etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil ilə toqquşmuş, nəticədə sığortalanmış avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermiş, hadisə yerinə gələn DYPİ əməkdaşları tərəfindən tərtib edilmiş ******* saylı inzibati xəta haqqında protokola əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh1 göstərilmişdir, sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış avtomobilin təmiri, müştərinin müraciətinə müvafiq olaraq, "xxxx" MMC-in servis məntəqəsində həyata keçirilmiş və tərtib edilən NL_1476 saylı 28.02.2020-ci il tarixli “Qüsur aktı”-na əsasən, avtomobilə dəymiş zərər 10972,29 manat məbləğində hesablanmış, sığorta şəhadətnaməsinə əsasən həmin məbləğdən azadolmaya görə 500 manat çıxılaraq qalan 10472,29 manat həcmində sığorta ödənişi iddiaçı tərəfindən "xxxx" MMC-ə ödənilmiş, bu 20.05.2020-ci il tarixli, 529 nömrəli ödəniş tapşırığında da öz əksini tapmışdır, həmçinin etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə edilən ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PXA ********** saylı şəhadətnamə əsasında "xxxx" ASC tərəfindən sığortalandığından "xxxx" ASC-ə 4772,15 manat məbləğində ödəniş edilmişdir. G.A.Musayeva həmçinin izahatında bildirdi ki, əvvəlcə iddia tələbi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı olsa da, sonradan iddia tələbini dəqiqləşdirərək cavabdeh kimi ancaq Cavabdeh1 münasibətdə iddia tələbini müdafiə etdiyini, digər cavabdehə qarşı isə müdafiə etmədiyini bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 ödənilmiş sığorta məbləği kimi 5700,14 manat, dövlət rüsumunun əvəzi qismində 30 manat və bank xidməti kimi 1 manat, ümumilikdə 5731 (beş min yeddi yüz otuz bir) manat 14 (on dörd) qəpik pul məbləği alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 ( iki yüz) manat Cavabdeh1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassız, qeyri obyektivdir. Belə ki, ərizədə və izahatında da qeyd etdiyi kimi Cavabdeh2 bu hadisədə heç bir təqsiri yoxdur. Bu tələbi nəzərə alınsa da, lakin etibarnamə əsasında idarə etdiyi **-DF- *** dövlət qeydiyyat nişanlı “Opel Astra" minik markalı avtomobilin sahibliyinin mülki məsuliyyətinin icbari sığortası PXA ********** saylı şəhadətnamə əsasında “Xalq Sığorta" ASC tələfindən sığortalandığından "xxxx" ASC-ə 4772,15 manat məbləğində ödəniş edilməsinə baxmayaraq tədqiqat aparan ekspert rəyinə uyğun məbləğ düzgün müəyyən edilməmiş, ekspert iddiaçının qeyd etdiyi halların xüsusi bilik tətbiq edilməklə yoxlanılıb, yenidən obeyktiv qiymətləndirməsini aparmamış, yalnız həmin əvvəl müəyyən edilmiş halları təkrar etməklə kifayətlənmişdir. Məhkəmə də bu halı nəzərə almamış, ekspert rəyini məcburi sübut kimi qəbul edib, ondan 5731,14 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-in xeyrinə ödənilməsini qət etmişdir. Bunlarla yanaşı onun məhkəmə iclasında izahatı təhrif olunmuşdur. Belə ki, izahatında təhrif olunan kimi 8000 manat məbləğində pulu ödəməyə razı olduğu deyil, əgər həqiqətən də zərər 10472,29 manat həcmində olarsa, icbari sığorta ödənişindən sonra qalan məbləği maksimum 8000 manata qədər tamamlamağa razı olduğunu qeyd etmişdir. Lakin zərərin 10472.29 manat həcmində olmağını qəbul etmir, çünki ekspertiza obyektiv və tam həyata keçirilməmiş, məhkəmə işin hallarını hərtərəfli araşdırıb, tətbiq edilməli olan hüquq normalarının tələblərinə uyğun qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Əyyubov Anar İlyas oğlu apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 ilə mübahisənin məhkəmədən kənar yolla həll olunması üçün 10 iş günü müddətində Bakı şəhəri, Fətəli Xan Xoyski 40 ünvanında yerləşən ofisə dəvət edilmiş, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri DYPİ Yol patrul xidmətinin İXP 302473 saylı, 04.01.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 04.01.2020-ci il tarixində “Opel Astra” minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 450189 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” minik markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İş materiallarında olan 597045 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Nissan Kicks” minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil Cəfərov Elman Məzahir oğluna məxsusdur. İş materiallarında olan ƏN-İV № 851800 saylı, 28.01.2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 məxsus olan “Opel Astra” markalı ** DF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün 10 il müddətinə yəni, 28.01.2025-ci il tarixinədək Cavabdeh1 etibar edilmişdir. İş materiallarında olan PMİ 014553 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, Cəfərov Elman Məzahir oğlunun mülkiyyətində olan “Nissan Kicks” minik markalı nəqliyyat vasitəsi 26.08.2019-cu il tarixdən 25.08.2021-ci il tarixədək "xxxx" ASC tərəfindən tam sığortalanmışdır. İş materiallarında olan 529 saylı, 20.05.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, PMİ 014553 saylı sığorta şəhadətnaməsinə əsasən "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 10472.29 manat pul ödənilmişdir. İş materiallarında olan KSN 2606/20 nömrəli 28.02.2020-ci il tarixli “Sığorta aktı”-ın surətindən görünür ki, 10472,29 manat məbləğində sığorta ödənişi 20.05.2020-ci il tarixdə köçürmə yolu ilə 529 nömrəli sənədlə ödənilmişdir, barəsində reqres tələb sürülməli olan şəxslər kimi Cavabdeh1, Cavabdeh2 göstərilmişdir. İş materiallarında olan 10.04.2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Nissan Kicks” markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin məbləği 10972,29 manat təşkil edir. Həmin rəyə əlavə edilmiş bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüquqi mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. İş materialları ilə müəyyən olunur ki, Cəfərov Elman Məzahir oğluna məxsus ** UE *** dövlət qeydiyyat nişanlı “Nissan Kicks” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır, sonuncuya 04.01.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 məxsus olan və etibarnamə əsasında Cavabdeh1 tərəfindən idarə olunan ** KH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobili ilə zərər vurulmuşdur, zərər vurulmuş həmin avtomobilin təmir-bərpa xərci 10972.29 manat təşkil edir, sığorta ödənişi sığortaçı tərəfindən sığortalı avtomobilin təmiri üçün "xxxx" MMC-yə ödənilmişdir, cavabdehə məxsus avtomobil "xxxx" Sığorta ASC tərəfindən sığortalanmışdır, Rəvan” Sığorta ASC tərəfindən sığorta ödənişinin 10.472.29 manatı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən ** DF *** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobil Cavabdeh1 idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh1 təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" Sığorta Şirkəti ASC sığortalıya ödədiyi 5700,14 manat məbləğində olan xərci Cavabdeh1 tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh sığorta məbləği ilə razı olmadığını qeyd etsə də, bu halı təsdiq edəcək hər hansı sübut təqdim etməmiş, əksinə iş materialları ilə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillər təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-418/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar