Məhkəmə qərarları › İş №2(103)-9190/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9190/2021

22.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9190/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)-4647/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı – ondan tutulan sabit pul məbləğində alimentin dəyişdirilərək Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq aldığı əmək haqqının 1/3 hissəsində müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh xeyrinə 25.12.2015-ci il təvəllüdlü X2, 21.02.2018-ci il təvəllüdlü X1 üçün sabit pul məbləğində aliment tutulmuşdur. Lakin sonradan Cavabdeh iddia qaldırmışdır ki, bir uşağa görə 110 manat pul məbləğində aliment müəyyən edilməsindən əlavə hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat müalicə pulu Cavabdeh xeyrinə İddiaçı tutulsun. İddiaçı bildirir ki, işlədiyinə görə sabit pul məbləğində deyil, aldığı əmək haqqına uyğun olaraq aliment müəyyən edilməliydi. İddiaçı bu barədə Bakı Apelyasiya Məhkəməsinə şikayət vermiş, həmin məhkəmənin 2(103)-3603/2020 saylı, 09.06.2020-ci il tarixli qətnaməsi ilə şikayət təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bu barədə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər uşaq üçün müalicə pulunun tutulması düzgün deyil. Belə ki, uşaqların həqiqətən xəstə olması halında onlara əlillik dərəcəsi verilməlidir. Ali Məhkəmənin 01.04.2021-ci il tarixli, 2(102)- 594/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3603/2020 saylı 09.06.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhər Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)-4647/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, alimentin 220+100=320 manat yox, 100+100=200 manat olması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, əvvəl sabit pul məbləğində aliment kəsiləndə iddiaçı Bakı şəhərində qardaşının maşını ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Ancaq maşın texniki cəhətdən yararsız vəziyyətə düşüdüyü üçün taksi fəaliyyətii davam etdirə bilməmişdir. Hal-hazırda iddiaçı Bərdə rayonunda valideyinlərinin himayəsi ilə yaşayır və "xxxx" MMC-də əczaçı vəzifəsində çalışır. Onun Əmək haqqı 300 manatdır, 280 manat nəğd pul alır. Məcburi köçkün olmağına baxmayaraq, heç bir təminat almır. (səbəb atasının adına Bərdə şəhərində reyestr qeydiyyatında olan mənzilin olmasıdır). Başqa heç bir yerdən gəliri, qazancı yoxdur. Əvvəlki aylardan 2500 manata qədər aliment borcun yığılıb. Keçmiş həyat yoldaşı Cavabdeh davamlı müracəti və Ədliyyə nazirliyinin qaynar xəttinə zəng etdiyinə görə Bərdə rayon Məhkəməsinin qərarı ilə alimenti ödəyə bilmədiyi üçün 2020-ci il sentyabr ayında 10 gün müddətində azadlıqdan məhrum olunmuşdur. İndi Xətai rayon Məhkəməsinin 2(011)- 447/2021 saylı, 24.06.2021-ci il tarixli qətnaməsi ilə hər bazar günü saat 15:00-dan 20:00-dək övladları ilə ünsiyyətdə ola bilir. Bir dəfə görüşmüşdür. Hər dəfə görüşmək üçün ən azı 50 manat lazım olur, çünki, iddiaçı Bərdə rayonunda yaşayır. Alimentin məbləği elə olmalıdır ki, iddiaçı heç olmasa ayda bir dəfə övladları ilə ünsiyyətdə ola bilsin. İddiaçı fiziki qüsurlu olduğu üçün hərbi xidmətə gedə bilməmişdir. Belə ki, o, Bərdədə çadır şəraitində, məcburi köçkün kimi yaşayanda sətəlcəm xəstəliyi keçirmişdir və ayaqlarının altı düzdür. Ona görə bəzi yerlərdə-dövlət orqanlarında işləyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)-4647/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 4475/2019 saylı 30.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında 10.11.2014-cü il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsində 2275 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 25.12.2015-ci il təvəllüdlü və 21.02.2018-ci il təvəllüdlü X3 anaları X4 yanında qalması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 594/2021 saylı, 01.04.2021-ci il tarixli qərarının surətindən görünür ki, Xətai rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh İddiaçı 21.02.2018-ci il təvəllüdlü X7 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi, habelə cavabdeh İddiaçı birgə nikah dövründə anadan olmuş 25.12.2015-ci il təvəllüdlü X2 və 21.02.2018-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla ondan hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğinin iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.06.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(011)-875/2020 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3603/2020 nömrəli iş üzrə 09.06.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də 21.09.2020-ci ildən 21.03.2021-ci il tarixədək müddətli əmək müqaviləsi üzrə əczaçı işləmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından iki uşaqları anadan olmuş, onların nikahları məhkəmə qaydasında pozulmuş, nikah pozulduqdan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları Cavabdeh yanında qalmışdır. Daha sonra 2020-ci ildə cavabdeh alimentlə bağlı iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən İddiaçı 21.02.2018-ci il təvəllüdlü X7 3 yaşına çatanadək hər ay 150 manat sabit pul məbləğində pul vəsaiti tutularaq iddiaçı X5 ödənilməsi, habelə İddiaçı birgə nikah dövründə anadan olmuş 25.12.2015-ci il təvəllüdlü X2 və 21.02.2018-ci il təvəllüdlü X3 müalicəsi ilə bağlı əlavə xərclərdə iştiraka cəlb olunmaqla ondan hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğinin Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Qeyd edilən qətnamədən İddiaçı tərəfindən apelyasiya və kassasiya şikayətləri verilmiş və qətnamə 01.04.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçıdan aliment tutulması barədə məhkəmə qətnaməsi çıxarılarkən məhkəmələr tərəfindən tərəflərin ailə vəziyyəti, uşaqların saxlanmasına cəlb edilməli olan şəxsin qadın olmasını, aliment ödəməli olan şəxsin sabit qazanca malik olmasını, uşaqların əlavə olaraq müalicə xərclərinin olmasını, uşağın mənafeyinin müdafiəsinin zəruriliyi kimi diqqətəlayiq halları nəzərə almışdır. Kollegiya qeyd edir ki, iddiaçı alimentin azaldılması barədə iddia tələbini ondan alimentin sabit pul məbləğində deyil, işlədiyinə görə qazancının 1/3 hissəsi miqdarında tutulmalı olması ilə əsaslandırır. Halbuki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Lakin iddiaçı ondan tutulan alimentin azaldılmasını xahiş etsə də, həmin qətnamə qəbul edildikdən sonra onun ailə və ya maddi vəziyyətində mühüm dəyişikliklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin alimentin tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsindən qısa müddət keçmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının 20.11.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyənnamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir Həmin Qanunun 13-cü maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən, məhkəmə hesab etmişdir ki, alimentin sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi şəklində tutulmasını tələb etmək hüququ xeyrinə aliment ödənilən şəxsin hüququ olduğundan, həmçinin hazırkı iş üzrə iddiaçıdan tutulan alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin tələblərindən heç biri müəyyən edilmədiyindən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qəbul edilməsindən qısa müddət keçməklə, bu qısa müddətdə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən məhkəmə verilmiş tələb daxilində işə baxır. İddiaçı iddia tələbində alimentin dəyişdirilərək, əmək haqqının 1/3 hissəsində alimentin tutulmasını tələb etmiş, əmək haqqının 300 manat olduğunu qeyd etmişdir. Əmək haqqı olan 300 manatın 1/3 hissəsi 100 manat, həmin məbləğin bir illik məcmuyu 1200 manat olmaqla, 2000 manatı aşmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(011)- 4647/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar