Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9205/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-697/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Sığorta Şirkətindən onun xeyrinə 1770 AZN məbləğində sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində 390 AZN dəbbə pulunun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 AZN dövlət rüsumunun, ümumilikdə 2190 AZN məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyun 2020-ci il tarixdə saat 13 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** JE *** nömrəli “Mitsubishi Fuso” markalı yük avtomobili ilə X3 ona məxsus ** EM *** nömrəli “Mercedes Benz E280” avtomobilə zərər vurmuşdur. Həmin avtomobil Cavabdeh Sığorta şirkəti tərəfindən sığortalanmışdır. İsmayıl Cəfərovun məsuliyyəti icbari sığortalanmışdır və bu da avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı kimi təsdiqlənməlidir. “İcbari Sığortalar haqqında Qanunun 17.1-ci maddəsində göstərilən sənədlər cavabdehə təqdim edilsə də, sığortaçı tərəfindən əmlaka dəyən zərərdən qat-qat az olan vəsaitin ödənilə biləcəyi bildirilməklə ödənişin verilməsindən imtina edilmişdir. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclərlə bağlı və avtomobilin təmirinə dair "xxxx" ASC-nin aktı sığortaçıya təqdim edilmişdir. Həmin akta əsasən sığorta hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə onun təmirinə 1.770 manat məbləğində vəsait xərclənmişdir. Bildirir ki, hər gecikdirimiş gün üçün sığorta ödənişi məbləğinin 0.1 faizi həcmində dəbbə pulu hesablanarkən avtomobilin təmirinə dair arayışın sığortaçıya 25 iyun 2020-ci il tarixində təqdim edilməsi nəzərə alınmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-697/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Sığorta Şirkətindən 1.310 manat sığorta ödənişi və 270 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğində pulun 20 manatının İddiaçı, 80 manatının Cavabdeh Sığorta Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin texniki ekspertiza şöbəsinin mütəxəssisləri tərəfindən “Mercedes Benz E 280” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər araşdırılmış və bununla bağlı müvafiq hesabat tərtib edilmişdir. Hesabata əsasən avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün 320 manat tələb olunur. Məhkəmə ekspert rəyi əsasında ortaq məbləği müəyyən edərək hesab etmişdir ki, cavabdehdən 1310 manat sığorta ödənişi tutularaq iddiaçıya ödənilməli, eləcə də, iddiaçının avtomobilin təmirinə dair arayışı 25.06.2020-ci il tarixində sığortaçıya təqdim etməsini nəzərə alaraq, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərə alınmaqla cavabdehdən 270 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab etmişdir. “İcbari sığortalar haqqında” Qanunun tələblərindən görünür ki, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortaçının öhdəliyi İİİ şəxslər qarşısında yaranır. Buna görə “Mercedes Benz E 280” markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti Cavabdeh Sığorta Şirkətində sığortalandığı üçün “Mitsubishi Fuso” markalı, ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin avtomobilə dəyən zərərə görə sığortaçıdan tələb hüququ yaranmışdır. 25 iyun 2020-ci il tarixli qüsur aktı avtomobilin təmirini və göstərilən məbləğin ödənilməsini təsdiq edən sənəd deyil. Hesab edir ki, ödənişin olunması faktı mədaxil qəbzi, kassa çeki ilə tanınmalıdır. Belə bir sübut isə iş materiallarında mövcud deyildir. Hazırki iş üzrə Cavabdeh Sığorta Şirkəti faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina etməmişdir. Belə ki, hadisə sığortaçı tərəfindən sığorta hadisəsi kimi tanınmış və avtomobilə dəyən zərəri qiymətləndirirək müəyyən olunmuş məbləğdə ödəməyə hazır olduğunu bildirmişdir. Lakin iddiaçı məbləğlə razılaşmadığı üçün eləcə də, “İcbari Sığortalar haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin surətini və faydalanan şəxsin şəxsiyyət vəsiqəsinin surəti iddiaçı tərəfindən təqdim edilmədiyi üçün sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirilməməsilə iş üzrə yanlış nəticəyə gəlmişdir. Qanuna əsasən dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilməli, qiymətləndirilmədiyi halda isə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə aparılmalıdır. Maddi hüquq normaları avtomobilin etibarnaməli idarəçisinə pul şəklində sığorta ödənişinin verilməsini nəzərdə tutmur. Avtomobilin etibarnaməli idarəçisinə pul şəklində sığorta ödənişi yalnız o halda verilə bilər ki, o xərclərini təsdiq edən sənədləri sığortaçıya təqdim etmiş olsun. Halbuki hazırki iş üzrə İddiaçı zərərin aradan qaldırılmasına dair xərcləri təsdiq edən sənədi nə məhkəməyə, nə də sığortaçıya təqdim etmişdir. Mərkəzi Bankın Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün sığortaçılara ünvanladığı 14 iyun 2021-ci il tarixli məktubunda Mərkəzi Bank zərər miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədən sığorta ödənişinin hər hansı formada həyata keçirilməməsi tələb olunmuşdur. Odur ki, sığortaçı həm qanunvericiliyə, həmdə nəzarət orqanının tələblərinə uyğun olaraq zərər məbləğini razılaşdırmadan faydalanan şəxsə ödəməmişdir. Buna görədə məhkəmənin hər gecikdirilmiş gün üçün 270 manat məbləğində dəbbə pulu tutması əsassızdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-697/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh Sığorta Şirkəti ASC-ti apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnaməndən narazı qalaraq, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi X4 olsa da, həmin avtomaşın yolnəqilyyat hadisəsi törədilən zaman qanuni əsaslarla İddiaçı sahibliyində olmuş, həmin avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Həmçinin, ekspertin rəyi əsasında ortaq məbləği müəyyən edərək məhkəmə hesab etmişdir ki, cavabdehdən 1310 manat sığorta ödənişi, eləcə də sığortaçıya avtomobilin təmirinə dair arayış 25.06.2020-ci il tarixdə təqdim edilməsi nəzərə alınaraq hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödənilməsi nəzərə alınmaqla cavabdehdən 270 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir və gəldiyi nəticəni “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 53-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə hüquqi cəhətdən qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, MN № ******* saylı, 18.06.2020-ci il tarixli “İnzibati tənbeh haqqında” qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və “Mersedes Benz E280” minik markalı, **-EM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə zərər vurduğundan 40 manat məbləğində cərimə edilmişdir.(İ.vər. 40 - 41) İş materiallarında olan, Cavabdeh Sığorta Şirkətinin Zərərlərin Tənzimlənməsi İdarəsinin 24 iyun 2020 tarixli, P2844/20 saylı məlumatının surətindən görünür ki, Cavabdeh Sığorta Şirkəti “Mersedes Benz E280” minik markalı, **-EM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərəri (320 manat məbləği) ödəməyə və ya avtomobilin təmirini təşkil etməyə hazır olduğunu bildirmişdir.(İ.vər. 35) İş materiallarında olan, 102 saylı, 25.06.2020-ci il tarixli Zərər aktından görünür ki, X2 məxsus “Mersedes Benz E280” minik markalı, **-EM-*** dövlət nömrə nişanlı, ban №-si WDB2100631A428293, mühərrik №-si **********1320, buraxılış ili 1997, qeydiyyat şəhadətnaməsi AD №262700 olan avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərər 1.770,00 manat məbləğində qiymətləndirilmişdir.(İ.vər. 18) İş materiallarında olan, 05.03.2021-ci il tarixli, 132458 nömrəli “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabatın surətindən görünür ki, “Mersedes Benz E280” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 320 AZN məbləğində qiymətləndirilmişdir.(İ.vər. 45) İş materiallarında olan, 04.06.2018–ci il tarixli, AD N 262700 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X5 “Mersedes Benz E280” minik markalı, **-EM-*** dövlət nömrə nişanlı, ban №-si WDB2100631A428293, Mühərrik №-si **********1320, buraxılış ili 1997 olan nəqliyyat vasitəsinin sahibidir.(İ.vər. 52) İş materiallarında olan, ƏN İV № 722428 seriyalı “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamədən görünür ki, X5 22.01.2019-ci il tarixdə 6 ay müddətinə 22.01.2021-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsindən istifadə ilə bağlı etibarnamə vermişdir.(İ.vər. 50) İş materiallarında olan ƏN-Vİİ 585896 “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 22.01.2021-ci il tarixdə 6 ay müddətinə 22.07.2021-ci il tarixədək İddiaçı nəqliyyat vasitəsindən istifadəsi ilə bağlı etibarnamə vermişdir.(İ.vər. 51) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2571 saylı, 31 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, “Mersedes Benz E280” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği "xxxx" ASC-nin 25.06.2020-ci il tarixli qüsur aktı üzrə 1310 manat, "xxxx" ASC 05.03.2021-ci il tarixli qüsur aktı üzrə 430 manat müəyyən edilmişdir.(İ.vər. 52 - 63) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 922-ci maddəsinə əsasən; 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini icbari sığorta etdirərək sığorta haqqı ödəyən və müvafiq icbari sığorta müqaviləsinin tərəfi olan şəxs sığortalı hesab edilir. “İcbari sığortalar haqqında” Qanunun 18-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X1 mülkiyyətində olan və qanuni əsaslarla (etibarnamə əsasında) İddiaçı tərəfindən istismar olunan “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşın Cavabdeh Sığorta Şirkətində sığortalanmış, 18 iyun 2020-ci il tarixdə (icbari sığorta müqaviləsi qüvvədə olduğu müddətdə) iki avtomobilin iştirakı ilə yol-nəqilyyat hadisəsi baş vermiş və nəticədə “Mersedes Benz” markalı avtomaşına maddi ziyan dəymişdir. Həmin yol-nəqilyyat hadisəsində təqsirli şəxs “Mitsubishi Fuso” markalı 99 JE431 dövlət nömrə nişanlı avtomaşının sürücüsü olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz E280” markalı ** EM *** dövlət nömrə nişanlı avtomaşının qanuni əsaslarla sahibi olan İddiaçı avtomaşına dəymiş ziyanla bağlı sığorta ödənişinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh sığorta ödənişinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Sığorta Şirkəti ASC apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, nümayəndəsi apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətində göstərdikləri dəlillər birinci instansiya məhkəməsi qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı hesab edilmir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir. Bundan başqa Cavabdeh Sığorta Şirkəti ASC apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-697/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-697/2021 saylı, 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9205/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9205/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver