Məhkəmə qərarları › İş №2(103)-9218/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9218/2021

05.10.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9218/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər “X2 (UK) Limited” şirkəti və “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialınına qarşı “ödənilməmiş əmək haqqının əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(005)-67/2021 saylı qətnaməsindən cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının apelyasiya əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “X2 (UK) Limited” şirkəti və “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialınına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Team İndustrial Services (UK) Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən 58470.48 manat məbləğində pulun ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü ilin yanvar ayının 15-dən 2018- ci ilin sentyabr ayının 30-na kimi “Furmanit İnterneyşnl Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında əmək müqaviləsi ilə texnik vəzifəsində işləmiş, hazırda bu şirkətin adı dəyişilərək Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialı olmuşdur. İşlədiyi müddət ərzində əmək haqqının hesablanmasında işəgötürən tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyi mütəmadi pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinə görə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi saatlıq tarif üzrə ən azı ikiqat hesablanmalı olsa da əlavə saatlara görə saatlıq əmək haqqının yarısı qədər əlavə maaş almışdır. Dənizdə görülən işlərə görə isə əmək haqqı iki dəfə az hesablanmışdır. Belə ki, cavabdeh şirkətlə aralarında bağlanılan əmək müqaviləsinə əsasən dənizlərdə görülən işlərin günlük tarifi sabit məbləğdə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən tam iş vaxtı həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır və gündəlik iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Dənizdə işlədiyi müddətdə o, hər gün 12 saat olmaqla işləmişdir. 8 saatlıq iş normasından sonra hər gün 4 saat işlədiyi iş üçün isə əlavə heç bir əmək haqqı almamışdır. Dənizdə işlədiyi müddət ərzində gündəlik əmək haqqı minimum iki dəfə az hesablanmışdır. Bu illər ərzində əmək haqqının düzgün hesablanmaması və onun külli miqdarda əmək haqqının ödənilməməsi onun maddi vəziyyətinin çətinləşməsinə, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində eləmək istədiyi zəruri fəaliyyətimin məhdudlaşdırılmasına səbəb olmuşdur. Qeyd etdiyi hesablamalarla bağlı cədvəldə hər ilin ayı üçün verilməli olan əlavə ödənişlər qeyd olunmuşdur. Cavabdeh1 şirkətində işlədiyi dövr ərzində cavabdeh şirkət tərəfindən yalnızca əmək haqqının qanunvericiliyin müəyyən etdiyi minimum hədlərini belə pozaraq hesablanması nəticəsində ona 38207.51 manat məbləğində ziyan dəymişdir. Cavabdeh şirkətin ona ödəməli olduğu əsas borcdan əlavə əldən çıxmış gəlir, bu illər ərzində inflyasiya, 2015-ci ilin fevral ayında manatın devalvasiyasının da nəzərə alınmasını ədalətli hesab edir. 2013- 2015-ci illər arasında olan dövrdə borc üzrə şirkət ona 10428.35 manat əsas əmək haqqı borcu ödəməlidir. Həmin məbləğ ABŞ dollarının o vaxtkı kursuna görə 13.369 ABŞ dolları təşkil edir. Həmin məbləği indiyə qədər şirkət ona ödəmədiyi üçün ABŞ dollarının manatla indiki məzənnəsini nəzərə (1 dollar - 1.7 manat) alınanda bu məbləğ 22728.4 manat təşkil edir. Bu zaman məlum olur ki, bu dövr ərzində ona dəyən maddi ziyan 12300.1 manat təşkil edir. Cavabdeh şirkətin qanuni əmək haqqını vaxtında ödəmədiyi və nəticədə həmin vəsaitlər onun sərəncamında olmadığı üçün qeyd etdiyi devalvasiyalar ilə əlaqədar manatın alıcılıq qabiliyyətinin kəskin itməsi nəticəsində ona ümumi olaraq 14947.48 manat məbləğində maddi ziyan dəymişdir. Ümumi olaraq isə həmin vəsaitlər onun yox, qeyriqanuni olaraq cavabdeh şirkətin sərəncamında olduğu üçün yalnız devalvasiyalar zamanı ona dəyən maddi ziyan da hesablanmaqla ona cəmi 53154.99 manat maddi ziyan dəymişdir. 2013-2015-ci illər ərzində əsas borc və əlavə gəlir itkiləri də nəzərə alınmaqla şirkət ona 58470.48 borcludur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(005)- 67/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından 43455,27 manat məbləğində ödənilməmiş əmək haqqının əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq 200 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunauyğun deyildir, məhkəmə qüsurlu ekspert rəyinə istinad etmişdir, iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyinə əhəmiyyət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarından aşağıdakılar müəyyən edilmişdir. 17 dekabr 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, “İşçi” İddiaçıla “İşəgötürən” Furmanit İnterneyşnl Limited” arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Texnik vəzifəsinə işə götürülmüşdür. Müqavilənin müddəti 14.01.2013-14.07.2013cü il tarixi əhatə edir. Müqavilənin 4-cü bəndinə əsasən işçinin gəlir vergisi tutulmamış aylıq əmək haqqı aşağıda göstərilənlərə əsaslanır: Sahil: Tarif 1 – 7 Azərbaycan manatı/saatı – saat 8.00-dan 18.00-a qədər Bazar ertəsindən Cüməyə kimi, Tarif 2 – 10.5 Azərbaycan manatı/saatı – saat 18.00-dan 24.00-a qədər Bazar ertəsindən Cüməyə kimi, Dəniz: Tarif 1 – 125.97 Azərbaycan manatı/günü – Bazar ertəsindən Cüməyə kimi Tarif 2 – 167.96 Azərbaycan manatı/günü həftəsonu. 03 iyul 2013-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “İşçi” İddiaçıla “İşəgötürən” Furmanit İnterneyşnl Limited” arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Texnik vəzifəsinə işə götürülmüşdür. Müqavilənin müddəti 15.01.2013-14.07.2014cü il tarixi əhatə edir. Müqavilənin 4-cü bəndinə əsasən işçinin gəlir vergisi tutulmamış aylıq əmək haqqı aşağıda göstərilənlərə əsaslanır: Sahil: Tarif 1 – 7 Azərbaycan manatı/saatı – saat 8.00-dan 18.00-a qədər Bazar ertəsindən Cüməyə kimi. Tarif 2 – 10.5 Azərbaycan manatı/saatı – saat 18.00-dan 24.00-a qədər Bazar ertəsindən Cüməyə kimi Dəniz: Tarif 1 – 125.97 Azərbaycan manatı/günü – Bazar ertəsindən Cüməyə kimi, Tarif 2 – 167.96 Azərbaycan manatı/günü həftəsonu. 02 iyul 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, “İşçi” İddiaçıla “İşəgötürən” Furmanit İnterneyşnl Limited” arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Texnik vəzifəsinə işə götürülmüşdür. Müqavilənin müddəti 02.07.2018-01.07.2019cu il tarixi əhatə edir. Müqavilənin 4-cü bəndinə əsasən işçiyə hər saatına görə GROSS 8.12 AZN/saat məbləğdə əmək haqqı ödənilir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli 2(005)- 244/2020 saylı qərardadı ilə 19.10.2020-ci il tarixdə Auditorlarlar Palatasına göndərilmiş, 14.12.2020-ci il tarixli məktubu ilə icra olunması üçün "xxxx" MMC-yə göndərilmiş qərardadın icrası ilə bağlı "xxxx" MMC tərəfindən auditor hesabatının nəticə hissəsindən görünür ki, son nəticədə cavabdehlər Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mühasibatlığından alınmış əmək haqqının ödəniş cədvəllərinə əsasən İddiaçı bayram, şənbə-bazar günlərinə görə 2013-cü 11333 manat, 2014-cü ildə 9785.9 manat, 2015-ci ildə 17147.88 manat, 2016-ci ildə 14575.8 manat, 2017-ci ildə 11507.08 manat, oktyabr 2018-ci ildə 6888.48 manat ümumilikdə “bayram və şənbə-bazar günləri” nəzərə alınmaqla 71238.14 manat əmək haqqı az hesablanmışdır. Əlavə hesablanmış ümumi əmək haqqından 3% =2137.14 manat ayırma, 15672.39 manat DSMF ayırma, 9973.34 ödəmə mənbəyindən vergi məbləği cəmi 27782.87 vergi (2137.14+15672.39+9973.34) büdcəyə ödənilməsi üçün hesablanmışdır. Qalan 43455.27 (71238.14-27781.87) manat məbləğdə əmək haqqı az hesablanması müəyyən olunmuşdur. Beləliklə son nəticədə əlavə hesablanmış ümumi əmək haqqından Vergilər Məcəlləsinin 101-ci maddəsinə əsasən 3% (2137.14 manat), DSMF-yə ayırma 22% (15672.39 manat), ödəmə mənbəyindən vergi məbləği hesablanaraq cəmi 9973.34 vergi məbləği 27781.87 (2431.74+15672.39+9973.34) çıxıldıqdan sonra büdcəyə ödənilməlidir. Qalan 43455.27 (71238.14-27781.87) manat məbləğdə İddiaçı az əmək haqqı hesablanması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4227 saylı, 08.04.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər təqdim edilmiş mülki iş materiallarında olan əmək müqavilələri, Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının mühasibatlığından alınmış əmək haqqının ödəniş cədvəlləri, o cümlədən 01.02.2021-ci il tarixli auditor hesabatındakı riyazi hesablamaların doğruluğunun hazırki ekspertiza ilə təsdiqini tapdığı nəzərə alınmaqla İddiaçı bayram, şənbə-bazar günlərinə görə 2013-cü ildə 11333 manat, 2014-cü ildə 9785.9 manat, 2015-ci ildə 17147.88 manat, 2016-cı ildə 14575.8 manat, 2017-ci İldə 11507.08 manat, 2018-ci ildə 6888.48 manat ümumilikdə "bayram və şənbə-bazar günləri” nəzərə alınmaqla 71238.14 manat əmək haqqı az hesablanmışdır. Əlavə hesablanmış ümumi əmək haqqından 3% =2137.14 manal ayırma, 15672.39 manat DSMF ayırma, 9973.34 ödəmə mənbəyindən vergi məbləği cəmi 27782.87 vergi (2137.14+15672.39+9973.34) büdcəyə ödənilməsi üçün hesablanmışdır. İddiaçı ödənilməli olan əmək haqqı 43455.27 (71238.14-27782.87) manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını və ekspert rəyini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, 43455,27 manat məbləğ iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmamışdır. İddiaçı 38207,51 manat ödənilməmiş əmək haqqı, əmək haqqının vaxtında ödənilməməsi və həmin vəsaitlər onun sərancamında olmaması, həmçinin 2015-ci ildə baş vermiş devalvasiyalar nəticəsində manatın alıcılıq qabiliyyətinin kəskin itməsi nəticəsində 14947,48 manat vurulmuş maddi zərər və şirkətin ödəməli olduğu 53154,99 manatın (38207,51+14947,48) 10% həcmində ödəniş (əldən çıxmış fayda) tutulmasını xahiş etmişdir. Məhkəmə iddianı yalnız əmək haqqı hissəsində təmin etmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehin nümayəndəsi bir neçə dəfə iddia müddətinin tətbiq edilməsi barədə ərizə versə də, məhkəmə həmin ərizəyə ümumiyyətlə heç bir qiymət verməmişdir. Halbuki iddiaçı əmək haqqını hər ayın sonunda almış və aldığı əmək haqqı məbləğindən məlumatlı olmuşdur, yəni ona əmək haqqının az ödənilməsi barədə iddiaçı hər ayın sonunda məlumatlı olmuş, lakin bunu vaxtında mübahisələndirməmişdir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məcəllənin 373-cü maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Eyni zamanda əmək mübahisələri ilə bağlı tələblər üzrə Əmək qanunvericilində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.4-cü maddəsinin tələbinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Qanunvericiliyin tələbindən görünür ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu tələblərlə bağlı işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində iddia qaldırmalıdır. İddiaçı 05.10.2018-ci il tarixdə işdən çıxmış və 18.09.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2013-2018-ci il dövr üzrə hesablama apararaq əsas borc və əlavə gəlir itkilərini tələb etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının tələbi qismən, işdən çıxdığı tarixdən əvvəlki bir il üzrə əsaslıdır, yəni 05.10.2017-05.10.2018-ci il dövr üçün ödənilməli olan məbləği tələb etməkdə haqlı olmuşdur, ondan əvvəlki dövlər üzrə iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçıya ödənilməli olan məbləğə aid hissədə isə Kollegiya qeyd edir ki, "xxxx" MMC-nin auditor hesabatına əsasən 2017-ci ilin oktyabr ayından 2018-ci ilin oktyabr ayına qədər olan dövr ərzində 9247,12 manat (oktyabr ayında 670,88 manat + noyabr ayında 931,76 manat + dekabr ayında 756 manat + yanvar ayında 373,52 manat + fevral ayında 1218 manat + mart ayında 0 manat + aprel ayında 1148 manat + may ayında 713,88 manat + iyun ayında 1060 manat + iyul ayında 1591,50 manat + avqust ayında 653,66 manat + sentyabr ayında 129,92 manat) əlavə əmək haqqı məbləği hesablanmamış və ödənilməmişdir. Həmin məbləğdən Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən 3% (277,41 manat) manat ayırma, 22% (2034,36 manat) DSMF-yə ayırma və 14% (1294,59 manat) ödəmə mənbəyindən vergi məbləği çıxılaraq büdcəyə ödənilməli olduğundan, qalan 5640,76 manat (9247,12 - 3606,36 (277,41+2034,36+1294,59)) iddiaçıya ödənilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı əmək müqaviləsi üzrə əmək haqqını “X3 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından almışdır. Belə ki, filial müvafiq Vöen əsasında fəaliyyət göstərərək xüsusi möhürə malikdir. Müqavilə həmin möhürlə imzalanmışdır. Mülki Məcəllənin 53.3-cü maddəsinə görə nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Hazırki işin hallarına görə isə iddiaçı əmək müqaviləsini “X3 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlamış və əmək haqqını da buradan almışdır. Ona görə də iddia tələbi “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından pulun tutulması hissəsində əsaslı hesab edilir. Qalan hissədə iddia tələbi təmin edilməməlidir. Əmək haqqı hissəsində iddia yalnız son 1 il üçün təmin edildiyindən, əvvəlk illər üçün maddi zərər və əldən çıxmış fayda tutulması yolverilməzdir. Sonuncu 1 il üçün isə iddiaçı həmin hissələrdə tələbini əsaslandıra, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-67/2021 saylı iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından 5640,76 manat məbləğində ödənilməmiş əmək haqqının əvəzi İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh “X2 (UK) Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialından tutularaq, 200 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar