Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9248/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı öhdəliyin xitamı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzili yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" ASC ilə borclu "xxxx" MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli, 1/183 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 manat məbləğində güzəştli kredit verilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə "ipoteka qoyan” İddiaçı adından etibarnamə əsasında hərəkət edən X4 ilə 15.08.2008-ci il tarixli, 1/183 B nömrəli ipoteka müqaviləsi bağlanmışdır. 15.07.2008-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Borclu "xxxx" MMC tərəfindən Ləğv prosesində olan Cavabdeh1 ASC-yə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə "xxxx" MMCnin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı şahid anasıdır. X1 03 oktyabr 2020-ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bir evi var o, da bankda ipoteka ilə yüklü edilmişdir. Borclu "xxxx" MMC tərəfindən 15 iyul 2008-ci il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmasına, müqavilənin son müddəti 15 iyul 2013-cü il tarixi olmasına və borclu tərəfindən 12 dekabr 2011-ci il tarixdə sonuncu ödəniş edilməsinə baxmayaraq ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən öhdəliyin icrası ilə əlaqədar heç bir tədbir görülməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində istifadədə olan 0.19278 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 9 mərtəbəli binada 73.33 kv.m ümumi, 42.63 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 49 nömrəli mənzilin yüklülükdən azad edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən İddiaçı Malik qızlnln iddia tələbini təmin edərək mənzilin yüklülükdən azad edilməsi barədə qətnamə qəbul etsə də, burada Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və qanunvericiliyin tələblərini nəzərə almamışdır. Bununla da maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, Mülki Məcelləsinin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin tətbiqi barədə ərizəni məhkəmə prosesi zamanı mübahisə tərəfi, yəni cavabdehlər, üçüncü şəxslər və digər tərəflər məhkəməyə təqdim edə bilər. Burada isə iddia müddətinin tətbiqi ilə iddia tələbi təmin edilən şəxs iddiaçıdır. Bununla da məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı səbəbləri barədə məhkəməyə məlumat vermədən məhkəmə iclasına gəlmədiyindən kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Eyni zamanda kollegiya qeyd edir ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı müddətin keçməsi nəticəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış 1/183 B nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus mənzili yüklülükdən azad edilməsini tələb etməkdə haqlıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, LPO Cavabdeh1 ASC ilə borclu "xxxx" MMC arasında bağlanmış 15.07.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 7 faiz dərəcəsi ilə 190.000 manat məbləğində güzəştli kredit verilmişdir. Borclu "xxxx" MMC tərəfindən LPO Cavabdeh1 ASC-yə sonuncu dəfə kredit ödənişi 12 dekabr 2011-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X2 tərəfindən 1500 manat məbləğində vəsait ödənilmişdir. Borclu "xxxx" MMC tərəfindən 15 iyul 2008-ci il tarixdə 60 ay müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin son müddəti 15 iyul 2013-cü il tarixi olmuş, borclu tərəfindən 12 dekabr 2011-ci il tarixdə sonuncu ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan maddə ümumi norma olmaqla öhdəliyə xitam verilməsinin yalnız ümumi əsalarını müəyyən edir. Birinci instansiya məhkəməsi isə bu maddəyə istinad edərək və iddia müddətinin keçməsi qənaətinə gələrkən səhvə yol vermişdir. Belə ki, Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə görə isə, müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi ipoteka müqaviləsi üzrə öhdəliyə xitam verilməsi və əmlakın yüklülükdən azad edilməsi ilə bağlı olduğundan bu tələbə yalnız qeyd olunan müddət (10 illik müddət) tətbiq oluna bilər. İş materiallarından göründüyü kimi ipoteka müqaviləsi bağlanarkən təminatı kimi çıxış etdiyi 15 iyul 2008-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonu - 15 iyul 2013-cü il tarixidir. Və mübahisə üzrə qanunvericiliklə müəyyən olunmuş 10 illik müddət keçmədiyi halda iddia tələbinin təmin olunması və öhdəliyə bu əsala xitam verilməsi əsassızdır. Göründüyü kimi, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9248/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9248/2021
24.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver